Məhkəmə qərarları › İş №2(103)-1236/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1236/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1236/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(009)-1334/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2600 manat və 565 manat gecikdirilmiş faiz üçün pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Piramida” çay evini icarəyə götürüb işlətməsi üçün iddiaçıdan 3.000 manat məbləğində borc almışdır. Cavabdeh borcun qaytarılmasını gecikdirmişdir. Cavabdehin anası həmin puldan hissə-hissə cəmi 400 manat pul qaytarmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1334/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə iddia tələbinin təmin edilməməsinə səbəb kimi, guya cavabdehə pul verməyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyi qeyd edilmişdir. Lakin məhkəmə iş materialında olan, Cavabdeh anası X3 borc puldan 190 manat qaytarmasına dair əl yazmasına hüquqi qiymət verməmiş və qətnamədə bu sübuta dair heç bir münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə qətnaməsinin 1-ci səhifəsində cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verildiyi, cavabdehin isə məhkəmə iclasına gəlmədiyi bildirilsə də, hakim iddianın qiyabi icraat qaydasında baxılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hətta bu barədə ərizə təqdim etmək istəsə də, hakim ərizəni qəbul etməyəcəyini bildirərək, müşavirə otağına getmiş və tələm-tələsik iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə bağlı gəldiyini nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin qərarla İddiaçı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, vətəndaş İddiaçı onunla bir evdə yaşayan bacısı X8 və anası X2 ilə birlikdə Bakı şəhəri BPİ-nə ünvanladığı kollektiv ərizədə Xətai rayonu, H.Aslanov metro stansiyasının iş yerində Büzrzü adlı şəxsin (X5) aldadıb şərikli iş yeri yaratmaq üçün onun 3000 manat pulunu aldadıb aldığını, bu günədək pulu qaytarmayaraq qaçıb gizləndiyi və yayındığını, həmin 3000 manat pulun 1000 manat X4, 1000 manat isə X1 məxsus olduğunu bildirmişdir. Buna görə də, dələduzluqda onun pulunu ələ keçirmiş Bürzü adlı şəxsin tapılaraq cəzalandırılması və 3000 manat pulunun alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Tədqiqat dövrü ərzində sözü gedən Bürzü adlı şəxsin yerinin müəyyən olunaraq PB-nə dəvət olunub izahatının alınması və əməlinə hüquqi qiymət verilməsi mümkün olmamışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sadə yazılı qəbzin surətindən görünür ki, X6 borcdan verdi, 2700 borcdan qaldığı, İddiaçı aldığı qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 3.000 manat məbləğində borc verməsini bildirsə də, bu halı təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Göründüyü kimi, iddiaçının müraciəti əsasında PB-də araşdırma aparılarkən cavabdeh müəyyən olunmamışdır. PB-də olan şikayətdə iddiaçı 3000 manat pulun 1000 manatı X4, 1000 manat isə X1 məxsus olduğunu bildirmişdir. Bundan əlavə iddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzin surətində X3 iddiaçının qeyd etdiyi borc münasibətlərində kimliyi, cavabdehin anası olması və.s hallar müəyyən olunmur. Həmçinin məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin “2600 manat borcun qaytarılması” hissəs təmin edilmədiyindən, tələbin “565 manat faizin tutulması” hissəsi tələbin ilkin hissəsindən irəli gəldiyindən və əlavə tələb kimi sayıldığından öz-özlüyündə əsassız sayılmalıdır. Kollegiya apellyatorun işə qiyabi icraat qaydasında baxılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması məhkəməyə hüquq verməklə, imperativ norma deyildir. Bundan əlavə MPM-nin 241.4-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması üçün iddiaçının tələbi əsaslı olmalıdır. Hazırki halda isə, iddiaçının heç bir mötəbər sübutu mövcud deyildir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 1334/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar