Məhkəmə qərarları › İş №2(103)-1241/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1241/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1241/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “dəymiş ziyanın ödənilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2481/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı İB və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı İB-nin Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib olunmuş akt üzrə 13525,03 manat, 133,44 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 14058,47 manat məbləğində pulun tutulması barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2481/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borcun və ödənilmiş 133,04 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 139.1, 386.1, 442, 443.1, 448.1, 1096, 1097.1, 1097.3, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "X3”nın 3.2.1-ci bəndinə istinadən qeyd edilmişdir ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacdan kənar təbii qazdan istifadə hallarının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə zərər vurulması halının sübuta yetirilmiş olması ilə razılaşsa da, həmin aktlar əsasında borc məbləğinin hesablanmasında İddiaçı tərəfindən səhvə yol verildiyini qeyd edir. Görünür ki, aktlarda və digər sənədlərdə qeyd edilən itirilmiş təbii qaz həcmləri hesablanarkən cavabdehin sayğacdan istifadə etməklə təbii qazdan istifadə etdiyi dövrlərdəki real həcmlər, həmçinin mövsümi özəlliklər (yay aylarında təbii qazdan minimum istifadə edilməsi, qış aylarında təbii qazdan daha çox istifadə edilməsi kimi ümumi məlum olan tendensiyalar) nəzərə alınmamış, sərf edilməsi qeyd olunan qaz həcmlərində tarixi xronologiya üzrə məntiqi ardıcıllıq, mövsümlə əlaqədar azalma və çoxalma dinamikası pozulmuşdur. Bu hal, tərtib olunmuş hesablamalarda özünü qabarıq büruzə verir. Aktlar aşkar edilmiş faktlar üzrə tərtib olunsa da, aktlarda qeyd edilən məbləğlər real deyildir. Belə olduğu təqdirdə, təsbit olunur ki, aktlar baş vermiş təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının mövcud olması baxımından düzgün tərtib olunsa da, aktlarda qeyd edilən rəqəmlər reallığa uyğun deyil. Həm paylayıcının (iddiaçının), həm də istehlakçının (cavabdehin) qanunla qorunan mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Abonentin saldosundan, həmçinin tərtib edilmiş aktlardan məlum olur ki, iddiaçı tərəfindən cavabdehə - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 4918,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1110,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1340,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 313,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 602,1 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 635,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 615,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 50,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 20,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 640,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,6 manat olmaqla, cəmi 13525,03 manat məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır (hesablanmışdır); - 13 iyul 2021-ci il tarixli 01/3158 saylı müqavilədən məlum olur ki, İddiaçı İB-nin Bakı RQSD ilə istehlakçı İddiaçı İB arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmışdır. (iş.səh. 4-43, 34 ) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 106.1, 217.1, 217.3; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3"nın 6.5-ci bəndinə istinadən qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı Regional Qazın Satışı Departamentinə ərizə ilə müraciə edərək, 14501.28 manat borcu olduğunu etiraf etmiş və borcunun hissə-hissə tutulması üçün karta keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Bundan əlavə, məhkəmənin hüquqi yardıma görə ödənilmiş vəsait barədə sübutun təqdim edilməməsini qeyd etmişdir. Lakin, iddia ərizəsi elektron məhkəmə sisteminə yüklənilərkən iddiaçı tərəfdən hüquqi yardımın ödənilməsinə dair xx.xx.2022-ci il tarixli hesabdan çıxarış əlavə edilmiş və həmin çıxarışdan da görünür ki, xx.xx.2022ci il tarixdə iddiaçı "Azəriqaz" İB tərəfindən 400 manat pul Cavabdeh işi üzrə hüquqi xidmət üçün ödənilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182, 385.1, 441, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1, 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsi əsassızdır. Belə ki, məhkəmə işə baxarkən mənzilin mülkiyyətçisinin kim olduğunu dəqiqləşdirməmiş və onun iştirakı olmadan işə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 387.2.4 məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmış ailə üzvlərini işə cəlb etməmiş, lakin onların hüquqlarına toxunan qətnamə qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə hər iki tərəf şikayət verdiyindən qətnamə mübahisələndirilən hissələrdə (dəlillərə münasibətdə) tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, iddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.

9. Belə ki, cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, təqdim edilən aktlarla bir neçə illər boyu iddia edilən pozuntuların iddiaçı tərəfindən cavabdehin aktlarla və yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən iddiaçının şikayətinin (iddiasının) dəlillərinə qiymət verilməsi isə suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. İddiaçının (vəzifəli şəxslərinin) tərtib etdiyi aktlarının nəticəsiz qalması, bu aktların davamlı olaraq bir neçə il ərzində cavabdehin iştirakı olmadan tərtib edilməsi və sonrakı aktın tərtibi zamanı ondan öncəki aktın mövcudluğu, onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktların hər biri üzrə peşəkar struktur təsisata malik olan iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır (aktların tərtib edilməsində cavabdehin və ya iddiaçıya aidiyyəti olmayan digər şəxslərin iştirakı təmin edilməmiş, foto-video çəkilişin aparılması və onların müvafiq qeydiyyatı bu aktlarda təsbit edilməmiş, talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). Cavabdehin mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqa zidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və iddiaçının iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.

10. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi, aktların baş vermiş təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının mövcud olması baxımından düzgün tərtib olunduğu, aktlarda qeyd edilən rəqəmlərin reallığa uyğun olmadığı, tərəflərin qanunla qorunan mənafeləri nəzərə alınaraq tələb edilən məbləğin tam olaraq deyil, ağlabatan məbləğdə tutulması əsası ilə iddianın qismən təmin edilməsi özü-özlüyündə ziddiyyətli və əsassız nəticədir.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə əsasən: 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

12. Qanununun 6-4-cü maddəsinə görə, Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

13. Qanunun 13-cü maddəsinə əsasən: 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 10. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

14. Mülki Məcəlləninin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddəsinə əsasən, Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

16. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

17. Təfsir edilən hallar üzrə hüquqi istinadlara əsasən kollegiya diqqətə çatdırır ki, mübahisə edilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, cavabdehin apellyasiya şikayəti üzrə tələbi isə, sübuta yetirilməyən iddiaya münasibətdə, əsaslı olduğundan, qətnamə qismən – iddianın təmin edilən (təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borcun və ödənilmiş 133,04 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi) hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

18. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə və digər məhkəmə xərcləri (iddianın əsassızlığı və şikayətlər üzrə tələblər nəzərə alınaraq) onu ödəyən şəxslərə aid edilməlidir.

19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2481/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin edilən (təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borcun və ödənilmiş 133,04 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi) hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar