Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1230/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2012-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Qanuni nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki övladları var: xx.xx.2005-ci il təvəllüdlü Röya və xx.xx.2009-cu il təvəllüdlü Şirvanə. İddiaçı cavabdehə məxsus (mübahisəli) mənzilə köçmüş və cavabdehlə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. İddiaçı cavabdehdən dəfələrlə xahiş etmişdir ki, onu yaşayış yeri üzrə mənzilə qeydiyyata aldırsın, lakin cavabdeh hər dəfə bundan yayınmış və nəticə də iddiaçı, formal olaraq Göyçayda qeydiyyatda qalmışdır. Məhz bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin arvadı olaraq yaşadığından iddiaçının həmin mənzilə istifadə hüququ yaranmışdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzili iddiaçı ilə nikaha daxil olmazdan əvvəl xx.xx.1999-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Cavabdeh 2004-cü ildə ailə quraraq iddiaçının valideynlərinin ünvan 2 ünvanında yerləşən evində yaşamışdır. 2012-ci ildə cavabdeh iddiaçıdan faktiki ayrılmışdır və iddiaçı uşaqları ilə birgə öz valideynlərinin Göyçay rayonu, Natəvan küçəsində yerləşən evinə köçmüşdür. İddiaçı mənzili tərk edərkən qızıl-zinət əşyalarını və cavabdehə məxsus şəxsi sənədləri, o cümlədən mübahisəli mənzilə dair mülkiyyət sənədlərini də gizli şəkildə özü ilə aparmışdır. Həmin il cavabdeh Rusiya Federasiyasına getmiş və 2022-ci ildə iddiaçıya olan aliment borcuna görə mübahisəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün sənədləri hazırlayarkən cavabdehə məlum olmuşdur ki, iddiaçı və qızları cavabdehin icazəsi olmadan mübahisəli mənzilə girmiş və qeydiyyata düşmüşlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya və övladlarına qarşı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmələri tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh həmin iş üzrə elektron kabinetə qətnaməni yerləşdirdikdən sonra cavabdehə məlum olmuşdur ki, iddiaçının mənzilə istifadə hüququ tanınmışdır. O, həmin qətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindən xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Cavabdeh, Rusiya Federasiyasında olduğu üçün ona məhkəmə bildirişi çatdırılmadığı halda, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır. d) iddiaçının apellyasiya şikayətinə etirazı barədə məlumat
7. İddiaçı, iddia ərizəsinin məzmununa uyğun olan apellyasiya şikayətinə etirazda əlavə olaraq göstərmişdir ki, cavabdeh ailə qurduqdan sonra iddiaçını mülkiyyətində olan mənzilə köçürmüş, bununla da tərəflərin etibarlı ailə münasibətləri nəticəsində iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh Azərbaycan Respublikasına geri döndükdən sonra nikahın pozulması tələbi barədə iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah münasibətləri pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşamaqda davam etmişdir. Hazırda da onlar mübahisəli mənzildə yaşayırlar. İddiaçı 2012-ci ilə qədər birgə, 2012-ci ildən hazırki vaxtadək isə təkbaşına mübahisəli mənzili idarə edir, zəruri kommunal ödənişləri ödəyir, mənzili öz mülkiyyəti kimi qoruyub saxlayır. Cavabdeh uşaqların Göyçay rayonunda təhsil aldığını bildirsə də, nəzərə almamışdır ki, mübahisəli mənzilə uşaqların deyil, iddiaçının istifadə hüququ tanınmışdır. Həmçinin iddiaçı övladları ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmiş, başqa yaşayış yeri yoxdur, ev və digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməmiş, eləcə də başqa şəxslə nikaha daxil olmamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, iddiaçı cavabdehin bibisi qızıdır. İddiaçı mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Uşaqlar Göyçay rayonunda doğulub, orada təhsil alıblar.
9. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, cavabdeh 1999-cu ildə Bakı şəhərində polis orqanlarında işləmişdir. İddiaçının atası X19 rayonunda imkanlı şəxslərdən biri olmuşdur. Şaiq Muradov 1999-cu ildə mübahisəli mənzili dəyərini tam ödəməklə Aygün Qasımova adlı şəxsdən almışdır. Lakin mənzilin alğı-satqı müqaviləsini Bakı şəhərində qeydiyyatda olan cavabdehin adına rəsmiləşdirmişdir. Şaiq Muradov mübahisəli mənzili cari təmir etdirmiş və ailə üzvləri ilə birgə 1999-cu ildən 2004-cü ilədək həmin mənzildə yaşamışdır. Cavabdeh yaxın qohum olduğuna görə arabir mübahisəli mənzilə gəlib-getmişdir. 2004-cü ildə ailə qurduqdan sonra iddiaçı cehiz əşyalarını mübahisəli mənzilə gətirmişdir. İddiaçının atası toy mərasimindən əvvəl qonaq və yataq mebel dəsti almış, iddiaçıya cehiz vermişdir. Həmin mebel dəstləri bugünədək mübahisəli mənzildədir. İddiaçı mübahisəli mənzilə köçdükdən sonra cavabdehlə təxminən 4 ay yaşamışlar. Heç biri işləmədiyinə görə iddiaçının atasının vəsaiti hesabına yaşayırdılar. Ərzaq məhsulları rayondan göndərilirdi. 4 ay sonra Göyçay rayonuna, cavabdehin valideynlərinin evinə köçmüşlər. Cavabdeh işsiz olduğuna görə Rusiya Federasiyasına getmişdir. İddiaçı, atası ilə mübahisəli mənzildə müəyyən müddət yaşamaq üçün gedib-gəlirmiş. İddiaçı hamilə olduğuna görə Göyçay rayonuna valideynlərinin evinə köçmüşdür. Uşaq 2005-ci ildə anadan olmuş və bir yaşa çatanadək valideynlərinin evində yaşamışdır. İddiaçı mübahisəli mənzildə yaşamayanda, atası yaşayırdı. Cavabdeh hər dəfə Rusiya Federasiyasından gələndə bir-iki ay mübahisəli mənzildə yaşayırdılar. 2009-cu ildə ikinci uşaq Şirvanə doğulmuşdur. Uşaqların hər biri doğulmamışdan əvvəl iddiaçı Göyçay rayonuna gedib valideynlərinin yanında yaşamışdır. İkinci qızı da bir yaşa çatanadək iddiaçı valideynlərinin evində yaşamış, uşaqlara baxmağa anası kömək edirmiş. Cavabdeh işləmək üçün Rusiya Federasiyasına gedib-gəldiyinə görə və iddiaçı işləmədiyi üçün uşaqları Bakı şəhərində mübahisəli mənzildə saxlamaq, oxutmaq iddiaçı üçün çətin imiş. Uşaqlar da bu səbəbdən Göyçay rayonunda məktəbə getmişlər. Röya 2012-ci ildə birinci sinfə Göyçay rayonundakı məktəbdə getmiş, ikinci uşaq da 8-ci sinfə qədər Göyçay rayonunda təhsil almışdır. 2004-cü ildən 2012-ci ilədək cavabdeh mübahisəli mənzildə təxminən 7-8 ay yaşamışdır. 2012-ci ildən cavabdeh daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, 2023-cü ilədək Rusiya Federasiyasında yaşamışdır. Mübahisəli mənzilin saxlanılması xərclərini 1999-cu ildən 2018-ci ilədək iddiaçının mərhum atası, 2018-ci ildən bugünədək iddiaçı ödəmişdir. Hazırda Milli Aviasiya Akademiyasında təhsil alan Röya və Bakı şəhəri 19 №-li tam orta məktəbin 9-cu sinfində oxuyan Şirvanə iddiaçı ilə mübahisəli mənzildə yaşayırlar. İddiaçının atası 2010-cu ildən xərçəng xəstəliyinə tutulmuş, 2014-cü ilədək İran İslam Respublikasında mütəmadi müalicə olunmuş, 2014-cü ildən isə Bakı şəhərində müalicəsi davam etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının atası ağır xəstəlikdən vəfat etmişdir. 2010-cu ildən atası vəfat edənədək iddiaçı mübahisəli mənzildə atası ilə birgə yaşamışdır. Atasını müalicəyə aparıb-gətirmiş, ona mənəvi dəstək olmuşdur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir.
11. Belə ki, Apellyasiya şikayətində qeyd edilir ki, cavabdeh Rusiya Federasiyasında olduğu üçün ona məhkəmə bildirişi çatdırılmadığı halda, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmış, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
13. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəf cavabdehin Rayon Məhkəməsində işə baxılarkən ölkə ərazisində olmaması barədə Rayon Məhkəməsinə məlumat verməmiş, əksinə mübahisəli mənzildə birlikdə yaşadıqlarını bildirmiş, bununla belə Rayon Məhkəməsi tərəfindən cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Nəticədə MPM-in 185.5-ci maddəsinin tələbi pozulmaqla qətnamə qəbul edilmişdir.
14. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2012ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuş, xx.xx.2012-ci il tarixdə hazırlıq iclası, xx.xx.2012, xx.xx.2012 və xx.xx.2012-ci il tarixlərdə baxış iclasları keçirilmiş, xx.xx.2012ci il tarixdə qətnamə qəbul edilmişdir.
15. Cavabdehə məxsus “Ümumvətəndaş pasportundan” və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, cavabdeh, xx.xx.2012ci il tarixdə Azərbaycan Respublikasının sərhəd hüdudlarından kənara çıxışmış, xx.xx.2012-ci il tarixdə qayıtmış, xx.xx.2012-ci il tarixdə saat 04:22-də çıxmış, xx.xx.2014-cü il tarixdə bir daha Azərbaycan Respublikasına giriş etmişdir. Göründüyü kimi, hazırki işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh cəmi 3 gün (xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il saat 04:22-dək) ölkə hüdudlarında olmuşdur. Həmin 3 günün hansısa birində (məhkəmə bildirişinin kötüyündə bildirişin cavabdeh tərəfindən qəbul edilmə tarixi qeyd edilməmişdir) xx.xx.2012-ci il tarixdə saat 10:50-də keçiriləcək məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat əldə etmişdir. Lakin xx.xx.2012-ci il tarixdə saat 04:22-də ölkə sərhədindən çıxış etdiyi üçün həmin məhkəmə iclasında iştirak etmək imkanı olmamışdır. Cavabdehin bu bir neçə (bəlkə də bir və ya ondan da az) gün ərzində iddiaya etiraz hazırlamaq, dəlil və sübut təqdim etmək imkanının olması mümkün görünmür.
16. İşin 28-ci vərəqində olan “Məhkəmə bildirişinin kötüyündən” görünür ki, cavabdehin soyadı və adının baş hərfi qeyd edilməklə xx.xx.2012-ci il tarixdə saat 12:00da keçirilməli olan məhkəmə baxışı iclası barədə məhkəmə bildirişi xx.xx.2012-ci il tarixdə qəbul edilmişdir.
17. Lakin cavabdeh xx.xx.2012-ci il tarixdə ölkə ərazisində olmadığı üçün məhkəmə bildirişini qəbul etməsi mümkün deyildi. xx.xx.2012-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclası zamanı cavabdeh artıq ölkə ərazisində deyildi və sonuncu məhkəmə baxışına qədər ölkə ərazisinə daxil olmamışdır. Cavabdehin qeydiyyat ünvanına da sonuncu iclas barədə məhkəmə bildirişinin göndərildiyi müəyyən edilmir.
18. Digər tərəfdən, hazırki iş üzrə iddia ərizəsində, habelə keçirilmiş məhkəmə iclaslarında iddiaçı tərəf cavabdehin ölkə ərazisində olmaması barədə Rayon Məhkəməsinə məlumat verməmişlər, əksinə cavabdehin mübahisəli mənzildə yaşadığını qeyd etmişlər.
19. Rayon Məhkəməsi tərəfindən məhkəmənin hazırlıq və birinci baxış iclası barədə məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvana sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməmiş, bu səbəbdən məktubların həmin ünvan üzrə qəbul edilib-edilməməsi barədə məlumat iş materiallarına əlavə edilməmişdir.
20. Halbuki MPM-in 134.1.4 və 135.1-ci maddələrinin tələbinə əsasən məhkəmə bildirişi işdə iştirak edən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalı idi. Belə olan halda cavabdehin qeydiyyatda olduğu poçt ünvanını nəzarətdə saxlamaq vəzifəsini icra edib-etməməsi halını müəyyən etmək mümkün deyil.
21. Sonuncu məhkəmə baxışı iclası barədə isə Rayon Məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməmiş, işdə olan məhkəmə bildirişinin kötüyündəki imza isə həmin gün cavabdeh ölkə ərazisində olmadığı üçün cavabdehə aid ola bilməzdi.
22. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilməmiş, Rayon Məhkəməsi isə belə vəziyyətdə işə cavabdehin iştirakı olmadan baxmaqla mülki prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
23. MPM-in 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
24. Beləliklə, apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslıdır. Rayon Məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin digər dəlillərindən asılı olmayaraq ləğv edilməli və MPM-in 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalıdır.
25. İşə mahiyyəti üzrə baxan Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 2 övladları doğulmuşdur: xx.xx.2005-ci il təvəllüdlü Röya və xx.xx.2009-cu il təvəllüdlü Şirvanə. Mübahisəli mənzil xx.xx.1999-cu il tarixdə cavabdehin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və hazırda cavabdehin mülkiyyətindədir.
26. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə gəlin köçdüyünü, bir müddət müvəqqəti olaraq Göyçay rayonunda yaşadığını, sonradan cavabdeh Rusiya Federasiyasına getdikdən sonra yenidən mübahisəli mənzildə yaşamağa davam etdiyini bildirir.
27. Cavabdeh isə buna etiraz edərək, iddiaçının mübahisəli mənzilə ümumiyyətlə heç vaxt köçmədiyini, mənzilə cehiz gətirmədiyini və heç vaxt həmin mənzildə yaşamadığını bildirir.
28. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, o, cavabdehlə ailəvi yaxındır və bir-birilərinin evinə gedib-gəlirlər. Cavabdehin iki azyaşlı uşağı var və o, həyat yoldaşı və uşaqları ilə həmin mənzildə yaşayır.
29. İşə apellyasiya qaydasında baxılan zaman hər iki tərəf Məhkəməyə əlavə sübutlar təqdim etmişdir. Məhkəmə hesab edir ki, əlavə sübutlar qəbul edilib işdə olan sübutlarla birgə qiymətləndirilməlidir.
30. Belə ki, MPM-in tələblərinə görə, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (maddə 361.4.). Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (maddə 372.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).
31. Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Rayon Məhkəməsində işə baxılan zaman cavabdeh ölkə xaricində olmuş, yalnız 3 gün ərzində Azərbaycan Respublikasına gəlib-qayıtmışdır. Cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilməmişdir. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə iddiaya qarşı münasibət və hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin hazırda təqdim etdiyi sübutların Rayon Məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı müəyyən edilmişdir.
32. Cavabdeh təqdim etmiş olduğu sübutlarla yanaşı apellyasiya şikayətində iddiaya qarşı öz dəlillərini irəli sürmüşdür. Həmin dəlillər və sübutlar yeni təqdim edildiyindən iddiaçı da buna qarşı etirazını və əlavə sübutlarını irəli sürməkdə haqlıdır. Çünki cavabdehin bu dəlillərinə və sübutlarına qarşı etirazını və sübutlarını Rayon Məhkəməsində təqdim etməsi mümkün deyildi.
33. Odur ki, Məhkəmə, işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxaraq iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslılığına qiymət vermişdir.
34. Apellyasiya baxışı zamanı Göyçay rayon 1 saylı tam orta məktəbin verdiyi məlumatından görünür ki, iş üzrə tərəflərin olan övladı Şirvanə həmin məktəbin 8-ci sinfində, Röya isə 2022-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir.
35. Həmin Məktəbin 09 №-li, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Röya xx.xx.2016-cı il tarixdə məktəbin 6-cı sinfinə elektron yerdəyişmə edərək şəhər 7 №-li tam orta məktəbdən gəlmişdir. Şirvanə isə Məktəbdə 2016-2023-cü illərdə 2-ci sinifdən 8-ci sinfədək təhsil almış, xx.xx.2023-cü il tarixdə elektron yerdəyişmə edərək Bakı şəhəri 19 №-li tam orta məktəbə getdiyi üçün məktəbdən azad edilmişdir.
36. Göyçay şəhər 7 №-li tam orta məktəbin 27 №-li, xx.xx.2024-cü il tarixli məktubundan isə müəyyən edilir ki, Röya xx.xx.2012-ci il tarixdə məktəbin 2-ci sinfinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə məktəbin 6-cı sinfindən azad edilmiş və təhsilini Göyçay şəhər 1 №-li tam orta məktəbində davam etdirmişdir. Şirvanə isə xx.xx.2015-ci il tarixdə məktəbin 1-ci sinfinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə məktəbin 2-ci sinfindən azad edilmiş və təhsilini Göyçay şəhər 1 saylı tam orta məktəbdə davam etdirmişdir.
37. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 5-46-22/2-7 №-li, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İ Ərəbcəbirli kəndində yaşayan (cavabdehin atası) X1 təsərrüfatında, təsərrüfat sahibinin və qonşuların iştirakı ilə araşdırma aparılaraq cavabdehin və onun keçmiş arvadı olan iddiaçının 2004-cü ildə ailə qurduqları, 2012-ci ilə kimi həmin təsərrüfatda 2 azyaşlı qızları ilə birlikdə yaşadıqları, 2012-ci ildə cavabdehin atasının evini tərk edərək Rusiya Federasiyasına getdiyini, iddiaçının isə həmin il uşaqları ilə birlikdə Ələddin İbişovun evini tərk etdiyi, 2023-cü ilin əvvəllərində cavabdehin valideynlərinin evinə qayıtdığı müəyyən edilmişdir.
38. Həmin məktuba qeyd edilən halları təsdiq edən İ Ərəbcəbirli kənd sakinləri X5, Məmmədova Hicran Əlisəfa qızının və X3 bu qəbildən olan izahatları və onların iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X8 və X1 da öz imzası ilə təsdiq etdiyi akt əlavə edilmişdir.
39. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 484657 №-li “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, tərəflər arasında olan nikaha Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmiş və xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir.
40. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 313-12/2-i-14333 №-li, xx.xx.2024-cü il tarixli “Arxiv arayışından” görünür ki, 1977-ci il təvəllüdlü sabiq polis kiçik serjantı olmuş cavabdeh xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək DİO-da xidmət etmişdir.
41. X6 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, mübahisəli mənzilin alğısatqısı barədə (iddiaçının atası) X13 ilə razılığa gəlmiş, həmin mənzil cavabdehin adına rəsmiləşdirilsə də, mənzilin dəyəri cavabdeh tərəfindən deyil, X13 tərəfindən ödənilmişdir.
42. Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 141 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Mənzil-kirayə xərclərini 2018ci ilədək iddiaçının (mərhum) atası X13 ödəmiş, 2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan qalıq mənzil-kirayə xərclərini iddiaçı özü ödəmişdir.
43. Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin AƏİ seriyalı, 891478 №-li, xx.xx.2014-cü il tarixli “Mənzil-kommunal xidməti üçün mədaxil qəbzindən” görünür ki, mübahisəli mənzilə görə 2014-cü ilə istismar yığımı üçün 7,44 manat, məişət tullantılarının daşınması üçün 14,40 manat, cəmi 21,84 manat ödəniş edilmişdir. Mədaxil qəbzində “ödəyici” qrafasında “Cavabdeh” qeyd edilmiş, ailə tərkibi 4 nəfər göstərilmişdir.
44. Həmin Birliyin ƏİZ seriyalı, 059176 №-li, xx.xx.2017-ci il tarixli “Mənzilkommunal xidməti üçün mədaxil qəbzindən” görünür ki, mübahisəli mənzilə görə 2015- 2016-cı illərə istismar yığımı üçün 14,88 manat, məişət tullantılarının daşınması üçün 28,80 manat, 2017-ci ilə istismar yığımı üçün 7,44 manat, məişət tullantılarının daşınması üçün 14,40 manat, cəmi 65,52 manat ödəniş edilmişdir. Mədaxil qəbzində “ödəyici” qrafasında “Cavabdeh” qeyd edilmiş, ailə tərkibi 4 nəfər göstərilmişdir.
45. Həmin Birliyin ƏİZ seriyalı, 696145 №-li, xx.xx.2022-ci il tarixli “Mənzilkommunal xidməti üçün mədaxil qəbzindən” görünür ki, mübahisəli mənzilə görə 2018-ci ilə yaşayış sahəsindən istifadə haqqı olaraq 7,44 manat, məişət tullantılarının daşınması üçün 14,40 manat, cəmi 21,84 manat ödəniş edilmişdir. Mədaxil qəbzində “ödəyici” qrafasında “Cavabdeh” qeyd edilmiş, ailə tərkibi 4 nəfər göstərilmişdir. Mədaxil qəbzinin yuxarı sağ küncündə əl yazısı ilə “ödədi Sona” sözləri qeyd edilmişdir.
46. Birliyin ƏİZ seriyalı, 738878 №-li, xx.xx.2023-cü il tarixli “Mənzil-kommunal xidməti üçün mədaxil qəbzindən” görünür ki, mübahisəli mənzilə görə 2019-cu ilə yaşayış sahəsindən istifadə haqqı olaraq 7,44 manat, məişət tullantılarının daşınması üçün 14,40 manat, cəmi 21,84 manat ödəniş edilmişdir. Mədaxil qəbzində “ödəyici” qrafasında “Cavabdeh” qeyd edilmiş, ailə tərkibi 4 nəfər göstərilmişdir. Mədaxil qəbzinin yuxarı sağ küncündə əl yazısı ilə “ödədi Sona” sözləri qeyd edilmişdir.
47. Birliyin ƏİZ seriyalı, 798707 №-li, xx.xx.2023-cü il tarixli “Mənzil-kommunal xidməti üçün mədaxil qəbzindən” görünür ki, mübahisəli mənzilə görə 2020-2021-ci illərə yaşayış sahəsindən istifadə haqqı olaraq 21,60 manat, məişət tullantılarının daşınması üçün 28,80 manat, cəmi 50,40 manat ödəniş edilmişdir. Mədaxil qəbzində “ödəyici” qrafasında “Cavabdeh” qeyd edilmiş, ailə tərkibi 4 nəfər göstərilmişdir. Mədaxil qəbzinin yuxarı sağ küncündə əl yazısı ilə “ödədi Sona” sözləri qeyd edilmişdir.
48. Birliyin ƏİZ seriyalı, 696145 №-li, xx.xx.2023-cü il tarixli “Mənzil-kommunal xidməti üçün mədaxil qəbzindən” görünür ki, mübahisəli mənzilə görə 2022-2023-cü illərə yaşayış sahəsindən istifadə haqqı olaraq 21,60 manat, məişət tullantılarının daşınması üçün 28,80 manat, cəmi 50,40 manat ödəniş edilmişdir. Mədaxil qəbzində “ödəyici” qrafasında “Cavabdeh” qeyd edilmiş, ailə tərkibi 4 nəfər göstərilmişdir. Mədaxil qəbzinin yuxarı sağ küncündə əl yazısı ilə “(Sona)” sözü qeyd edilmişdir.
49. Nəsimi Rayonu Nəsimi bələdiyyəsinin GRQ seriyalı, 099239 №-li, xx.xx.2014-cü il tarixli “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün qəbzdən” görünür ki, mübahisəli mənzilə görə 2014-cü ilə əmlak vergisi kimi 9 manat ödəniş edilmişdir. Qəbzdə “ödəyici” qrafasında “Cavabdeh” qeyd edilmişdir.
50. "xxxx" MMC-nin GDH/6 seriyalı, 118413 №-li, xx.xx.2024-cü il tarixli “Mədaxil qəbzinin kötüyündən” görünür ki, mübahisəli mənzilə aid müqavilə üzrə 2024-cü ilin yanvar ayına abunə haqqı olaraq 7,30 manat ödəniş edilmişdir. Qəbzdə ödəyici kimi “İddiaçı” qeyd edilmişdir. Qəbzə üzərində “KATV 1” əksi olan ştamp təsviri vardır.
51. "xxxx" MMC-nin 111 saylı poçt şöbəsinin 851 №-li, xx.xx.2024-cü il tarixli “Qəbzindən” görünür ki, iddiaçı tərəfindən internet xidmətindən istifadəyə görə yaranmış borca görə 21 manat ödəniş edilmişdir. Ödənişi qəbul edən X12 göstərilmişdir.
52. İş üzrə tərəflərin övladı Röyanın adına verilmiş “Tələbə vəsiqəsindən” görünür ki, o, Milli Aviasiya Akademiyasında “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisası üzrə təhsil alır. Vəsiqədə “Fakultə” qrafasında “Qiyabi” sözü qeyd edilmişdir.
53. Bakı şəhəri 19 №-li məktəbin 58 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iş üzrə digər ovladı Şirvanə məktəbin 9-cu sinfində oxuyur.
54. İşdə olan fotoşəkillərdən görünür ki, mübahisəli mənzil təmirlidir, mebel əşyaları vardır.
55. Göyçay Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ- İİ seriyalı, 155698 №-li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, (iddiaçının) atası X13 xx.xx.2021-ci il tarixdə “Çoxsaylı miemola” səbəbindən ölmüşdür.
56. Məhkəmə sübutlara qiymət verərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddə 14.2. və 77.1.).
57. Hazırki mübahisənin düzgün həlli üçün iddiaçının mübahisəli mənzilə hansı vaxtdan köçməsi və mübahisəli mənzillə bağlı münasibətlərin yaranma dövrü müəyyən edilməlidir. Çünki yaşayış sahələri ilə bağlı mübahisələrin xarakterinə uyğun olaraq münasibətlərin yaranma dövründən asılı olaraq ona tətbiq edilməli olan maddi hüquq normaları müəyyən edilir.
58. İddiaçı, iddia ərizəsində göstərmişdir ki, cavabdehlə xx.xx.2004-cü il tarixdə ailə qurduğu ilk gündən etibarən mübahisəli mənzildə cavabdehlə birlikdə yaşamağa başlamışdır və hazırda da yaşayır. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etirazında da bu halı bir daha qeyd etmişdir.
59. İddiaçının adından onun nümayəndəsi (vəkili) tərəfindən imzalanmış yazılı izahatda isə mübahisəli mənzili əslində iddiaçının atasının cavabdehin adına aldığını və iddiaçının 1999-cu ildən mənzildə yaşadığını bildirmişdir.
60. Lakin iddiaçı 1999-cu ildə və 2004-cü ildə mübahisəli mənzilə köçüb yaşamağa başlamasını təsdiq edən sübut təqdim etməmişdir.
61. X6 ərizəsində iddiaçının mübahisəli mənzildə yaşaması ilə bağlı hər hansı qeyd yoxdur.
62. İddiaçı xx.xx.2012-ci il tarixdən məhkəmə qətnaməsi əsasında mənzildə qeydiyyata alınmışdır.
63. X2 xx.xx.2012-ci il tarixdə vermiş olduğu ifadədə cavabdehlə ailəvi yaxın olduğunu və cavabdehin həyat yoldaşı və uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadığını bildirmişdir. Lakin şahid iddiaçının hansı vaxtdan mənzildə yaşadığı barədə ifadə verməmişdir. Şahidin ifadəsi iddiaçının 2012-ci ildən əvvəl mənzildə yaşadığını təsdiq etmir.
64. İddiaçının təqdim etdiyi kommunal ödənişlər barədə qəbzlər 2014-cü ildən hazırki vaxtadək dövrü əhatə edir.
65. İşdə olan sübutlardan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Röya xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı ilədək Göyçay şəhəri 7 saylı məktəbdə 2-ci sinifdən 6-cı sinfədək oxumuş, sonra xx.xx.2016-da Göyçay şəhəri 1 saylı məktəbin 6-cı sinfinə keçmiş, 2022-ci ildə həmin məktəbi bitirmişdir. Hazırda Milli Aviasiya Akademiyasında qiyabi ali təhsil alır.
66. Şirvanə (xx.xx.2009-cu il təvəllüdlü) isə xx.xx.2015-də Göyçay şəhəri 7 saylı məktəbin 1-ci sinfinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən Göyçay şəhəri 1 saylı məktəbdə 2-ci sinifdən 8-ci sinfədək oxumuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı məktəbə keçmişdir. Hazırda həmin məktəbin 9-cu sinfində oxuyur.
67. İddiaçının uşaqlarının Göyçay şəhərində təhsil aldığı halda, onun mübahisəli mənzildə daimi yaşaması ağlabatan deyil.
68. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 5-46-22/2-7 №-li, xx.xx.2024-cü il tarixli məktubundan isə müəyyən edilir ki, İ Ərəbcəbirli kəndində yaşayan cavabdehin atası X1 təsərrüfatında, təsərrüfat sahibinin və qonşuların iştirakı ilə araşdırma aparılaraq cavabdehin və onun keçmiş arvadı olan iddiaçının 2004-cü ildə ailə qurduqları, 2012-ci ilə kimi həmin təsərrüfatda 2 azyaşlı qızları ilə birlikdə yaşadıqları, 2012-ci ildə cavabdeh atasının evini tərk edərək Rusiya Federasiyasına getdiyini, iddiaçının həmi il uşaqları ilə birlikdə Ələddin İbişovun evini tərk etdiyi, 2023-cü ilin əvvəllərində cavabdehin valideynlərinin evinə qayıtdığı müəyyən edilmişdir.
69. İşdə olan foto və videogörüntülər cavabdehin hansı vaxtdan mübahisəli mənzildə yaşamasını müəyyən etməyə imkan vermir.
70. Digər mühüm məqamlar ondan ibarətdir ki, tərəflərin nikahı da, birgə nikahdan olan uşaqların doğum faktı da Göyçay Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır.
71. Beləliklə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında işin faktiki halları kimi müəyyən edilir ki, iddiaçı, cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olduqdan sonra Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə qüvvəyə minənədək xx.xx.1999-cu il tarixdən cavabdehin mülkiyyətində olan mənzildə yaşaması iddiaçı tərəfindən sübuta yetirilə bilmir. İddiaçı xx.xx.2012-ci il tarixindən həmin qətnamə əsasında mübahisəli mənzilə qeydiyyata alınmış. 2014-dən hazırki vaxtadək kommunal ödəniş qəbzləri iddiaçı tərəfindən təqdim edilmişdir. İş üzrə tərəflərin övladı Röya 2012-ci ildən 2022-ci ilədək Göyçay şəhərində orta təhsil almış, hazırda Bakı şəhərində qiyabi ali təhsil alır. Onların övladı Şirvanə isə xx.xx.2015-ci ildən xx.xx.2023-cü il tarixədək Göyçay şəhərində orta təhsil almış, hazırda Bakı şəhərində orta təhsilini davam etdirir. Tərəflər arasında olan nikaha Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmiş və xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir. Tərəflər 2004-cü ildən 2012-ci ilə kimi Göyçay rayonunda cavabdehin valideynlərinin evində yaşamış, 2012-ci ildən cavabdeh Rusiya Federasiyasına getmiş, İddiaçı isə həmin il cavabdehin valideynlərinin Göyçay rayonunda yerləşən evini tərk etmişdir. İddiaçının 2012-ci ildə cavabdehin valideynlərinin evini tərk etdikdən sonra öz valideynlərinə məxsus Göyçay şəhəri, Natəvan küçəsində yerləşən evə köçdüyü, yoxsa mübahisəli mənzilə köçdüyü tərəflər arasında mübahisə doğursa belə, artıq 2012-ci ilədək iddiaçının mübahisəli mənzildə yaşamaması halının müəyyən edilməsi hazırki mübahisənin düzgün həlli üçün yetərlidir.
72. Məhkəmə tərəfindən həmçinin müəyyən edilir ki, 2012-ci ilədək mübahisəli mənzillə bağlı tərəflər arasında münasibətlər yaranmamışdır.
73. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
74. Odur ki, göstərilənləri Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından həll edilməlidir.
75. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar (maddə 30.3.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (maddə 30.4.).
76. İddiaçının cavabdehlə arasında olan nikaha xitam verildiyindən və iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə etməsinin hüququ əsası qalmamışdır. Tərəflər arasında etibarlı ailə əlaqələri artıq mövcud deyildir.
77. Belə olan halda qəbul edilməlidir ki, iddiaçının cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququnun tanınmasının hüquqi əsası yoxdur.
78. Bu baxımdan hesab edilməlidir ki, iddia əsassızdır. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi iddianı təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
79. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin qətnaməsi işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan baxıldığı üçün MPM-in 387.2.2-ci maddəsinə əsasən birmənalı olaraq ləğv edilməlidir. İddia əsassızdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
80. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edildiyindən və iddia rədd edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
81. Məhkəmə həmçinin bildirir ki, iddia təmin edilmədiyindən cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
82. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2012-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması tələbi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.