Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1237/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(009)- 1426/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 87112,96 manat əsas, 3906,39 manat faiz olmaqla, cəmi 91019,35 manat borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1426/2020 saylı 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 87112,96 (səksən yeddi min yüz on iki manat doxsan altı qəpik) manat əsas borc, 3906,39 (üç min doqquz yüz altı manat otuz doqquz qəpik) manat faiz borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, İddiaçı ASC-nin xeyrinə tutulan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzili hərracdan satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ən geci 1 (bir) ay ərzində mənzildən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun hərbi vəzifə tutduğunu bildiyi və hazırda da müharibədə iştirakını bildiyi halda onu məhkəməyə verib kredit öhdəliklərini icra etmədiyi əsası ilə borcu tam ödəməsini istəmişdir. Ölkədə baş verən müharibə şəraitindən və onun hərbi vəzifə tutduğunu bilən məhkəmə isə bu hallara və MPM 254, 261-ci maddələrini nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, ilk öncə onu qeyd edir ki, MPM-in də tələbindən göründüyü kimi iddiaçı ilk öncə pretenziya qaydasına riayət etməli və hazırki mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qoyulmuş qaydaya əməl etməmişsə məhkəmə həmin mülki işin icraatına xitam verməli idi ki, məhkəmə bu qaydanı da kobudca pozmuşdur. Ona görə ki, onun hərbi təlimlər və müharibə vəziyyəti ilə əlaqədar olaraq nə yaşayış ünvanında, nə də hərbi hissədə olmadığından belə bir xəbərdarlığı alması mümkün ola bilməzdi. Bütün bu hallara baxmayaraq məhkəmə həmin mülki işin icrratına xitam vermək əvəzinə onun iddiasını isə qismən təmin etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdılar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06.02.2019-cu il tarixli, İBO/167 saylı kredit müqaviləsinə bank tərəfindən borcalana 300 ay (25 il) müddətinə, illik 7 faiz ödəmək şərtilə 88000 manat məbləğində kredit vəsaiti verilmişdir. 07.02.2019-cu il tarixli Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 06.02.2019-cu il tarixli, İBO/167 saylı kredit müqaviləsinə əlavədən görünür ki, kredit borcu aylıq 621,97 manat olmaqla, 01.03.2019-cu il tarixdən başlayaraq 01.02.2044-cü il tarixdə bitməli idi. Maliyyə arayışından görünür ki, Cavabdeh1 03.06.2020-ci il tarixə 87112,96 manat əsas, 3906,39 manat faiz olmaqla, cəmi 91019,35 manat borcu mövcuddur. Cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və X2 notariat qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən, 1 saylı evin 18 saylı mənzili üzrə kredit ödənişi əmlaka yönəldiyi halda mənzili qeydşərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclular müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehdən banka olan borcun məbləği maliyyə arayışına əsasən hesablanmışdır. Maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi ev 1, 18 saylı mənzilin bazar dəyəri 111.000 manat müəyyən edilmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC-nin ƏEM/A 74-395/21 saylı 14 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi ev 1, 18 saylı mənzilin likvid dəyəri 120.000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi ev 1, 18 saylı mənzilin likvid dəyəri ekspert rəyi ilə 120.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh1 tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, pretenziya məktubu Cavabdeh1 göndərilmişdir. Belə olan halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1unn apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(009)-1426/2020 saylı qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi ev 1, 18 saylı mənzilin likvid qiyməti 120.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh1 tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1unn apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(009)-1426/2020 saylı qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi ev 1, 18 saylı mənzilin likvid dəyəri 120.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanısın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh1 tutularaq, “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1237/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1237/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver