Məhkəmə qərarları › İş №2(103)-1238/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1238/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1238/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması, maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 12.500 manat borc, 468 manat müalicə xərcləri, həmçinin 10.000 manat mənəvi ziyan olmaqla, ümümilikdə 29.068 manatın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh2 12.500 manat alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın ona münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 iddiaçı ilə bağladığı kredit müqaviləsi əsasında sonuncudan borc götürmüş, sonradan isə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yəni, hazırkı işin hallarına görə mübahisələndirilən qətnamə ilə pulun tutulması qət edilən Cavabdeh2 borcun əmələ gəlməsinə əsas olmuş kredit müqaviləsinin bağlanmasında belə Cavabdeh1 təmsil etməmiş, nə də ki, adı çəkilən şəxsə nəzarət etmək vəzifəsi daşımamışdır. Əksinə, Cavabdeh1 həmin müddətdə tam fəaliyyət qabiliyyətli şəxs olmuş, kredit müqaviləsi ilə məhz özü üçün öhdəlik yaratmışdır. Belə olan halda, 12.500 manat borcun müqavilə üzrə borclunun qəyyumundan (təmsilçisindən / nümayəndəsindən) tutulması anlaşılan deyildir. Borc Cavabdeh1 tərəfindən tam fəaliyyət qabiliyyətli olduğu dövrdə götürüldüyü üçün pul onun özündən tutulmalı idi. Qətnamə icraya yönəldikdən sonra isə icra hərəkətlərini borcunun / qəyyumluğa verilən şəxsin əmlakının hesabına onun qəyyumu icra edə etməli idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qaytarılmaq şərtilə 12.500 manat məbləğində borc verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1465/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilərək, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına ilə Cavabdeh2 bacısı xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1 qəyyumu təyin edilmişdir. Hazırkı iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyini bildirərək, borcun, eyni zamanda ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. İş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli məhkəmə iclasında birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 məhkəmə qərarına əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və bacısı Cavabdeh2 onun qəyyumu təyin ediliyindən onun qəyyumu Cavabdeh2 cavabdeh qismində tanınmalı olduğunu bildirilmiş və iddiaçının nümayəndəsi Nümayəndə da buna etiraz etməmişdir. Birinci instansiya məhkəməsi, bu qənaətinə və müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı mülki qanunvericiliyin normlarına istinad etməklə, iddianı qismən təmin edərək, 12.500 manat borcu cavabdeh qismində tanıdığı Cavabdeh1 qəyyumu Cavabdeh2 tutmuşdur. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən rayon məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmayaraq hesab edir ki, iddia, ona cavab verməli olan şəxsə qarşı irəli sürülmədiyi üçün təmin oluna bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Baxılan işdən görünür ki, sonradan məhkəmə tərəfindən cavabdeh qismində tanınmış Cavabdeh2, mübahisə predmeti olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 qəyyumu kimi xx.xx.2020-ci il tarixdə təyin edilmişdir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci və 33.5-ci maddələrinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Göründüyü kimi, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslər üzərində qəyyumluq müəyyənləşdirilir ki, qəyyum yalnız həmin dövrdə, yəni fəaliyyət qabiliyyətsiz olduğu dövrdə onun hüquq və vəzifələrinin həyata keçirilməsində onların adından iştirak edir. Bu hal isə ona dəlalət edir ki, şəxsin fəaliyyət qabiliyyətli olduğu dövrdə öz adından bağladığı müqavilələr üzrə öhdəliklərinin icrasına görə sonradan fəaliyyət qabiliyyətsiz hesab olunsa belə, birbaşa özü cavabdehlik daşıyır. Dolayısı ilə, həmin müqavilələr üzrə öhdəliklərinin pozulmasına görə öz əmlakı ilə cavabdehdir. Qəyyum isə yalnız qəyyumluqda olanın adından bağladığı əqdlər üzrə öhdəliyinin icra edilməməsi onun təqsiri üzündən baş verdiyi sübut oldunduğu halda öz əmlakı ilə məsuliyyət daşıya bilər. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh1, İddiaçı ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsini bağlayarkən faəliyyət qabiliyyətli olmuş və həmin əqdi borcalan qismində şəxsən imzalamışdır. Belə olan halda, mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından sözügedən kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə öz əmlakı ilə birbaşa cavabdehdir. Ona görə də, cavabdeh qismində tanınmış Cavabdeh2 hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs deyil. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da vurğulayır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt cavabdeh qismində Cavabdeh1 qeyd etsə də, sonradan məhkəmə prosesində Cavabdeh2 cavabdeh qismində tanınmasına etiraz etməməklə, bu fatkı qəbul etmiş və borcun həmin şəxsdən tutulmasını tələb etmişdir. Kollegiya, bu halın hazırkı iddianın rədd edilməsi üçün kifayət olduğunu və prosessual qənaət prinsipini nəzərə alaraq, tələbin əsasında duran faktiki hallar üzrə əlavə araşdırma aparmağa və onlara hüquqi qiymət verməyə zərurət görmür. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsaəsn, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1677/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması, maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar