Məhkəmə qərarları › İş №2(103)-1233/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1233/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1233/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-791 reyestr nömrəli kredit müqaviləsi üzrə verilmiş 7.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.030 manat pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-4105/20) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin 7000 manat borc məbləğinin 2200 manat hissəsində qaytarılması nəzərə alınmaqla dəyişdirilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 3M-791 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 7.000 manat borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirilmişlər. İddiaçı cavabdehə borcun qaytarılması üçün dəfələrlə möhlət vermiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırmışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 3M-791 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtiilə 7.000 manat borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirilmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli qəbzlə müəyyən olunur ki, cavabdeh həmin müqavilə üzrə verdiyi 7000 manat məbləğin 2200 manatını qaytarmış, 4800 manat hissəsində borcu qalmışdır. Lakin məhkəmə həmin borc üzrə qaytarılmış məbləği nəzərə almamışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, vəkili Vəkil izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş və iddiaçı cavabdehə 7000 manat məbləğində borc vermişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin borcu qaytarmadığını bildirmişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı saymış və təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 407.2, 448.1, 739.1-ci . maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili xx.xx.2020-ci il tarixdə cavabdehin iddiaçıya olan borcundan 2200 manatı ödəməsi və bunun Yasamal Rayon Məhkəməsi tərəfindən nəzərə alılmamasından ibarətdir. Lakin nəzərə alınmalıdır ki, Yasamal Rayon Məhkəməsi tərəfindən hazırkı mübahisəyə xx.xx.2020-ci il tarixdə, yəni müvafiq ödənişin edilməsindən təxminən bir ay əvvəl baxılmış və mübahisələndirilən qətnamə qəbul edilmişdir. Beləliklə, təqdim edilmiş ödəniş qəbzinin tarixi qətnamədən bir ay sonraya təsadüf etdiyindən, bu dəlil qətnamənin dəyişdirilməsi, yaxud ləğvi üçün əsas sayıla bilməz. Başqa sözlə, işə baxılarkən və qətnamə qəbul edilən zaman həmin ödəniş mövcud olmadığından məhkəmə bunu nəzərə ala bilməzdi. Məhkəmə kollegiyası cavabdehə izah edir ki, müvafiq məhkəmə qətnaməsi qəbul edildikdən sonra edilmiş ödənişlər artıq işin icra mərhələsində nəzərə alınan və həll edilən məsələdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 22 sengtyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar