Məhkəmə qərarları › İş №2(103)-12240/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12240/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12240/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3802/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10944.7 manat məbləğində əsas borc və 2155.29 manat faiz borcu olmaqla, ümumilikdə 13099.99 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq "Expressbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3802/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, Cavabdeh 10944.7 manat məbləğində əsas borc və 2155.29 manat faiz borcu olmaqla, ümumilikdə 13099.99 (on üç min doxsan doqquz manat, doxsan doqquz qəpik) manat borc və 30.4 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3802/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 01.12.2021-ci il tarixdə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3802/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi rəsmi olaraq cavabdehə poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh qətnaməsinin surətini xəbərnaməyə əsasən, 26 oktyabr 2021-ci il tarixdə imza etməklə rəsmi qaydada əldə etmişdir. Lakin, apellyasiya şikayəti məhkəməyə 01.12.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi apellyator apellyasiya şikayətini 29.11.2021-ci il tarixədək məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, apellyasiya şikayəti verilməsi üçün müddəti üzürsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129-cu maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3802/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar