Məhkəmə qərarları › İş №2(103)-12278/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12278/2019

08.11.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12278/2019 08.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabehlərin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2428/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evdən istifadə hüququna xitam verilməsi və əşyaların evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə əlavə etdiyi aktda göstərilən əşyalarının Bakı şəhəri, Nəsimi rayonu,Süleyman Rüstəm küçəsində yerləşən 9 nömrəli evin 18 nömrəli mənzilindən onların öz hesabına çıxarılmaları və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2428/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəliləri: Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, mənzil satılarkən Cavabdeh1 mənzilə istifadə hüququna xitam verilməsi barədə razılıq verməmiş, mənzil iddiaçıya satılarkən onun istifadə hüququ saxlanıldığından iddiaçı mənzili yüklü qəbul etmişdir. Məhkəmə işin bu hallarının araşdırılması üçün notariat işini tələb etməli idi, lakin məhkəmə işlə bağlı bu halları hərtərəfli araşdırmamışdır. Bundan əlavə, mənzildən əşyaların çıxarılması barədə iddiaçı əvvəlcə onlara müraciət etməli, sonra məhkəməyə müraciət etməli idi, lakin iddiaçı pretenziya qaydasına əməl etmədən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, qətnamənin qismən ləğv edilərək, Cavabdeh1 münasibətdə istifadə hüququna xitam verilməsi hissədə iddia tələbinin təmin edilməməsi, mənzildən əşyaların çıxarılması hissəsində isə iddianın baxılmamış saxlanılması və həmin hissədə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili V.Məmmədov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, mənzil satılarkən Cavabdeh1 yalnız mənzilin satılmasına razılıq verib, bu səbəbdən onun mənzilə olan istifadə hüququ saxlanılıb, iddiaçı isə mənzili yüklü qəbul etmişdir, Cavabdeh1 istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. Bu səbəbdən, iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, həmin mənzili 2015-ci ildə almış, cavabdehlər 6 ay ərzində çıxacaqlarını bildirmiş, lakin vədlərinə əməl etməmiş, qüvvədə olan məhkəmə aktı olduğunu, eyni zamanda cavabdeh G.Abdıyevanın istifadə hüququna xitam verilməsi barədə razılıq ərizəsinin olduğunu bildirdi. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 9 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Müli iş materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)- 4062/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh2 İddiaçı qarşı «alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab olunması və s.» tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 9878/2017 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-4062/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ilk iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda olan mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, Cavabdeh2 oğunun İddiaçı qarşı «İddiaçı tərəfindən ona verilmiş 200.000 manat məbləğində pulun borc məqsədi ilə verilməsinin müəyyən olunması, onunla İddiaçı arasında bağlanmış Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 9 nömərli evin 18 nömrəli mənzilinə dair reyestrdə 4Ə-72 nömrəsi ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli xx xxxx 2015-ci il tarixli alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab olunması» barədə qarşılıqlı iddiası rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1634/2018 saylı qərarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-9878/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Hazırkı işə apellyasiya qaydasında baxılan zaman arxivdən tələb edilmiş 2(103)- 9878/2017 saylı mülki işin 11-ci səhifəsində olan iş üzrə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ərizənin surətindən məlum olur ki, o, qardaşı Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin satılmasına etiraz etmir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, cavabdehlər birlikdə apellyasiya şikayəti versələr də, şikayətlərində qətnaməni yalnız Cavabdeh1 münasibətdə mübahisələndirmiş, digər Cavabdeh2 münasibətdə isə mübahisələndirməmişlər. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin Cavabdeh1 münasibətdə olan hissəsində tam yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi ona münasibətdə rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-9878/2017 saylı qətnaməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən istinad etdiyi məhkəmə aktları Cavabdeh1 istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilməz. Belə ki, həmin məhkəmə mübahisələrində Cavabdeh1 mənzilə istifadə hüququna xitam verilməsi və ya itirilməsi müzakirə predmeti olmamış, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 mənzili iddiaçıya satmaqla mənzilə olan mülkiyyət hüquqlarını itirsə də, Cavabdeh1 həmin mənzilə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. İddiaçı da bunu nəinki mübahisələndirmir, əksinə istifadə hüququnun olmasını təsdiq edir və ona xitam verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcələsinin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Həmin məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, Cavabdeh1 mənzilin özgəninkiləşdirilməsi zamanı razılıq ərizəsi vermişdir. Hazırkı işə apellyasiya qaydasında baxılan zaman arxivdən tələb edilmiş 2(103)- 9878/2017 saylı mülki işin 11-ci səhifəsində iş üzrə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ərizənin surətindən məlum olur ki, o, qardaşı Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin satılmasına etiraz etmir. Həmin ərizədən məlum olur ki, Cavabdeh1 yalnız mənzilin satılmasına razılıq vermiş, öz üzərinə başqa bir öhdəlik götürməmişdir. Bu halda, Kollegiya hesab edir ki, Cavabdeh1 istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq olunmaqla, müvafiq kompensasiya verilməklə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırda isə, iddiaçı cavabdeh G.Abdıyevaya qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürsə də, ona müvafiq kompensasiya təklif etməmişdir. Belə olan halda aydın olur ki, onun iddiası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin dispozitiv şərtləri baxımından təmin oluna bilməz. Bundan başqa, Məhkəmə Kollegiyasının araşdırmaları nərticəsində məlum olmuşdur ki, birinci instaniya məhkəməsi tərəfindən qətnamənin qeyd-şərtsiz ləğv edilməsinə səbəb olan başqa pozuntuya da yol verilmişdir Belə ki, iddia ərizəsindən məlum olur ki, iddiaçı cavabdehlərin “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi irəli sürmüşdür (i/v 2). Mülki işin materiallarından görünür ki, rayon məhkəməsində hazırkı işə baxılarkən yalnız cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi tələbi araşdırılmış və ona baxılmışdır. Bununla belə, məhkəmə qətnaməsinin nəticə hissəsində cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi yox, cavabdehlərin mənzilə olan istifadə hüququnun itirilməsi qət edilmişdir. Halbuki, iddiaçı tərəfindən belə tələb verilməmiş, məhkəmədə də belə bir tələbə baxılmamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, istifadə hüququnun “itirilməsi” ilə istifadə hüququna “xitam verilməsi” tamamilə fərqli tələblər olmaqla, onların hər biri fərqli əsaslara söykənir və fərqli nəticələr doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar göstərilmişdir ki, onlardan biri də, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəsinin işin hallarına uyğun gəlməməsidir (maddə 385.1.4). Beləliklə, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iddia tələbləri Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi ona münasibətdə rədd edilməlidir. İddiaçıya Cavabdeh1 qarşı müvafiq kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məcəllənin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2428/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsi qismən, Cavabdeh1 aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilsin. İddiaçıya Cavabdeh1 qarşı müvafiq kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar