Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12365/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(009)-1854/2021 saylı qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(009)- 1854/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi təmin edilərək Bakı Şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 Y/M, 4 saylı evin yaxınlığında yerləşən 208 kv.m torpaq sahəsinin 49 il müddətinə iddiaçıya icarəyə verilməsinə dair 1280 saylı, 03.02.2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(009)- 1854/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə qətnaməsi 06.09.2021ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş olsa da, yaranmış pandemiya və məsul olan şəxsin xəstəliyi səbəbindən qətnamədən vaxtında apellyasiya şikayəti verilməmişdir. Tərəfindən qeyd edilən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş, şikayətdə torpaq üzərində dövlətin müstəsna mülkiyyət hüququna qəsd olunduğu, əsassız olaraq torpaq sahəsinin dövlət mülkiyyətindən çıxarıldığı qeyd edilməklə yanaşı, vəsatətlə məhkəməyə müraciət olunmuş və məsələ ilə əlaqədar yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hesab edir ki, vəsatətin təmin olunmamasına dair məhkəmə qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Əvvəla, ona görə ki, işdə nümayəndə kimi iştirak edən əməkdaşın özünü pis hiss etməsi və yaranmış pandemiya şikayətin vaxtında verilməsinə maneəçilik törətmişdir. Digər tərəfdən də, iddiaçının icarəyə götürüb üzərində tikili inşa etdirib satdığı torpaq sahəsi dövlət mülkiyyətindədir və hazırkı iz üzrə məhkəmə qətnaməsi dövlət əmlakının dağıdılmasına şərait yaradır və bu qanunvericiliyə ziddir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(009)- 1854/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmədə işə baxılan zaman Bakı Şəhəri İcra Hakimiyyəti bütün səlahiyyətlərini X1 həvalə etmişdir. Xəbərnamədən görünür ki, hazırki iş üzrə Səbail Rayon Məhkəməsinin qətnaməsi 06.09.2021-ci il tarixdə imzalanaraq alınmışdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra bir ay müddətində verilir. Cavabdeh heç bir üzürlü səbəb olmadan qanunvericiliklə nəzərdə tutulmuş bir aylıq müddət keçdikdən sonra qətnamədən şikayət verərək qətnamədən şikayət verilmə müddətini ötürmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, qətnamə cavabdehə 06.09.2021-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya şikayəti və vəsatət isə məhkəməyə 11.11.2021-ci il tarixdə daxil olmuşdur. Halbuki, cavabdeh apellyasiya şikayətini 06.10.2021-ci il tarixədək təqdim etməli idi. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzürlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti cavabdeh tərəfindən verilməli olduğundan, onun nümayəndəsinin səhhəti ilə əlaqədar prosessual müddətin ötürülməsi apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Hazırki iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin cavabdehdən asılı olmayan səbəblərdən baş verməsi sübuta yetirilməmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(009)-1854/2021 saylı qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(009)- 1854/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12365/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12365/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver