Məhkəmə qərarları › İş №2(103)-1225/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1225/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1225/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər: alimentin artırılması, uşağın atanın yanında saxlanması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1071/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X2 anası İbadova (Məmmədova) Səidə Əziz qızının (bundan sonra – iddiaçı) yanında saxlanılmış və həmin vaxtdan 2023-cü ilin aprel ayınadək anası ilə yaşamışdır. İddiaçı 2023-cü ilin aprel ayında Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində birinci katib vəzifəsinə təyin olunmuş və işi ilə əlaqədar ölkədən getmək məcburiyyətində qalmışdır. Ana ölkədən gedərkən Cavabdeh (bundan sonra – cavabdeh) uşağın ana ilə getməsinə icazə verməmiş, uşaq ana nənəsi ilə qalmış, sonradan cavabdeh uşağı nənədən alaraq öz yanında saxlamışdır. İddiaçı uşağın atanın razılığı olmadan ölkədən aparılmasına icazəyə dair tələblə məhkəməyə müraciət etmiş, həmin iş üzrə icraat hazırkı işə görə dayandırılmışdır. Ana ölkəyə qayıdan gündən uşaq ata tərəfindən anaya qaytarılmış və ana ölkədən gedənədək onun yanında qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın yetkinlik yaşına çatanadək 300 manat sabit pul məbləğində, həmçinin cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir.

4. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək uşağın atanın yanında saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci katib vəzifəsinə təyin edilmiş və Pekin şəhərinə ezamiyyətə göndərilmişdir. Yəni, iddiaçı Çin Xalq Respublikasına müvəqqəti getməmiş, həmin ölkəyə işləmək üçün uzun müddətli ezam olunmuşdur. Hal-hazırda da Pekin şəhərindədir. İddiaçı ezamiyyəti ilə əlaqədar olaraq Çin Xalq Respublikasına getdiyi üçün 09 aprel 2023-cü il tarixdən etibarən uşaq onunla birlikdə yaşamaqdadır. Uşağın atası, hər iki nənəsi, dayısı və digər qohumları hamısı Azərbaycan Respublikasında yaşamaqdadır. Uşağın tək anası ilə Çin Xalq Respublikasında yaşaması onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Uşaq məhkəmə qaydasında ananın yanında saxlanılmasına baxmayaraq, hazırda atasının yanında qalır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3246/23 saylı iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) ilkin və qarşılıqlı iddia təmin edilməmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, atanın uşaqla ünsiyyət hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilmiş dörd yaşlı uşağın ananın başqa ölkədə işləməsi əsası ilə anadan alınması üçün tutarlı əsas kimi qəbul edilə bilməz. Ata ilə uşağın ünsiyyət qaydasının tənzimlənməsi ayrıca məhkəmə araşdırılmasının predmeti ola bilər. 2023-cü ilin aprel ayından uşağın ehtiyaclarını ata qarşılayır. Belə olan halda ananın xx.xx.2023-cü ilin may ayında alimentin artırılması ilə bağlı müraciət etməsi ağlabatan deyil. Ailə Məcəlləsinin aşağıda istinad edilən normasına əsasən, ilk iddia üzrə iddiaçının xeyrinə hazırkı vəziyyətdə alimentin dəyişdirilməsi üçün hər hansı qanuni əsasın olması iş materialları ilə öz təsdiqini tapmır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 60, 61, 112-ci, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-5, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddələri, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 saylı qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianını rədd olunması hissəsində ləğv olunmasını, qarşılıqlı iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasında yaşadığı müddətdə o, uşağın ananın yanında qalmasına etiraz etməmişdir. Valideynlər arasında razılığın pozulma səbəbi iddiaçının işi ilə əlaqədar xarici ölkəyə getməsi olmuşdur. O, ata olaraq uşağın onun yanında böyüməsini,öz vətənində milli dəyərlərə uyğun olaraq tərbiyə alması arzusundadır. O, ata olaraq hesab edir ki, uşağın ondan kənarda, kifayət qədər uzaq olan, fərqli bir mədəniyyətə sahib bir ölkədə yaşaması, orada böyüməsi uşağın mənafeyinə ziddir. Birinci instansiya məhkəməsi ananın mövqeyindən hərəkət etmiş, uşaq və atanın mənafeyi nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

14. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

15. Maddə 60. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

16. Maddə 61. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

18. Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.

20. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 saylı qərarı -uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir.

21. Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən qarşılıqlı iddianın rədd olunması hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşağın anadan alınaraq ataya verilməsini məqsədəuyğun saymamışdır.

26. Apellyasiya şikayətinin dəlilləri ananın işi ilə əlaqədar xarici ölkəyə getməsi, uşağı da özü ilə aparmağın onun mənafeyinə zidd olması ilə bağlıdır. Kollegiya nəzərə alır ki, həmin dəlillər hazırkı məhkəmə mübahisəsinin deyil, uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılması ilə bağlı iddiaya etirazın əsasını təşkil edə bilər. Baxılan iş üzrə göstərilən dəlillər uşağın ananın himayəsindən alınması üçün əsas deyildir. Kollegiya onu da qeyd edir ki, uşaq hazırda atasının himayəsində yaşayır və ana bu halı mübahisələndirmir. İşin hallarından və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatından da görünür ki, iddiaçı uşağı da özü ilə işlədiyi dövlətə aparmaq arzusunda olmuş, lakin cavabdehlə bu məsələdə razılıq əldə edilməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının hazırkı vəziyyəti, yəni əmək fəaliyyəti ilə əlaqədar xarici ölkəyə ezam olunması və bunun müvəqqəti xarakter daşıması, atanın uşağı ölkə xaricinə çıxarmağa mane olması) onun əleyhinə istifadə edilməməli, uşağın anadan alınması ilə nəticələnməməlidir.

27. Məhkəmə kollegiyası eyni zamanda müəyyən etdi ki, tərəflər arasında uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Bununla bağlı İddiaçı tərəfindən Cavabdeh qarşı hər hansı maneçilik törədilməmişdir. Hazırkı mübahisə ananın uşağı özü ilə birlikdə ölkə hüdudlarından kənara çıxarmaq istəməsi və atanın buna razılıq verməməsi ilə bağlı yaranmışdır.

28. Apellyasiya baxışı zamanı apelyatorun nümayəndəsi tərəfindən məhkəmə psixoloji ekspertizası təyin olunması barədə vəsatət verilsə də, Məhkəmə kollegiyası bunun üçün hər hansı əsas müəyyən etmədiyindən vəsatəti təmin etmədi.

29. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar