Məhkəmə qərarları › İş №2(103)-1232/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1232/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1232/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 14.704,19 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.440,06 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə (dəbbə) borcunun ödənilməsi məqsədi ilə 43,95 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1dan və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 iddiaçı Bankdan illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş üzrə digər Cavabdeh2 isə borcalan Cavabdeh1 həmin “Kredit müqaviləsi” əsasında Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bu məqsəd ilə Bank ilə cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq kredit borcunun ödənilməsində problemlər yaranmış və cavabdeh tərəfin müraciəti nəzərə alınaraq iş üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixdə “Kredit müqaviləsinə dair əlavə saziş” imzalanmış və kreditin qalıq məbləği, yəni 11.556.31 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2017-cı il tarixinə müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatına konvertasiya edilmiş və borcun məbləği 19.646,88 manat məbləğində müəyyən edilmişdir. “Əlavə saziş” ilə həmçinin tərəflər razılığa gəlmişlər ki, kreditin qaytarılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. Buna baxmayaraq iş üzrə cavabdehlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan borcu qaytarmamışlar. Nəticədə onların Banka 14.704,19 manat məbləğində əsas kredit borcları, 3.440,06 manat məbləğində isə əsas kredit borcuna hesablanmış faiz borcları yaranmışdır. Kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə Bank, “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq cavabdehlərə 43,95 manat məbləğində cərimə (dəbbə) borcu hesablamışdır. Bank, borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni və obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Kredit müqaviləsi” bağlandıqdan sonra ölkədə 2 dəfə devalvasiya baş vermiş və “Covid 19” virusunun yayılmasının qarşısının alınması məqsədi ilə müvafiq məhdudiyyətlər tətbiq olunmuşdur. Bu səbəblərdən Cavabdeh1 maddi vəziyyətində problemlər yaranmış və o, kredit borcunu lazımi qaydada ödəyə bilməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunları nəzərə almamışdır. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də təmin edilsə də, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin Cavabdeh2 aid hissəsinin də ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 digər cavabdehin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər Cavabdeh2 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin zaminliyə aid hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsindən” görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən iddiaçı Bankdan illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdehlər ilə Bank arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Cavabdehlər ilə Bank arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə dair əlavə sazişdən” və işdə olan digər sənədlərdən görünür ki, həmin saziş kredit borcunun ödənilməsində yaranmış problemlər ilə üzləşmiş cavabdeh tərəfin müraciəti əsasında bağlanmış, kredit borcunun ödənilməmiş qalan 11.556.31 ABŞ dolları hissəsi Mərkəzi Bankın xx.xx.2017-cı il tarixinə müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatına konvertasiya edilmiş və borcun məbləği 19.646,88 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılma müddəti isə xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, iş üzrə cavabdehlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan borcu qaytarmamışlar. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehlərin iddiaçı Banka 14.704,19 manat məbləğində əsas kredit borcları, 3.440,06 manat məbləğində isə əsas kredit borcuna hesablanmış faiz borcları yaranmışdır. Kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə Bank, “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq cavabdehlərə 43,95 manat məbləğində cərimə (dəbbə) borcu hesablamışdır. İşdə olan məktublardan görünür ki, Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ilə məhkəməyə müraciət etmək üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində borcunun məbləğini ümumiyyətlə mübahisələndirmir. Cavabdeh1 apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, “Kredit müqaviləsi” bağlandıqdan sonra ölkədə 2 dəfə devalvasiya baş vermiş və “Covid 19” virusunun yayılmasının qarşısının alınması məqsədi ilə ölkədə müvafiq məhdudiyyətlər tətbiq olunmuşdur. Bu səbəblərdən onun maddi vəziyyətində problemlər yaranmış və o, kredit borcunu lazımi qaydada ödəyə bilməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunları nəzərə almamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 maddi vəziyyətində problemlərin hər hansı səbəbdən, o cümlədən apelyasiya şikayətində qeyd edilən səbəblərdən yaranması onun Bank qarşısında olan borcun ödənilməsi öhdəliyindən azad etmir. Çünki qeyd edilən bu halların “fors major” kimi qəbul edilməsi iş üzrə tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” ilə şərtləşdirilməmişdir. Odur ki, bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar