Məhkəmə qərarları › İş №2(103)-1241/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1241/2022

21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1241/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1, digər nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə bağladığı 06 dekabr 2013-cü il tarixli 185 saylı müqaviləyə əsasən, MTK-nın ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci korpusunun 3-cü girişinin 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili aldığını, müqavilənin 2.1-ci bəndində mənzilin dəyərinin hər kv.metr üçün 880 manat, yəni ümumilikdə 142 032 (yüz qırx iki min otuz iki) manat müəyyənləşdirildiyini, həmin məbləği 06 dekabr 2013-cü il tarixdə tam ödədiyini və bu barədə ona həmin tarixdə maliyyə arayışı verildiyini, binanın uzun müddət yarımtikili olaraq qaldığını, MTK üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə bina sakinləri ilə birlikdə binada olan çatışmazlıqları aradan qaldırdıqlarını və bunun üçün külli miqdarda vəsait sərf etdiklərini, bina sakinlərinin köməkliyi ilə binanın istismara qəbul edildiyini, bundan sonra MTK-nın haradansa peyda olduğunu və onlara MTK-nın icazəsi olmadan mənzillərinə çıxarış ala bilməyəcəklərinin söyləndiyini, çıxarış ala bilmək üçün məcburən MTK-ya pul ödədiklərini, 08.09.2020-ci il tarixdə mənzilinə çıxarış alarkən mənzilin ümumi sahəsinin 146,10 kv.metr olduğunu gördüyünü, beləliklə MTK-nın ondan 15,3 kv.metr üçün 13 464 (on üç min dörd yüz altmış dörd) manat artıq pul aldığını, hazırki dövrdə həmin ərazidə mənzilin 1 kv.m-nin sahəsinin orta hesabla 1500 (min beş yüz) manat təşkil etdiyi nəzərə alındığında MTK-nın ona 22 500 (iyirmi iki min beş yüz) manat ziyan vurduğunu irəli sürmüş, buna görə də MTK-dan 22 500 (iyirmi iki min beş yüz) manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manatın, yəni ümumilikdə 22 530 (iyirmi iki min beş yüz otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativindən 13 464 (on üç min dörd yüz altmış dörd) manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 18 (on səkkiz) manatın tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, iddiaçı ilə bağlanmış müqavilənin podrat müqaviləsi olduğunu, podrat müqaviləsi üzrə iddia müddətinin bir il müəyyənləşdirildiyini, mənzilin iddiaçıya 2013-cü ildə təhvil verildiyini və onun iddia müddəti olan 5 illik müddəti ötürdüyünü, mənzilin divarından divarına ölçülməsi zamanı müqavilədə müəyyənləşdirilən ölçüdə mənzil verildiyini, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 01.01.2013-cü il tarixdən qüvvəyə minməklə geriyə şamil edilməsinin mümkün olmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndələri Adilağa Hüseynov və Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (həyat yoldaşı) Rəhim Qurbanov isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin, iddiaçının iddiasının təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh MTK ilə Məmmədova (Qurbanova) Aytən Rəfail qızı arasında 06 dekabr 2013-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MTK, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci korpusunun 3-cü girişinin 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdələrinə götürmüş, mənzilin dəyəri hər kv.metr üçün 880 manat olmaqla ümumilikdə 142 032 (yüz qırx iki min otuz iki) manat müəyyənləşdirililmiş, iddiaçının həmin məbləği tam ödədiyinə dair ona 07 dekabr 2013-cü il tarixdə maliyyə arayışı verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən mənzil 08 sentyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr qeydiyyatına alınmış və İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmiş, çıxarışda mənzilin ümumi sahəsinin 146,10 m2 olduğu göstərilmişdir. İddiaçı işin məhz qeyd olunan hallarına istinad edərək MMC ilə bağladığı müqavilədə mənzilin ümumi sahəsinin 161,4 m2 göstərildiyini, lakin daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mənzilinin ümumi sahəsinin 146,10 m2 olduğunu, beləliklə də cavabdehin üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq ondan 15,3 m2lik fərqə görə artıq pul aldığını və həmin pulu geri qaytarmaq vəzifəsi daşıdığını irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə, ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış binasının 2-ci korpusunun 3-cü girişinin 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 148 saylı mənzilin sahəsinin 143,7 m2 təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı qarşısında götürdüyü öhdəliyə lazımi qaydada əməl etməmiş, ona təhvil verməli olduğu mənzil müqavilədə nəzərdə tutulan sahədən 15,3 m2 az ölçülü olmuşdur. İddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı cavabdehin nümayəndəsinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; işin hallarından isə aydın olur ki, iddiaçı mənzilin sahəsinin 06 dekabr 2013-cü il tarixli müqavilədə göstəriləndən az olduğunu 08 sentyabr 2020-ci il tarixdə mənzilə dair reyestr çıxarışı əldə etdikdən sonra bilmiş, 24 noyabr 2020-ci il tarixdə məhkəmədə müvafiq iddianı qaldırmışdır. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1306/2021 saylı iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar