Məhkəmə qərarları › İş №2(103)-1231/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1231/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1231/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-1593/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CC/23988/82/4 nömrəli kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24 faizlə 13.250 manat məbləğində kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə bağlı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir.

2. İddiaçı ASC xx.xx.2022-ci il tarixli bildiriş göndərərək Cavabdeh borcun 3 gün ərzində ödənilməsini təmin etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir.

3. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit sazişi üzrə banka olan əsas borcu 11.214,83 manat, faiz borcu 1.782.24 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 11.214,83 manat məbləğində əsas borcun, 1.782,24 manat məbləğində faiz borcunun, cəmi 12.997,07 manat borcun və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24% olmaqla 13.250 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1593/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2894 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixdə bağlanmış CC/23988/82/4 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə) borcu 12.602,69 manat: əsas borc üzrə 11.214,06 manat; faiz borcu üzrə 1.388,63 manat.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1593/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/23988/82/4 nömrəli kredit sazişinin ləğv edilməsi, Cavabdeh 11.214,06 manat əsas borc, 1388.63 manat faiz borcu olmaqla, cəmi 12.602,69 məbləğində pul vəsaitinin və 127.81 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit sazişi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Beləliklə, məhkəmə ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələbi üzrə 11.214,06 manat əsas borc, 1388.63 manat faiz borcu Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin 10.000 manat borcun tutulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişinə əsasən, bank ona 36 ay müddətinə illik 24 faiz olmaqla 13.250 manat məbləğində kredit vermişdir. Kredit sazişi bağlandıqdan sonra, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər ödənilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə - 1.000 manat, xx.xx.2021-ci il tarixdə - 500 manat, xx.xx.2021- ci il tarixdə - 100 manat, xx.xx.2021-ci il tarixdə - 100 manat, xx.xx.2021-ci il tarixdə - 100 manat, xx.xx.2021- ci il tarixdə - 300 manat, xx.xx.2021-ci il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 200 manat, xx.xx.2022- c i il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 520 manat, xx.xx.2022- ci il tarixdə - 600 manat, xx.xx.2022-ci il tarixdə - 100 manat, xx.xx.2022-ci il tarixdə - 500 manat. Tərəfindən ödənişlər edilməsinə baxmayaraq, iddiaçı iddia tələbində ödənişləri nəzərə almadan şişirdilmiş məbləğ müəyyən etmişdir. Məhkəmə isə rəyə əsaslanmaqla əsas borc üzrə 11.214,06 manat; faiz borcu üzrə 1.388.63 manat borcunun olduğu qənaətinə gəlmişdir. Halbuki, onun borcu qətnamədə qeyd edildiyi kimi 12.602,69 məbləğində yox, 10 000 manat məbləğində qalmışdır. Lakin məhkəmə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir. İddiaçı qeyd olunan məbləğdə borcun olduğunu əsaslandıra bilməmişdir. Onun iddiaçıya olan 10.000 manat borcunun aydınlaşdırılması üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli idi. Lakin, məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul edərək, cavabdehin sübutlarını qəbul etməyərək (ödəniş qəbzləri) tərəflərin bərabərliyini pozmuşdur. İddianın qismən qəbul edilməsi hissəsində onlar 10.000 manat hissədə borcun təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı ASC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunaraq belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci İD tarixli, CC/23988/82/4 nömrəli kredit müqaviləsi üzrə olan borc məbləği şişirdilməmiş və düzgün şəkildə hesablanmışdır. Birinci instansiya məhkəməsində iş üzrə mühasibatlıq ekspertizası təyin olunmuş və məhkəmə qanunvericiliyə uyğun olaraq rəyi nəzərə alıb qətnamə qəbul etmişdir. Cavabdehin məhkəmədə mübahisələndirdivi ödəniş qəbzlərinin əsassızlığını aydınlaşdırmaq üçün iddiaçı öz dəlilləri ilə çıxış etmişdir. İddiaçı tərəfindən maliyyə ödəniş sistemi üzrə hesabdan çıxarış rəsmi şəkildə məhkəməyə təqdim olunmuşdur. Buradan hesab üzrə bütün ödənişlər, onların tarixi əks olunmuşdur. Hətta çıxarışdakı ödənişləri əyani olaraq cavabdeh özü də nəzərdən keçirsəydi, borcun düzgün hesablandığının fərqinə varardı. Belə görünür ki, şikayətin əsl məqsədi borcdan yayınmaq üçün əlavə vaxt udmaqdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia qismən təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni borcun məbləği hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, Bank of Baku” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

23. Cavabdeh apellyasiya şikayətində tutulan əsas borcun məbləği ilə razı olmadığını, ödənişlərin nəzərə alınmadığını, məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmədiyini bildirsə də, işdən görünür ki, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclaslarında “ekspertin rəyi ilə razı olduğunu, iddia tələbini qismən qəbul etdiyini və ekspert rəyində göstərilən məbləğin təmin edilməsinə etiraz etmədiyini” bildirmiş, həmçinin təkrar ekspertiza keçirilməsi barədə əsaslandırılmış yazılı vəsatət məhkəməyə təqdim edilməmişdir.

24. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq xx.xx.2023-cü il tarixli 9/2894 nömrəli rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşmış, ona uyğun olaraq borcun tutulması hissəsində iddianı qismən təmin etmişdir.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

26. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1593/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar