Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1240/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə normalarının müəyyən edilməsi barədə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə normalarının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı, İddiaçının nümayənədəsi və vəkili Nümayəndə2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4304/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.10 kv/m olan fərdi yaşayış evinin “A” tikilisindən 1 otaq (9.3 kv.m, k/s-6.7 kv.m) payı Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçirilmişdir.
2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.10 kv/m olan fərdi yaşayış evinin “A” tikilisindən 1 otaq (9.3 kv.m, k/s-6.7 kv.m) payı Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 174 nömrəli reyestr kitabında 7755 səhifədə 30/02 nömrə ilə xx.xx.2006-cı il tarixində qeydiyyat aparılmışdır.
3. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı adına verilmiş ******* nömrəli arayışa əsasən İddiaçı 21 fevral 2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyatda olan digər şəxlər siyahısında X4, X2, X3, Cavabdeh2, X5, X8, Nümayəndə1 göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə normalarının müəyyən edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 otaqlı, 7 saylı mənzilin sonuncu otağının onun və övladlarının istifadəsinə verməklə mənzilin kommunal şəraitinin ümumi istifadədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayon, Z.Adıgözəlov küçəsi, dalan 9, 7 saylı evdə birinci cavabdehin mülkiyyətində olmaqla 1 otaqdan ibarətdir, lakin əlavə 2 otaq inşa edilmiş və 21 fevral 2012-ci il tarixdən bu ünvana ailə üzvü olaraq gəlin köçmüş və yaşamışdır. Birgə nikahdan doğulmuş üç övladından 2si, yəni xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 bu ünvanda onunla birlikdə yaşayır. İkinci cavabdehlə aralarında bağlanmış nikahın pozulması ilə bağlı iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində araşdırılır. Münasibətlərinin gərgin olduğu üçün mənzildə istifadə qaydalarının müəyyən edilməsi vacibdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4304/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 22 oktyabr 1996-cı il tarixdə nihaka daxil olmuşlar, 21 fevral 2012-ci il tarixdə övladları ilə birlikdə digər Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisindən 1 otağa köçmüşlər, hazırda da faktiki olaraq həmin ünvanda yaşayırlar və İddiaçı, övladları X3, X2 həmin ünvanda qeydiyyatdadırlar. İddiaçı ünvan 2 otaqlı, 7 saylı mənzilin sonuncu otağının onun və övladlarının istifadəsinə verilməklə mənzilin kommunal şəraitinin ümumi istifadədə saxlanılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı nikahın pozulması tələbi ilə də məhkəməyə müraciət etmiş və hazırda mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmamış, iddiaçı ilə cavabdehlər arasında olan ailə münasibətlərinə xitam verilməmiş və hazırda İddiaçı Cavabdeh1 övladları X3 və X2 ilə birgə faktiki olaraq sözügedən mənzildə yaşayırlar.
8. Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini belə əsasalandırmışdır ki, iddiaçı istifadə hüquqları ilə bağlı tələblə məhkəməyə müraciət etsə də, cavabdehlər tərəfindən həmin mənzildən istifadəsinə məhdudiyyətin qoyulması və ya hər hansı maneələrin yaradılması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 228.1, 228.2, 228.5-ci; Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı; Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı istifadə hüquqları ilə bağlı məhkəməyə müraciət etsə də, cavabdehlər tərəfindən həmin mənzildən istifadəsinə məhdudiyyətin qoyulması və ya hər hansı maneələrin yaradılması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmənin bu mövqeyi tamamilə haqsızdır. Belə ki, maneənin olub-olmamasını məhkəmə ümumiyyətlə aydınlaşdırmamışdır. Maneənin olduğu cavabdehlərin məhkəmədə verdiyi izahatlardan açıq-aşkar müəyyən olunurdu. Bundan başqa Yasamal Məhkəməsinin qətnaməsindən sonra o övladı ilə birgə bir daha mənzilə daxil olmaq istədi və iddiaçı onlar tərəfindən yenə qovuldu. Bununla bağlı videoçəkiliş də mövcuddur. Məhkəmə baxışı zamanı flashkart da təqdim edəcək. Eyni zamanda birinci instansiyada icraat zamanı onun iddiasıyla nikahın pozulması işi davam edirdi. Məhkəmə bu halı da nəzərə almamışdır. Eyni zamanda məhkəmənin sadaladığı halların mənzildə istifadə normasının müəyyən edilməsinə nə kimi maneçiliyi ola bilər ki? Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin bir hissəsi özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamışdır. Həmin tikili mənzilə əlavə olaraq birgə nikah dövründə tikilmişdir. Məhkəmə bu işin araşdırılması zəruri olan heç bir hərəkətlər etməmiş və işi araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, köhnə evdə onun haqqı çoxdur. O ev qaynanaslnın adına olsa da, yaşamaq üçün onlara vermişdi, onlar yaşayırdılar. Həyat yoldaşı neft şirkətində işlədiyi üçün ev növbəsində idi, ona görə evi adına keçirməmişdi. 2008-ci ildən o evdə yaşamışdır, 2012-ci ildə qeydiyyata düşmüşlər. Hazırda da o evdə yaşayır. Onu döyür, təhqir edir ki, evdən çıxsın. Kommunal ödənişləri etsə də, işıqdan, qazdan istifadəyə icazə vermir. O evə bir otaq artırma etmişlər. Həmin otağın uşaqları ilə onun istifadəsinə verilməsini istəyir. Qaynanası o evdə yaşamır, onlar yaşayırlar. Bəli, məişət avadanlıqlarından istifadəsinə maneçilik törədir.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayənədəsi və vəkili Nümayəndə2 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, cavabdehin özü keçən məhkəmə iclasında şəxsən bildirib ki, o evi birgə nikah dövründə öz qazancı ilə tikilib. Onların tələbi maneələrin aradan qaldırılması ilə bağlıdır. Məhkəməyə təqdim etdikləri videoyazılarda açıq-aşkar cavabdeh iddiaçıdan evdən çıxmasını tələb edir.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 izahatında qeyd etdi ki, evlə əlaqədar bildirmək istəyir ki, cavabdehin qardaşının 2011-ci ildə toyu olub, həmin videogörüntülərdən görünür ki, o ev mövcud olub. Həmin ev iddiaçı ilə Cavabdeh1 nikaha daxil olmamışdan əvvəl mövcud olub.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 bildirdi ki, iddiaçının o evdə qalmasına razı deyil. O ev anasının evidir. 10 il orada kirayədə qalıblar.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, İddiaçı ilə Cavabdeh1 22 oktyabr 1996-cı il tarixdə nihaka daxil olmuşlar. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 21 fevral 2012-ci il tarixdə övladları ilə birlikdə digər cavabdeh olan qayınanası Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisindən 1 otağa köçmüşlər, hazırda da faktiki olaraq həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.10 kv/m olan fərdi yaşayış evinin “A” tikilisindən 1 otağı Cavabdeh2 paylı mülkiyyətindədir.
26. İş materiallarında olan video görüntülərdən müəyyən edilir ki, mənzildə əlavə tikililər var. İddiaçı əlavə tikililərin birgə nikah dövründə inşa edildiyini iddia edir.
27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5093 nörməli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində yerləşən 9-cu dalanda inşa edilmiş 7 saylı evin Cavabdeh2 mülkiyyətində olan “A” literli fərdi yaşayış evinin fakitki vəziyyətinin Texniki Pasportun göstəricilərinə uyğun olmadığı, “A” literli fərdi yaşayış evinin sahəsi 1.9 kv.m olan 6 saylı tikilisinin divarlarının sökülərək əlavə tikinti işləri aparılaraq sahəsi 13.1 kv.m (4.2 x 3.1) olan tikili inşa edildiyi müəyyən edilmişdir.
28. Göründüyü kimi ekspert rəyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində yerləşən 9-cu dalanda inşa edilmiş “A” literli fərdi yaşayış evinin sahəsi 1.9 kv.m olan 6 saylı tikilisinin divarlarının sökülərək əlavə tikinti işləri aparılaraq sahəsi 13.1 kv.m (4.2 x 3.1) olan tikilinin inşa edildiyi müəyyən edilmişdir.
29. İddiaçı bildirir ki, mübahisə predmeti olan ev qayınanasının mülkiyyətində olsa da orada bir otaq onunla ərinin birgə nikah dövründə inşa edilmişdir. İddiaçı iddia ərizəsində mübahisə predmeti olan evə 21 fevral 2012-ci ildə köçdüyünü qeyd etmişdir. Boşanma ərəfəsində olmaqla münasibətləri gərgin olduğundan iddiaçının cavabdehlər tərəfindən həmin evdə yaşamasına icazə verilmədiyini iddia edərək mübahisə predmeti olan mənzilin sonuncu otağının onun və övladlarının istifadəsinə verilməklə mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. 30.İşə birinci instansiya məhkəməsində baxılarkən tərəflərin nikahı hələ pozulmamış, hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3688/2024 nörməli, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikaha xitam verilmişdir. 31.İşin halları tərəflərlə müzakirə edilərkən bir daha təsdiq olunur ki, iddiaçı və övladları mübahisə predmeti olan evdən (otaqdan) istifadə edirlər. İddiaçının mənzildən istifadəsinə real maneə yoxdur. Sadəcə Cavabdeh1 evin anasının mülkiyyəti olmasını əsas gətirərək iddiaçının orada yaşamasına etiraz etdiyini bildirir.
32. Kollegiya qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilədaxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir.
35. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı mübahisə predmeti olan evdə 2012-ci ildən yaşayır. Həmin yaşayış sahəsindən iddiaçının istifadəsinə cavabdehlər tərəfindən maneə - evə buraxılmama, qapının açarının dəyişdirilməsi və sair bu kimi hallar yoxdur. İddiaçının mənzildən çıxarılması barədə iddia tələbi də verilməmişdir.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4304/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə adi edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov