Məhkəmə qərarları › İş №2(103)-1241/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1241/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1241/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5520/2023 nömrəli 20 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli 100.LN.1102.271119.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən borclu Cavabdeh 36 ay müddətinə illik 20 (iyirmi) % ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir.

2. Cavabdehə kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2503,33 manat –1886,91 manat əsas, 407,94 manat faiz borcu, 169,74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,74 manat faiz borcu və ödənilmiş 45,76 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20 (iyirmi) % ödəmək şərtilə 2500 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir.

5. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2019-cu il tarixli 100.LN.1102.271119.00001 saylı kredit müqaviləsinə əsasən ASC-yə xx.xx.2023-cü il tarixə 1886,91 manat əsas, 407,94 manat faiz, 169,74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,74 manat faiz borcu vardır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 noyabr 2023-cü il tarixli 2(004)-5520/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmiş, Cavabdeh 1886,91 manat əsas, 407,94 manat faiz borcu, 169,74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 38,74 manat faiz borcu, cəmi 2503,3 manat məbləğində pulun iddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə ödənilmiş 45,76 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ASC-yə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəlikərini icra etməmişdir. Cavabdeh etiraz ərizəsini ünvanlasa da, etirazı əsaslandırmamış və etirazın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir.

8. Bundan başqa məhkəmə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi müddətini tələb olunan əsas borc məbləği və ona hesablanmış faiz borcu, eləcə də cərimə məbləğinin ağlabatan sayaraq, onu əsas borca mütənasib hesab etmişdir. Belə olan halda əlavə ekspertizaların keçirilməsi, işə baxılma müddətlərində süründürməçiliyə yol açmaqla, əlavə olaraq məhkəmə məsrəflərinin də artmasına səbəb olacaqdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə tərəflər arasında xx.xx.2019-cu ildə 36 ay müddətinə bağlanmış kredit müqaviləsi xx.xx.2022-ci ilə qədər qüvvədədir və kredit faizi də yalnız bu tarixə qədər hesablana bilərdi. İddiaçı xx.xx.2023-cü il tarixə olan 407,94 manat faiz borcunu tələb etmiş, məhkəmə isə nəzərə almamışdır. Tərəflər arasında olan mübahisənin düzgün həlli üçün məhkəmə ilk növbədə kredit müqaviləsinin müddətinin başa çatdığı tarixə olan əsas borcu və faiz borcunu müəyyən etməli idi. Borcalanın razı olmadığı borc məbləği mühasibatlıq ekspertiza təyin olunmaqla dəqiq müəyyən edilməlidir.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

31. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.

32. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, tərəflər arasında xx.xx.2019-cu ildə 36 ay müddətinə bağlanmış kredit müqaviləsi xx.xx.2022-ci ilə qədər qüvvədə olmuşdur və kredit faizi də yalnız bu tarixə qədər hesablana bilərdi. İddiaçı xx.xx.2023-cü il tarixə olan 407,94 manat faiz borcunu tələb etmiş, məhkəmə isə nəzərə almamış, mühasibatlıq ekspertizası keçirilməmişdir.

33. Apellyasiya baxışı zamanı da vəsatət göndərərək, apellyasiya şikayətinin qeyd olunan dəlilinin yoxlanılması üçün hazırki işə iddia icraatı qaydasında baxılmasını və kredit müqaviləsinin başa çatdığı tarixə olan borc qalığını müəyyən etmək üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

34. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, tələb olunan 407,94 manat faiz borcu müqavilə müddəti üçün hesablanmış faiz borcudur, yəni tələb edilən 407,94 manat faiz borcu cavabdehin istinad etdiyi kimi xx.xx.2023-cü il tarixə qədər hesablanmamışdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlili iş materialları ilə təkzib edilir.

35. Belə olan halda borcun müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə də zərurət yaranmamışdır.

36. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5520/2023 nömrəli iş üzrə 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar