Məhkəmə qərarları › İş №2(103)-1227/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1227/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1227/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7148/2021 saylı, 12 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 7.167,28 manat məbləğində əsas borcun, 52,2 manat məbləğində faiz borcunun, cəmi 7.219,48 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7148/2021 saylı, 12 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, FR/90033/72 saylı kredit müqaviləsinə əsasən ona 5000 (beş min) AZN manatı kredit ayrılmışdır. Üzərimə düşən öhdəlikləri vaxt-vaxtında icra edirdi. Sadəcə Covid-19 xəstəliyinə tutulmağı və xəstəliyi ağır keçirməyi səbəbindən (şəkər xəstəliyindən əziyyət çəkir) son ödənişləri edə bilməmişdi. Bu barədə banka məlumat verdi, onlar bildirdilər ki, yoluxmağın barədə sənəd gətir adına olan faiz və gecikməni silək, növbəti aydan ödəniş etməyə davam edərsən. Razılaşdığı kimi etməyinə baxmayaraq, bank ona qarşı məhkəmədə iddia irəli sürmüşdür. Halbuki, bank özü ona vaxt vermişdir. Kreditor əgər borcluya vaxt verirsə, bu öhdəliyin gecikdirilməsi sayılmır. Bank məhkəməyə müraciət etməzdən əvvəl ona pretenziya məktubu göndərməmişdir. Bundan əlavə, bank hazırda tələb etdiyi məbləğ 2014-cü ildə götürdüyü kreditin əsas borcu, faiz və cəriməsi ilə birlikdə hesablamışdır. Sonradan problemli kreditə düşdüyünə görə faiz və cərimə silinmiş, qalan 5000 manata uyğun yeni güzəştli müqavilə bağlanmışdır. İndi isə bank ilkin müqaviləyə əsasən ayrılmış kreditə və ona hesablanmış faiz və cərimələri də tələb edir. Birinci instansiya məhkəməsi onun iştirakını təmin etməmiş, yalnız məhkəmə qətnaməsi çıxandan sonra məlumatı olmuşdur. Birinci instansiya məhkəməsi kredit müqaviləsini ləğv etməkdə əsas kimi onun tərəfindən öhdəliyin pozulmasını göstərmişdir. Halbuki, Covid-19 xəstəliyinə yoluxduğu üçün kreditor özü vaxt vermişdir ki, bu da gecikmə, yəni öhdəliyin pozulması sayılmır. Hesab edir ki, iddiaçı ilə olan kredit müqaviləsi ləğv edilməməlidir. Etdiyi ödənişlərin hamısı nəzərə alınmamışdır. Məhkəmə bunları nəzərə almamaqda yalnız kredit müqaviləsinin mövcud olmasını əsas gətirmişdir. Halbuki həmin müqavilədə 7.167,28 manat deyil, 5000 manat kredit ayrılmışdır. İddiaçı tərəfindən ödənişlərin hamısının nəzərə alınmamasına, ilkin olaraq cərimə və faizləri çıxılmasına, ödədiyi məbləğlərin ümumiyyətlə əsas borca aid edilməməsinə əhəmiyyət verilməmişdir. İddiaçı ASC tərəfindən verilmiş və elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş ərizədə işlərinin çox olması ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilib apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, FR/90033/72 saylı güzəştli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, FR/90033/72 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, FR/90033/72 saylı güzəştli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1 % dərəcəsi ilə 7.172,08 manat məbləğində kredit verir, kredit alan bu müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri müqavilənin ayrılması hissəsi olan ödəniş cədvəlinə əsasən nağd və köçürmə yolu ilə banka ödəməyi öhdəsinə götürür, güzəşt müddəti ərzində kredit alandan yalnız kreditə görə hesablanmış faizlərin ödənilməsi tələb edilir. Kredit alan həmin dövrdə öz mülahizəsinə görə, həm də əsas kredit məbləğini ödəyə bilər. Kredit məbləğinin ilk ödəniş tarixi 14 yanvar 2020-ci il, son ödəniş tarixi isə 16 dekabr 2024-cü ildir. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan 02 avqust 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə banka olan borcunu 3 günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı ASC-nin 31 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehin banka 7.167,28 manat əsas, 52,2 manat faiz borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin bu hissədə də iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh kredit müqaviləsinə əsasən ona 5000 (beş min) manatı kredit ayrıldığını bildirsə də bu dəlil işdə olan 14 dekabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi, ödəniş cədvəli və pulun cavabdehə ödənilməsinə dair ödəniş tapşırığına dair qəbzlərlə təkzib edilir. Çünki, o, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara, eləcə də apellyasiya şikayətində göstərdiklərinə dair heç bir sübut təqdim etməmişdir. Göstərdiyi bu halları sübut etmək yükü isə onun üzərinə düşür. İkincisi, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşlar. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.... Üçüncüsü, birinci instansiya məhkəməsinin onun iştirakını təmin etməməsi barədə dəlil də əsaslı sayıla bilməz. Çünki, məhkəmə tərəfindən ona sifarişli poçt vasitəsilə məhkəmə bildirişi və SMS bildiriş göndərilmişdir. Bildirişlər ona çatsa da üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Bu hal isə onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7148/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar