Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12356/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadından iddiaçı LPO "xxxx" tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC "xxxx" KB QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim S.Mehrəliyev, iş N 2(011)-3847/2011) müddət bərpa edilmiş, Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı LPO "xxxx" KB QSC qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə 22.08.2011-ci il tarixində göndərilmiş, V.Qocayeva tərəfindən imza olunmaqla qəbul edilmişdir. Ona görə də məhkəmə tərəfindən cavabdehin ölkədə olmaması səbəbindən qətnamənin qəbul edilməsinin qeyri-mümkün olmasının qeyd olunması əsassızdır. Hesab edirlər ki, on il ərzində cavabdehin qətnamədən xəbərsiz olması, məlumatlı olmaması inandırıcı deyil. Həmçinin məkhəmə lazımi qaydada araşdırmadan formal mülahizələrə əsaslanmaqla əsassız qərardad çıxarmışdır. Xətai Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 07.05.2021-ci il tarixli məktubuna əsasən müəyyən etmişdir ki, Cavabdeh1 29.10.2010-cu il tarixdə ölkədən getmiş, 14.03.2014-cü il tarixdə ölkəyə qayıtmışdır. İddiaçı məhkəmə bildirişinə əsasən qətnamənin surətinin 01.08.2011-ci il tarixdə qəbul edildiyini və bununla da prosessual müddətin buraxıldığını göstərmişdir. Məhkəmənin qənaətinə görə göstərilən tarixdə ölkə ərazisində olmayan Cavabdeh1 tərəfindən qətnamənin surətinin 01.08.2021-ci il tarixdə qəbul edilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçının istinad etdiyi məhkəmə bildirişində (i.v.81) qətnamənin surətinin 01.08.2011-ci ildə qəbul edildiyi qeyd olunmuşdur. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, göstərilən tarixdə V.Qocayev ölkə ərazisində olmamışdır. Digər tərəfdən, V.Qocayev ölkə ərazisində olmuş olsaydı belə, 11.08.2011-ci ildə çıxarılmış qətnamənin surəti 10 gün əvvəldən, yəni 01.08.2011-ci il tarixdə qəbul edilə bilməzdi. İddiaçının istinad etdiyi və işin 81-ci vərəqində olan həmin bildiriş sadəcə olaraq iş materiallarına düzgün tikilmədiyinə görə belə anlaşılmazlıq yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, adı çəkilən bildiriş 08.08.2011-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında olan bildirişdir və həmin bildiriş 22.08.2011-ci ildə deyil, 27.07.2011-ci ildə V.Qocayevin yaşadığı ünvana göndərilmişdir. 22.08.2011-ci ildə isə qətnamənin surəti işdə iştirak edən şəxslərə göndərilmişdir, lakin iş materiallarında V.Qocayevin onu rəsmi qaydada almasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Göründüyü kimi, cavabdeh R,Qocayevin məhkəmə qətnaməsindən məlumatsız olması iş materialları ilə təsdiq edilir və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, prosessual müddət həqiqətən də üzrlü səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, cavabdeh R,Qocayev məhkəməyə prosessual müddətin bərpasına dair ərizəsində göstərilən halları təsdiq edən mötəbər sübutlar təqdim etdiyindən, məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı LPO "xxxx" KB QSC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 27 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12356/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12356/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver