Məhkəmə qərarları › İş №2(103)-1224/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1224/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1224/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(004)-331/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5755 (beş min yeddi yüz əlli beş manat) manat əsas borcun, 1244 (min iki yüz qırx dörd) manat faiz borcunun, 2195,47 (iki min yüz doxsan beş manat qırx yeddi qəpik) manat cərimə borcunun, cəmi 9194,47 (doqquz min yüz doxsan dörd manat qırx yeddi qəpik) manat borc və 113 (yüz on üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)-331/2024 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5755 (beş min yeddi yüz əlli beş manat) manat əsas, 1242,92 (min iki yüz qırx iki manat doxsan iki qəpik) manat faiz, 575,5 (beş yüz yetmiş beş manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 7573,42 (yeddi min beş yüz yetmiş üç manat qırx iki qəpik) manat borc və 95,73 (doxsan beş manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün müddətin üzürlü səbəbdən buraxıldığının nəzərə alınması və müddətin bərpa edilərək apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(004)-331/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)-331/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh2 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili X2 şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(004)-331/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni 23 oktyabr 2024-cü il tarixdə rəsmən almış və poçt zərfində bu tarix əkus olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(004)-331/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)-331/2024 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər ikisi üçün onların qeydiyyatda olduqları ünvan 1 ünvanına göndərilmiş, qətnamə həmin ünvandan SX011125845AZ seriyalı sifarişli poçt qəbzinə əsasən 27 iyul 2024-cü il tarixdə alınmışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ər-arvad olmaqla, eyni ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Bundan əlavə Cavabdeh2 kredit müqaviləsi üzrə borc götürən, Cavabdeh1 isə onun öhdəliyinə görə zamin olan şəxsdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024cü il tarixli, 2(004)-331/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixində cavabdehlər Cavabdeh2 tərəfindən qəbz imzalanmaqla götürülsə də, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliyin müəyyən etdiyi 1 aylıq müddəti ötürmüş, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə müraciəti əsasında yenidən göndərilmiş qətnamənin onun tərəfindən 23 oktyabr 2024-cü il tarixdə alınması müddətin bərpasının üzürlü səbəbi hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, cavabdeh məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi). Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki,qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddət heç bir üzürlü səbəb olmadan ötürülmüş, cavabdeh tərəfindən ərizədə göstərilmiş hallar müddətinin ötürülməsinin üzürlü səbəbi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(004)-331/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar