Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1225/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, 09.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 1034,24 ABŞ dolları, faiz borcu kimi 1.883,86 ABŞ dolları, cərimə kimi 50 ABŞ dolları, borcun qaytarılmasının gecikdirilməsinə görə faiz borcu kimi 146,02 ABŞ dolları, cəmi 3.114,12 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. İddianın qalan hissəsi təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyaisya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında bağlanmış 09.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabehə 5.400 ABŞ dolları məbləğində kredit verib. Kredit 30 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 22 faiz müəyyən edilib. İddiçının təqdim etdiyi sübutlardan müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə 25.02.2021-ci il tarixində cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu var. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, onun banka yalnız 1.034,24 ABŞ dolları məbləğində əsas borcu qalıb, faiz borcu qalmayıb. Belə ki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq onun banka olan borcu kompensasiya edilib. Apellyasiya icraatı zamanı bankın təqdim etdiyi arayışdan müəyyən olunur ki, həmin Fərmana uyğun olaraq 5.123 manat kompensasiya borcun azaldılmasına yönəldilib. Hazırda tələb olunan borc qalıq borcdur. Cavabdeh qalıq borcu ödəmədiyinə görə müvafiq olaraq faizlər hesablanıb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1225/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1225/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver