Məhkəmə qərarları › İş №2(103)-1241/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1241/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1241/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, hakimin köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil X1, Cavabdeh və onun nümayəndəsi vəkil X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh 80000 ABŞ dolları əsas borcun, 36000 ABŞ dolları bank faizinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: məhkəmə iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində göstərmişdir ki, o iddiaçının qardaşıdır. Bütün məsələlər onun iştirakı ilə həyata keçirilmişdir. Belə ki, onun yaxın dostu Elman mülkiyyətində olan evin bankda girovda olmasını bildirərək atasına məxsus evi satıb bankın borcunu ödəyib, öz evini girovdan çıxarıb onların adına keçirilməsini xahiş etmişdir. O bildirəndə ki, Elmanın evi satmaq istədiyi atasına məxsus evdən bahadır, Elman demişdir ki, narahat olmasınlar. Sonra Elman onların evini 80000 ABŞ dollarına satmış və öz evinə onları qeydiyyata salmış və bacısının istifadəsinə vermişdir. Bacısı həmin evi kirayə vermiş və kirayə haqqı əldə etmişdir. Sonradan o Elmana demişdir ki, verdiyi sözə əməl etsin, yəni evi girovdan azad edib onların adına keçirsin. Lakin artıq ev bankın mülkiyyətinə keçdiyindən, Elman onlara demişdir ki, onlara 3 otaqlı ev alıb verəcək, yaxud da onlara ev almaq üçün pul verəcək. Bu barədə iltizam da yazmışdır. Onlara pul deyil, ev lazımdır (səh.47); X15 ilə X7 arasında bağlanılmış beh müqaviləsindən belə məlum olur ki, satıcı ona məxsus Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllə, ev 12, mənzil 8-i 80000 ABŞ dollarına - manat məzənnəsi ilə satmağa razılığa gəlmiş və bunun üçün 800 manat beh almışdır (səh.42); X8 adından etibarnamə əsasında çıxış edən Cavabdeh ilə X7 arasında Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanılmış xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən B.Abbasov mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədə yerləşən 12 saylı evin 8 saylı 3 otaqlı mənzilini X4 55000 manata satmışdır (səh.12);Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış borc qəbzin kserosurətinə əsasən, o, vətəndaş İddiaçı ünvan 1 ünvanında yerləşən üç otaqlı özəlləşdirilmiş mənzili (ümumi sahəsi olan) borc olaraq götürmüşdür və ona (Abbasova İ.B.) 3 il müddət ərzində verəcəyi təmirli özəlləşdirilmiş mənzili qeyd olunmuş vaxtda qaytarmağa iltizam vermişdir (səh.8); Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış və şahidlər kimi X20, X9 və X18 tərəfindən imzalanmış iltizamın kserosurətinə əsasən, o, vətəndaş X20 və İddiaçı Ə.Ələkbərov küçəsi, 508 məhəllə, ev 12, mənzil 8-i Xruşov tipli 3 otaqlı mənzili götürüb satmışdır. İştirak edən hal şahidləri olan X9 və X10 yanında bu iltizamı tərtib edir və söz verir ki, üç il ərzində eyni vəziyyətdə mənzili ya da o mənzili almaq üçün pul ödəməyə hazırdır və iltizamı ona görə imzası ilə təsdiq etmişdir (səh.9); Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnamənin kserosurətinə əsasən, iddiaçı "xxxxxxxxxxxx” ASC-nin cavabdehlər "xxxxxxxxxx” MMC-yə və Cavabdeh qarşı kredit borcunun qaytarılmasına dair iddia tələbinin qismən təmin edilməsi, "xxxxxxxxxx” MMCdən 90000 manat əsas borcun, 44991 manat faiz borcun, 1300 manat cərimə borcun və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 136311 manat borcun alınaraq "xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, 4-cü N.Nərimanov döngəsi, 35 fərdi yaşayış evinin 5/8 hissəsinə yönəldilməsi, həmin mənzil açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait "xxxxxxxxxx” MMC-nin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir (səh.21). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 80000 ABŞ dolları məbləğində pul tutulduğu anda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması, Cavabdeh İddiaçı xeyrinə 80000 ABŞ dolları məbləğində pul manat hesabı ilə tutulan anda həmin məbləğdən 44200 manat məbləğində pul çıxılmaqla yerdə qalan məbləğ İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 508, 739, 740, 217; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçının atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədə yerləşən 12 saylı evin 8 saylı mənzilin alqı-satqısından əldə olunan 80000 ABŞ dolları məbləğində pulu öz borclarını ödəmək üçün borc qismində götürmüşdür. Bunun əvəzində cavabdeh ona 3 otaqlı təmir edilmiş mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin öhdəliyi yerinə yetirməmiş və bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının atasının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədə yerləşən 12 saylı evin 8 saylı mənzili alqı- satqı müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə satılmış və həmin mənzilin satışından əldə edilmiş pul məbləği cavabdeh tərəfindən götürülmüşdür. Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etiraz ərizəsində etiraf etmişdir ki, mənzilin alqı-satqı müqaviləsində mənzilin qiyməti 55000 manat göstərilsə də, alıcı tərəfindən 80000 manat məbləğində pul ödənilmiş və həmin məbləğin hamısını cavabdeh özü götürmüşdür. İddiaçı 2012-ci ildən 2018-ci ilədək cavabdeh tərəfindən onun istifadəsinə verilmiş mənzili kirayə vermiş və kirayədən əldə etdiyi pul məbləği 39200 manat təşkil etmişdir. Cavabdeh satılmış mənzilə görə iddiaçıya başqa 3 otaqlı təmirli mənzil alıb verməyi öhdəsinə götürsə də, hazırki vaxtadək həmin öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçının atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədə yerləşən 12 saylı evin 8 saylı mənzilin alqısatqısına görə əldə edilmiş pulu borc kimi alsa da və bunun əvəzində iddiaçıya yeni təmirli mənzil verməyi öhdəsinə götürsə də, həmin öhdəliyi yerinə yetirəmmişdir. Bu səbəbdən, iddiaçı cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədə yerləşən 12 saylı evin 8 saylı mənzilin alqısatqısına görə əldə edilmiş pulu cavabdehdən tələb etməkdə tam haqlıdır. xx.xx.2016-cı il tarixədək qüvvədə olan Mülki Məcəllənin 740-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. xx.xx.2016-cı il tarixədək məbləğindən asılı olmayaraq borc müqaviləsinin şifahi formada bağlanılması qanunla yol verildiyindən, tərəflər arasında borc münasibəti həmin tarixdən əvvəl yarandığından, iddiaçının şifahi qaydada cavabdehlə borc münasibətlərinin yaranması qanuna zidd deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı borc kimi verilmiş pulun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Tərəflər arasında iddiaçının atasının mülkiyyətinə olan evin 80000 ABŞ dollarına satılması barədə razılığa gəlməsini nəzərə alaraq satışdan əldə olunan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olmuş əmlakın icarəyə verilməsindən 39200 manat pul əldə edildiyindən və cavabdeh tərəfindən borcdan 5000 manat ödənildiyindən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğindən həmin məbləğlər çıxılmalıdır. Məhkəmə iddia tələbinin 36000 ABŞ dolları bank faizinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Tərəflər arasında verilmiş borc üzrə faizlərin ödənilməsi ilə bağlı razılaşma olmamışdır. Digər tərəfdən cavabdehin borca götürülmüş puldan faydalanması ilə bağlı da iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edib, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli İş N2(009)- 2817/2019 saylı qətnaməni qismən (İddiaçı aid iddia ərizəsinin təmin olunmamış hissədə) ləğv edərək, iddianın tam təmin olunması barədə yeni qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8, 9, 77. 385; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəf olaraq öz etirazını əsaslandırmalıdır. Həmin qoşmaya baxaraq suallar meydana gəlir: 1) hansısa Ukrayna Respublikasının vətəndaşı hardan peyda olunub? 2) Qoşmada hər-hansı kirayə müqaviləsi hardadır? 3) 2012-ci ildən 2018-ci ilədək mənə aid olan pulundan çıxmalara (44200 manat) hesablamalar nəyi əsasında aparılır? Məhkəmə bu qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 218-ci maddənin tələblərini pozub. Məhkəmə tərəfindən müəyyən olunmuş lıesab edilən iş üçün əhəmiyyətli olan hallar Səbail Rayon Məhkəməsi tərəfindən sübut olunmamışdır. Qətnamədə və işin materiallarında cavabdehin iddianın tam qəbul edilməməsi ilə bağlı heç bir mötəbər sübut mövcud deyil. Eyni zamanda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin heç bir əsası olmadan sübutlarla təsdiqlənməyən hansısa mülahizələrinə əsaslanaraq, qətnamə qəbul etmişdir. Cavabdeh borc məbləğini qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirmiş, belə olan halda cavabdeh borc məbləğindən faydalanmağa görə iddiaçı həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, 2010-cu ildən indiyədək bank uçot dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 5% həcmində müəyyən edilmişdir. Həmin faizlər isə indiyədək 36000 (80.000*5%=4.000*9=36000) ABŞ dolları təşkil edir. Eyni zamanda bu 9 (dokkuz) il ərzində həmin mənzili iki dəfə təmir etmiş, evin bütün kommunal ödənişləri özləri həll etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia qismən təmin olunaraq İddiaçı Beybala qızına 32800 manat borcun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 76, 80; MM-in 152, 373, 375, 386,398, 597-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Abasov Beybala və onun oğlu X21 ilə əldə etdiyi şifahi razılaşmaya görə onlar ’’xxxxxxxxxxxx” ASC-yə borcu bağlamaq üçün ünvan 2 ünvandakı evin satılmasına razılıq vermişlər. İddiaçı Beybala qızı və qardaşı X21 həmin mənzildə nə yaşayıblar nə də ki qeydiyyatda olublar. xx.xx.2010-cu il tarixli AN-1№ ******* saylı mənzil alqı-satqısı müqaviləsinin 4-cü bəndində qeyd olunur ki, “Satıcı mənzili 55000 manata satıb. Alıcı isə həmin qiymətə alıb” ’’Tərəflər arasında satılan mənzilin qiyməti ilə əlaqədər hesablaşma Qaydasının müəyyən edən həmin müqavilənin 5-ci bəndində isə qeyd olunub, ki: “Alıcı bu müqavilənin 4-cii bəndində nəzərdə tutulan qiymətin notariusun bankda olan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir, Satıcı isə həmin məbləği bütünlüklə notariusun bankda olan depozit hesabı vasitəsi ilə qəbul edir”. X2 ilə bağlanmış ünvan 3 ünvandakı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, hesablaşma manatla aparılmışdır. Alıcı bank depoziti hesabına 55000 manat qoymuş və mən həmin məbləği bankdan almışdır. Məhkəmə qətnaməsində isə yazılıb ki, “İş üzrə X16 ilə X11 arasında bağlanmış beh müqaviləsindən belə məlum olur ki, satıcı ona məxsus ünvan 3-ci 80000 ABŞ dollarına-manat məzənnəsi ilə satmağa razılığa gəlmiş və bunun üçün 800 manat beh almışdır.” X16 ilə X11 arasında heç bir beh müqaviləsi bağlanmamışdır və belə müqavilə mövcud deyil. Məhkəmənin istinad etdiyi “beh müqaviləsi” isə əsli bəlli olmayan və həqiqiliyi şübhə doğuran kserosurətdir. Bu kserosurət ümumiyyətlə nə sənəd nədə ki sübut kimi qəbul edilə bilməz. Lakin, məhkəmə, onlara məlum olmayan səbəbdən, nədənsə, qətnamə qəbul edərkən dövlət notariat kontorunda bağlanan mənzilin alqı-satqı müqaviləsi şərtlərini deyil həqiqiliyi təsdiq olunmayan iddiaçının təqdim etdiyi bu kserosurətdə qeyd olunanları əsas götürmüşdür. Görəsən hakimi buna vadar edən nədir? Məhz bu səbəbdən məhkəmə səhv nəticəyə gələrək qərar vermişdir ki, satışdan əldə olunan məbləğ 80000 ABŞ dolları olmuş və manat məzənnəsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Halbuki, ünvan 4 ünvandakı mənzilin qiyməti alqı-satqı müqaviləsi bağlanan dövrdə 80000 manat təşkil edirdi. Həmin mənzilin indiki dövrdə qiyməti də eyni məbləğ təşkil edir. 2010-cu il valyuta məzənnəsinə görə 1 ABŞ dolları = 0,80AZN. Yəni, 80000 ABŞ dolları o zaman 64000 manat təşkil edirdi. Bu məbləğ isə qeyd olunan mənzilin bazar qiymətinə uyğun deyil. Qətnamənin əsaslandırıcı hissəsində “İş üzrə Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış borc qəbzin kserosurətinə ”, “ iş üzrə Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış iltizam kserosurətinə” - kimi ifadələrlə məhkəmə sübut kimi sənədin əslinə deyil hətta təsdiq olunmuş surətinə deyil kserosurətinə istinad edir. Halbuki, AR MPM-nin 89.3.-cü maddəsinin tələbinə görə “lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilməlidir”. X11 ilə bağlanan alqı-satqı müqaviləsi Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda xx.xx.2010cu il tarixdə bağlanıb. Həmin müqavilənin 4-cü bəndində qeyd olunur ki, satıcı mənzili 55000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Tərəflər arasında satılan mənzilin qiyməti ilə əlaqədər hesablaşma qaydasını müəyyən edən həmin müqavilənin 5-ci bəndində qeyd olunur, ki: Alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətin notariusun bankda olan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir, Satıcı isə həmin məbləği bütünlüklə notariusun bankda olan depozit hesabı vasitəsi ilə qəbul edir. Bir daha bildirmək istəyirəm ki, alğı-satqıdan sonra notariusun bankda olan depozit hesabı vasitəsi ilə 55000 manat verilmişdir. Alqı-satqı müqaviləsinədək X11 mənə 25000 manat vermişdir. Alıcı ümumilikdə mənzilə görə cəmi 80000 manat ödəmişdir. Ödənişin bu qaydada aparılması alıcının xahişi ilə onun alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini azaltmaq üçün edilmişdir. Həmçinin, iddiaçının valideynləri, iddiaçının özü və qardaşı onun mənzilində yaşayıblar. Valideynlərin ölümündən 2-3 ay sonra 2012-ci ildə iddiaçı qardaşı ilə birlikdə mənzildən çıxaraq evi boşaltmışlar. Qardaşı oradan Xaçmaza öz evinə iddiaçı isə atasının Novxanıdakı bağ evinə köçmüşlər. Mülkiyyətində olan ünvan 5 ünvandakı mənzil 2012-ci ildən 2018-ci ilədək Ukrayna vətəndaşı Kuçmenko Alekseyə icarəyə vermiş, 2012-ci ilin oktyabr ayından 2014-cü ilin avqust ayınadək dövrdə aylıq kirayə haqqı 700 manat, 2014-cü ilin avqust ayından 2015-ci ilin aprel ayınadək dövrdə aylıq kirayə haqqı 600 manat, 2015-ci ilin aprel ayından 2018-ci ilin iyun ayınadək dövrdə aylıq kirayə haqqı 500 manat olmuşdur. İddiaçı Beybala qızı yaxşı bilir ki, mənzil dollara deyil 80000 manata satılmışdır və o borcun əvəzi kimi mənzilin aylıq kirayə haqqlarını cəmi 39200 manat ondan manatla almışdır. İddiaçı bankda hesab açandan sonra onun bank hesabına borcundan 5000 manat ödəmişdir. İddiaçı ondan pul vəsaitlərini yalnız manatla alıb və heç vaxt başqa valyuta barədə ona irad bildirməyib. Məhkəməyədək borc məbləğinin manatla olub- olmaması heç vaxt mubahisələndirməyib. İddiaçı Beybala qızı və onun qardaşı X21 ilə yazılı borc müqaviləsi bağlanmayıb. Buna və iddia müddətinin buraxılmasına baxmayaraq, mənzilin satışından əldə edilən pul vəsaiti qaytarılmalıdır. Bu səbəbdən məhkəməyədək iddiaçıya 39200 manat və onun bank hesabına 5000 manat pul vəsaiti köçürərək qaytarmış, borcundan tələbkarın qardaşı X13 xahişi ilə onun tanışı Nəzakət adlı şəxsin əvəzinə banka 3000 manat olan borc məbləğini də ödəmişdir. Bu barədə o, İddiaçı Beybala qızının iddia ərizəsinə etirazında qeyd etmişdir. X21 işə şahid qismində cəlb edilmiş lakin, ödədiyi bu 3000 manat məbləğ məhkəmə baxışı predmeti olmamışdır. Bundan əlavə Səbail RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Raqif Şərifov tərəfindən cinayət işinin başlanması rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərar qüvvəyə minmiş və iddiaçı ondan şikayət verməmişdir. Beləliklə, mənzilin satışından aldığı 80000 manat məbləğdən 47200 manat məbləği ödəmişdir və iddiaçıya olan borcu cəmi 32800 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X3 öz apellyasiya şikayətini müdafiə edərək, cavabdehin 10 il onlara zülm etdiklərini, cavabdehin evin təmiri üçün nə qədər xərc çəkməsi barədə heç bir sübut təqdim etmədiyini bildirmiş və qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, atasının varisi olduğunu, mübahisəli ev alınan zaman 80000 ABŞ dolları 80000 manat məbləğinə bərabər tutulduğunu, indi dollar ekvivalentinin məzənnəsinin qalxdığı üçün manat ekvivalenti söhbətini ortaya gətirdiklərini, cavabdehin münasibətlərinin mərhum atası ilə yarandığını, sonradan pul məsələlərini həmişə onun qardaşı ilə danışdığını, Elmana evini kirayə verəcəyini bildirdikdə ona halal-xoşu olduğunu söylədiyini, Elmandan banka pul ödədiyini soruşduqda onun ayağını yel tutduğunu dedikdə artıq aldadıldıqlarını anladığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək, iddiaçının evini 80000 manat pul məbləğinə satdığını, iddiaçının onun öz evini xarici vətəndaşlara kirayəyə verdiyini, İlhama iddiaçının kirayə pulu ilə onun borcunu ödəməsini təklif etdiyini, lakin İlhamın iddiaçının ehtiyacı olduğu üçün pulu banka verə bilməyəcəyini söylədiyini bildirmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X22 qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək və öz şikayətini müdafiə edərək, mənzilin qiymətinin alqı-satqı müqaviləsinə əsasən, 55000 manat məbləğinə satılmasının qeyd edilməsinə baxmayaraq, əslində 80000 manat pul məbləğinə satıldığını, qarşı tərəfin isə 80000 ABŞ dolları pul tələb etdiklərini, məhəkəməyə bununla bağlı heç bir sübut təqdim etmədiklərini, birinci instansiya məhkəməsinin qətnamə qəbul edən zaman 80000 ABŞ dolları borc olduğunu qeyd etdiyini, iddiaçıya cavabdehin 39000 manat pulu ödədiyini, 3000 manat Nəzakətə ödəniş etdiyini, 5000 manat isə iddiaçının bank hesabına ödədiyini, hal-hazırda borcunun 32000 manat təşkil etdiyini, məhkəməyə təqdim edilmiş beh müqaviləsinin əslinin mövcud olmadığını, nüsxəsi olduğunu bildirmiş, qiymətləndirmə hesabatını və “Bank Respublika ASC tərəfindən verilmiş sənədlərini təqdim etmiş və öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iddiaçının qardaşı olduğunu, bütün məsələlərin onun iştirakı ilə həyata keçirildiyini, onun yaxın dostu Elmanın mülkiyyətində olan evin bankda girovda olmasını bildirərək atasına məxsus evi satıb bankın borcunu ödəyib, öz evini girovdan çıxarıb onların adına keçirilməsini xahiş etdiyini, Elmanın evi satmaq istədiyi atasına məxsus evdən baha olduğunu bildirdikdə Elmanın ona narahat olmadığını bildirdiyini, sonra Elmanın onların evini 80000 ABŞ dollarına satdığını, öz evinə onları qeydiyyata saldığını, bacısının istifadəsinə verdiyini, bacısının həmin evi kirayə verdiyini, kirayə haqqını əldə etdiyini, sonradan o Elmana verdiyi sözə əməl etməsini, yəni evi girovdan azad edib onların adına keçirməsini, lakin artıq ev bankın mülkiyyətinə keçdiyindən, Elmanın onlara 3 otaqlı ev alıb verəcəyini, yaxud da onlara ev almaq üçün pul verəcəyini bildirmişdir. Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxx” MMC-nin 001-01/MT/03-20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 508 məhəllə, ev 12, 8 saylı mənzilin 2010-cu il tarixinə əmlakın bazar dəyəri 82500 manat, 2020-ci il tarixinə əmlakın bazar dəyəri 89000 manat həcmində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının MM-in 21, 385- 388, 560, 739, 1091-1097; MPM-nin14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmayan və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, cavabdehin tələbi olmadığı halda onun (etirazında) irəli sürdüyü dəlilləri iddiaçının (etiraf etməməsinə baxmayaraq) tələbinin qarşılıqlı qismən əvəzləşdirilməsini həyata keçirməklə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq, iddia tələbindən kənar müzakirələr (araşdırmalar) aparmışdır. Cavabdehin etirazında əks etdirdiyi dəlillər qarşılıqlı iddia tələbin müzakirə predmeti ola bilərdi ki, bu zaman məhkəmə (öz prosessual vəzifələrinə müvafiq) bu hüquqların mövcudluğunu cavabdeh tərəfə izah etməkdə borclu idi. Ona görə, tərəflər arasında başqa münasibətlərin müzakirəsi, iddiaçının qəbul etmədiyi hissədə yolverilməzdir (hətta kökündə bu predmetlə əlaqəli olsa belə). İddianın predmetinə gəldikdə isə qeyd edilməlidir ki, mülki münasibətlər iddiaçının atasına məxsus mülk üzərində qurulmuş olsa da və münasibətlərin subyektiv hüquqa aid hissəsi mübahisələndirilməsə də məhkəmə kollegiyası cavabdehlə dostluq edən və münasibətlərin başlanmasında əsas rolu olan iddiaçının qardaşını cəlb edərək müəyyən etmişdir ki, davam edən münasibətlərdə mübahisənin iddiaçı ilə olması öz vərəsəlik hüquqları baxımından da cavanbdehə münasibətdə yolveriləndir. Cavabdeh satılmış evə görə 80000 manat məbləğində pul vəsaitinin alınmasını etiraf edir, evin 80000 ABŞ dolları məbləğinə satılmasına və ya evin 80000 manatdan baha qiymətə olmasına dair təkzibedilməz sübutlar mövcud deyil, borcun naturada qaytarılması təmin edilməmişdir (məhz bu münasibətlərdən irəli gələn cavabdeh tərəfindən ödənişlərin edilməsi və ya əvəzləşdirilməsi sübuta yetirilmir), ona görə onun pul ekvivalentində qaytarılması təmin edilməli, kirayə və digər mülki hüquqi münasibətlərdən irəli gələn tələblərlə bağlı müraciət hüquqları cavabdehə izah edilməlidir. Tələbin faiz hissəsinə aid hissədə təmin edilməsi bu tələbin qeyd edildiyi ildən cavabdehə qarşı yönəldiyinin (bərqərar olduğunun) sübuta yetirilməməsi və tərəflərin davam edən mülki münasibətlərində öz risk dairələrinə aid məsuliyyət həddi əsası ilə təmin edilə bilməz. Məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərcləri isə tərəflərin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaiti tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar