Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-123/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliklərin lazımi qaydada icra edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-527/2023 saylı, 5 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 53-xx-xx- 2017-ME-FE saylı kredit müqaviləsinə əsasən borcverən "xxxx" ASC borcalan Cavabdeh1 ilə bağlanmış 05 sentyabr 2017-ci il tarixli 001300 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 102636 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 MTK arasında 05 sentyabr 2017-ci il tarixli 53-xx-xx-2017-ME-FE saylı zaminlik müqavilələrinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər.
3. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh1 əvəzinə X4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyana məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə çıxarış verilmişdir.
4. "xxxx" ASC-nin maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 53-xxxx-2017-ME-FE saylı kredit müqaviləsi üzrə borcu əsas borc 91520,99 manat, faiz borcu 9668,35 manat olmaqla, cəmi 101189,34 manat təşkil edir.
5. İşin birinci instansiya məhkəməsində baxışı zamanı alınmış "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, 3166-cı məhəllə, bina C, 4 saylı mənzilin bazar dəyəri 145000 manat və likvid dəyəri 130000 manat təşkil edir.
6. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/68xx-xx/6559/2024 nömrəli 03 aprel 2025ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, 3166-cı məhəllə, bina C, blok 1, 4-cü mərtəbə, 4 saylı, 2 otaqlı (təmiri orta vəziyyətdə olan) mənzilin hazırki ota bazar qiymətlərinə uyğun ümumi dəyəri təxminən 177590,00 manat (69,1 m2 x 2570) məbləğində, likvid dəyəri isə təxminən 159830,00 manat (177590,00-10%) manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 91.520,99 manat, faiz borcu üzrə 15.403,66 manat olmaqla, cəmi 106.924,65 manat borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutulması, 53-xx-xx- 2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzilin ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və ədə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzil ünvanında yerləşən daşınmaz əmlakdan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və ödənilmiş 396,92 manat dövlət rüsumu və 0,99 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 221 ay müddətinə, 8 faiz dərəcəsi ilə 102.636 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME-FE saylı zaminlik müqavilələri imzalanmışdır. 53xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzil ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Yuxarıda adı çəkilən 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 91.520,99 manat, faiz borcu üzrə 9.668,35 manat olmaqla, cəmi 101.189,34 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 392,4 manat dövlət rüsumu və 0,59 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə xx.xx.2022-ci il tarixində 22- 9470/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-527/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 91.520,99 manat, faiz borcu üzrə 15.403,66 manat olmaqla, cəmi 106.924,65 (yüz altı min doqquz yüz iyirmi dörd manat 65 qəpik) manat borc məbləği və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45 (qırx altı manat 45 qəpik) manat dövlət rüsumunun və xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutulması; 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzilinə yönəldilərək ilkin satış (likvid) qiyməti 130.000 (yuz otuz min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi; satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan tutulması; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzil ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehin mənzildən çıxarılması və mənzilin boşadılması; iddiaçı tərəfindən ödənilmiş 396,92 manat dövlət rüsumu və 0,99 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Məhkəmə məhkəmə iddia tələbinin əmlakdan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan "xxxx" ASC-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 319.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1 və 472.1-ci maddələrinə; “İpoteka haqqında” AR Qanununun 33, 39.3, 39.3.3 və 59.3.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bankdan götürdüyü krediti 2017- 2021-ci ilin axırına kimi hər ay 900 manat ödəmiş, sonra maddi vəziyyəti çətinləşdiyi üçün həmin krediti ödəyə bilməmişdir. Ona məhkəmə əsassız olar yüksək faiz hesablamışdır. O, bununla razı deyil, faiz borcu onun adından silinməlidir. Bundan başqa hesab edir ki, kredit borcu, faiz borcu iddiaçı tərəfindən şişirdilmiş, yüksək rəqəm göstərilmişdir, o, bununla razı deyil, hesab edir ki, kredit borcu yenidən mütəxəssis, ekspert tərəfindən hesablanmalıdır, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxaraq ədalətsiz qətnamə qəbul edmişdir. Məhkəmə ona bildiriş göndərməmiş və onu məhkəmə iclasına dəvət etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(004)-6292/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza təyin edilərkən ekspertizanın keçirilməsi Ekspertiza Mərkəzinə deyil, hansısa tanımadığı, bilmədiyi özəl "xxxx" MMC-yə həvalə edilmişdir. Nəticədə özəl həmin MMC obyektiv qiymətləndirmə aparmamış, qeyri-obyektiv rəy vermiş və xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, 3166-cı məhəllə, bina C, 4 saylı mənzilni guyaki, bazar dəyəri 145.000 manat və likvid dəyəri 130.000 manat təşkil etməsini yazmışdır. Bu düzgün rəy deyil, həmin mənzilin hal-hazırki dəyəri qat-qat yüksəkdir. Yəni, hal-hazırda həmin küçədə təmirsiz 2 otaqlı mənzil 163.000 manat təşkil edir. Təmirli 2 otaqlı mənzil isə 170.000 manat təşkil edir. Ona görə də hesab edir ki, işin obyektiv həlli naminə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə həvalə edilməlidir.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olumasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiaz edərək təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bununla belə nəzərə alınmalıdır ki, Cavabdeh1 verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə almadan və iş üzrə hərtərfli araşdırma aparmadan qətnamə qəbul etdiyinə istinadən mübahisələndirilən qətnamə ilə kredit müqaviləsi üzrə yaranmış borcun düzgün hesablanmaması, həmçinin ipoteka predmeti olan əmlakın likvid qiymətinin düzgün müəyyən edilməməsindən narazıdır. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin yuxarıda qeyd edilən hissələrin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 24.317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 25.319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 26.319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 27.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 30.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
31. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 32.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 33.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 34.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 35.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 36.460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 37.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun
38.33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. 40.39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 41.39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
42.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 43.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 44.Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (58-ci maddə).
45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilməlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bununla belə nəzərə alınmalıdır ki, Cavabdeh1 verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə almadan və iş üzrə hərtərfli araşdırma aparmadan qətnamə qəbul etdiyinə istinadən mübahisələndirilən qətnamə ilə kredit müqaviləsi üzrə yaranmış borcun düzgün hesablanmaması, həmçinin ipoteka predmeti olan əmlakın likvid qiymətinin düzgün müəyyən edilməməsindən narazıdır.
48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir.
49. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 53-xxxx-2017-ME-FE nömrəli kredit müqaviləsinə əsasən bank 221 ay müddətinə illik 8% olmaq şərtilə 102.636 manat xx.xx.2017-ci il tarixli 001300 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün kredit verməyi, cavabdeh isə kreditdən məqsədli istifadə eməklə müəyyən edilmiş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixə, 91.520,99 manat əsas borcu, 9.668,35 manat faiz borcu olmaqla, cəmi 101.189,34 manat məbləğində borcu yaranmışdır.
50. Həmçinin cavabdeh-borc alanın xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME-FE nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdehlər – zaminlər Cavabdeh3 və Cavabdeh2 MTK borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir.
51. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzil kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
52. Beləliklə də, hazırda cavabdehin müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilir. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borc verənin kredit verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir.
53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.
54. Bununla belə kollegiya iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME- FE nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 pretenziya bildirişinin çatdırıldığı tarix – xx.xx.2022-ci il tarixə və iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu tarix – xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun nə qədər təşkil etdiyi barədə rəy verilməsi xahiş edilmişdir.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10133 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME-FE nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə pretenziya bildirişinin çatdırıldığı tarix – xx.xx.2022-ci il tarixə əsas borcunun 92.131,54 manat, faiz borcunun 6.498,17 manat təşkil etdiyi müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Nəzərə alınsa ki, Bank tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam vermək niyyətində olduğunu xx.xx.2022-ci il tarixində (pretenziya bildirişinin çatdırıldığı tarix) müvafiq qaydada məktub göndərməklə bildirmişdir, müqaviləyə həmin tarixdə xitam verilmiş müəyyən edilməli, annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) isə kredit müqaviləsinin qüvvədə olma müddətinə xitam verilənədək mövcud olmuş məbləğdə tutulmalıdır.
57. Məhkəmə kollegiyası baxmayaraq ki, ekspert rəyi ilə bankın-kreditorun Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi barədə birtərəfli iradə ifadəsini bildirdiyi tarixə müqavilə müddəti üçün hesablanmış əsas borcun məbləği (92.131,54 manat) iddia ərizəsində qeyd ediləndən daha yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, birinci instansiya məkəməsi cavabdehlərdən əsas borc üzrə 91.520,99 manat məbləğində pul tutmaqla haqlı olmuşdur. Həmçinin ekspert rəyi ilə borclunun faiz borcu 9.668,35 manat deyil, 6.498,17 manat məbləğində müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, faiz borcu olaraq cavabdehlərdən ekspert rəyinə əsasən müəyyən edilmiş, yəni borclunun xx.xx.2022-ci il tarixədək (pretenziya bildirişinin çatdırıldığı tarixədək) yaranmış məbləğdə pul tutulmalıdır.
58. Bundan başqa Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir.
59. Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur.
60. Əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti bazar deyil, likvid dəyəri ilə müəyyən olunmalıdır.
61. İşin apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/68xx-xx/6559/2024 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 192, 3166-cı məhəllə, bina C, blok 1, 4-cü mərtəbə, 4 saylı, 2 otaqlı (təmiri orta vəziyyətdə olan) mənzilin hazırki ota bazar qiymətlərinə uyğun ümumi dəyərinin təxminən 177.590,00 manat (69,1 m2 x 2570) məbləğində, likvid dəyərinin isə təxminən 159.830,00 manat (177.590,00-10%) manat məbləğində olduğu müəyyən edilmişdir.
62. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iş üzrə tərtib olunmuş rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/68xx-xx/6559/2024 nömrəli rəyin məzmunu əvvəlki rəyin məzmununa uyğundur, nəticələr arasında yaranmış fərq isə, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəlidir.
63. Beləliklə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-527/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi “faiz borcu üzrə müəyyən edilmiş məbləğ” və “ipoteka predmeti olan əmlakın likvid qiyməti” hissələrində dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME-FE nömrəli kredit müqaviləsinə əsasən yaranmış faiz borcu üzrə 6.498,17 manat məbləğində pul tutulmalı; 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzilinin ilkin satış (likvid) qiyməti 159.830 manat məbləğində müəyyən edilməlidir.
64. Habelə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 392,99 manatın 381 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan tutularaq "xxxx" ASC-yə, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 199 manatın 6 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Cavabdeh1, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manatın 4 manatı "xxxx" ASC-dən, 146 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manatın 3 manatı "xxxx" ASC-dən, 97 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 65.Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 66.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-527/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi “faiz borcu üzrə müəyyən edilmiş məbləğ” və “ipoteka predmeti olan əmlakın likvid qiyməti” hissələrində dəyişdirilsin. İddia bu hissələrdə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən xx.xx.2017-ci il tarixli, 53-xx-xx-2017-ME-FE nömrəli kredit müqaviləsinə əsasən yaranmış faiz borcu olaraq 6.498,17 məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. 53-xx-xx-2017-ME-FE nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192, 3166-cı məhəllə, bina C, blok 1, mərtəbə 4, ümumi sahəsi 69.1 kv.m ibarət 2 otaqlı 4 nömrəli mənzilinin ilkin satış (likvid) qiyməti 159.830 manat məbləğində müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 392,99 manatın 381 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 199 manatın 6 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Cavabdeh1 ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manatın 4 manatı iddiaçı "xxxx" ASC-dən, 146 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manatın 3 manatı iddiaçı "xxxx" ASC-dən, 97 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev