Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1244/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.” tələbinə dair ilk iddiası; "xxxx" MMC-nin İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbi üzrə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (Evin əvvəlki vəziyyətinin bərpa edilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(006)-1315/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə 1,1845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
2. "xxxx" MMC tərəfindən həmin Sərəncamın tələblərinə uyğun olaraq, qeyd edilən torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmış, ilkin iddia üzrə iddiaçı istisna olmaqla, bütün sakinlərlə (80-ə yaxın) müqavilələr bağlanmış, müqavilə bağlanan sakinlərin evləri sökülmüş, yerində yeni tikiləcək binanın özülü qazılmışdır. Həmçinin, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi ev 17, 6 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı ilə də danışıqlar aparılmağa çalışılmış, onunla razılıq əldə olunması mümkün olmamışdır. 3.İddiaçı məxsus ev ilkin mərhələdə binanın tikilməsinə mane olmasa da, binanın özülü qazılan zaman onun evinə bitişik boş torpaq sahəsi qrunt sularının təsiri ilə sürüşmüş və sürüşən zaman qeyd olunan ev tamamilə qəzalı vəziyyətə (hazırda tamamilə məhv olmuşdur) düşmüşdür. 4.Buna görə iddiaçı öncə ona dəymiş maddi zərərin ödənilməsini tələb etsə də, daha sonra tələb etdiyi maddi zərərin həcmini artırmış, sonda isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC tərəfindən onun evinin yerləşdiyi ərazidə (cavabdeh tərəfindən uçurulmamışdan öncəki formada, ölçüdə və yerləşdiyi yerində) əvvəlki vəziyyətdə tikərək ona təhvil verilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Cavabdeh "xxxx" MMC isə qarşılıqlı iddia irəli sürərək, qarşılıqlı iddia üzrə cavabdehə məxsus olan 6 saylı yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 61 m2 yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 400 manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6.İddiaçı Cavabdeh1 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən dəymiş ziyana görə 25.000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada dəymiş ziyana görə 40.000 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC tərəfindən onun evinin yerləşdiyi ərazidə (cavabdeh tərəfindən uçurulmamışdan öncəki formada, ölçüdə və yerləşdiyi yerində) əvvəlki vəziyyətdə tikərək ona təhvil verilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Bundan başqa, iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə xüsusi qərardad çıxararaq təqsiri olan şəxslərin məsuliyyətə cəlb olunmalarından ötrü, cinayət xarakterli hərəkətləri barədə prokurora məlumat verilməsini xahiş etmişdir. 10.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Çox təəssüflər olsun ki, bəzi hallarda Konstitusiyanın bu müddəasına bir sıra vəzifəli şəxslər və məmurlar əməl etmirlər və ulu öndər Heydər Əliyevin böyük zəhmətlə ərsəyə gətirdiyi ən ali qanunun ayaqlar altına atılması üçün (öz şəxsi maraqları naminə) əllərindən gələni edirlər. Belə ki, onun kimi vətəndaşların xüsusi mülkiyyətində olan evlər və torpaq sahələri bəzi MTK-lar tərəfindən zorla əllərindən alınır, dağıdılır və s. O, X2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində uzun illərdən bəri yaşayır. Həmin bir mərtəbəli fərdi yaşayış evi və ətraf əraziləri onların dədəbaba mülkləridir. 2021-ci ildən etibarən yaşadığı məhəllədəki evləri sökməyə başlayan Cavabdeh1 Şirkətinin rəhbərliyi, ona heç bir məlumat vermədən və onunla heç bir razılığa gəlmədən, yaşadığı evi və həyətyanı sahəni sökməyə başlamışdır. Hal-hazırda (qoşmada təqdim olunan fotolara nəzər saldıqda) onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin hansı hala salındığını görmək mümkündür. Evi hər an uçmaq təhlüksəsi ilə üz-üzədir və onun həyatı təhlükə altındadır. Əgər hansısa bədbəxt hadisə baş versə bunun cavabdehliyini kim daşıyacaq? Cavabdeh1 MMC onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik ərazidə söküntü apardığı üçün evi qəzalı vəziyyətə düşmüş və faktiki olaraq ona maddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün 25.000 manat pul tələb olunur. Məhkəməyə təqdim etdiyi fotolardan ona dəymiş ziyanın reallığı görünür. Məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir və ümid edir ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə ədalətli qərar qəbul edəcəkdir.
11. "xxxx" MMC İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi; İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2 -dən ibarət olan evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsinə və həmin evin "xxxx" MMC tərəfindən sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2 -dən ibarət olan evin əvəzinə yeni tikiləcək binada 61 m2 ölçüdə təmirli mənzilin 2 il müddətinə İddiaçı təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin "xxxx" MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC-yə ( "xxxx" MMC olmalı idi) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən dəymiş ziyana görə 25.000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Hesab edirlər ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə 1,1845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. "xxxx" MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2020-ci il tarixli 239 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. "xxxx" MMC tərəfindən həmin Sərəncamın tələblərinə uyğun olaraq, qeyd edilən torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmış, ilkin iddia üzrə iddiaçı istisna olmaqla, bütün sakinlərlə (80-ə yaxın) müqavilələr bağlanmış, müqavilə bağlanan sakinlərin evləri sökülmüş, yerində yeni tikiləcək binanın özülü qazılmışdır. Həmçinin, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi ev 17, 6 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. İlk iddia üzrə iddiaçının evi ilkin mərhələdə binanın tikilməsinə mane olmasa da, binanın özülü qazılan zaman onun evinə bitişik boş torpaq sahəsi qrunt sularının təsiri ilə sürüşmüş və sürüşən zaman qeyd olunan ev tamamilə qəzalı vəziyyətə düşmüşdür. Binanın özülünün tamamilə doldurulmadan həmin mənzilin bərpa edilməsi qeyrimümkündür, mümkün olduğu təqdirdə isə 80-ə yaxın sakinin mülkiyyət hüququnu itirməsi deməkdir. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 2 ünvanda yerləşən, 50,8 m2 -dən ibarət olan yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 61 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 manat kirayə haqqı təklif olunur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı qəzalı vəziyyətdə olan evlərin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hesab edirlər ki, iş üzrə ilk iddia rədd edilməli və Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi ev 17 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş qarşılıqlı iddia üzrə cavabdehə məxsus olan 6 saylı yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 61 m2 yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 400 manatkirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. 13.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 noyabr 2022-ci il tarixli, 2(006)-1315/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Ceyhun Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.” tələbinə dair ilk iddiası təmin edilməmiş, "xxxx" MMCnin İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında mövcud olmuş 50,8 kv.metr sahədən ibarət fərdi yaşayış evinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin İddiaçı təhvil verilməsi, həmin fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni 10 aprel 2022-ci il tarixdən etibarən yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat kirayə haqqı ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 14.Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 22 may 1998-ci il tarixli MH seriyalı, 145133 saylı qeydiyyat vəsiqəsindən və 213483 saylı texniki pasportdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 17 ünvanda yerləşən 1 yaşayış otağı mülkiyyət hüququ üzrə 22 may 1998-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, texniki pasport tərtib edilmişdir. 15.Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 13 yanvar 2022-ci il tarixli 37/Q-00122 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu 360cı məhəllədə Abay döngəsi 17 ünvanda "xxxx" MMC tərəfindən söküntü işlərinin aparılması nəticəsində ona aid mənzilin qəzalı vəziyyətə düşməsi barədə FHN-ə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti mütəxəssislər tərəfindən yerində araşdırılmış və aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Nəsimi RİH-ə 05 yanvar 2022-ci il tarixli xx/xx-00034 nömrəli telefonaqram ünvanlanmışdır (telefonoqram məktuba əlavə olunmuşdur). 16.Bakı şəhər İcra Hakimiyyəti başısının 02 noyabr 2020-ci il tarixli, 239 saylı sərəncamından, Torpaq sahəsinin icarəyə verilməsinə dair 19 yanvar 2021-ci il tarixli 1636 saylı müqavilədən, obyektin tikintisinə 10 fevral 2022-ci il tarixli Tİ-18/22 saylı icazədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 nömrəli və xx.xx.2008-ci il tarixli sərəncamları ilə Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yaşayış evlərinin tikintisi məqsədi ilə "xxxx" MTK-ya icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq sahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. 17."xxxx" MMC-nin 28 sentyabr 2022-ci il tarixli UNİ/S 22-653/22 saylı daşınmaz əmlakın kirayə haqqının müəyyən edilməsinə dair arayışından görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Abay döngəsi ev 17 (Təzə bazarın yaxınlığı) və yaxın ətraf ərazidə yerləşən ümumi sahəsi 50,8 m2 təşkil edən mənzillərin orta aylıq kirayə haqqı 300-350 manat təşkil edir. 18.Ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün cəmi 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 19.xx.xx.2022-ci il tarixli ********* saylı ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022-ci li tarixli, 10/2392 saylı rəyindən görünür ki, ünvan 8 ünvanda yaşayış evləri tamamilə söküldüyündən İddiaçı məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşüb-düşməməsini və hər hansı bir ziyan dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamışdır (qərardadın birinci və üçüncü sualları üzrə). ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin sökülməsi, cavabdeh "xxxx" MMC tərəfindən tədqiq olunan ünvanda aparılan tikinti işləri ilə (çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur) qazılmışdır) əlaqədar olduğu müəyyən olunmuşdur (qərardadın ikinci sualı üzrə). ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin (iddiaçının təqdim etdiyi texniki pasport və Nəsimi RİH-dən təqdim olunan xx.xx.2003-cü il tarixli 347 nömrəli Sərəncam nəzərə alınmaqla) yaşayış sahəsi 14,0 m2 , ümumi sahəsi isə 50,8 m2 təşkil edir (qərardadın dördüncü sualı üzrə). "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir (qərardadın beşinci sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 21.Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı öncə ona dəymiş maddi zərərin ödənilməsini tələb etsə də, daha sonra tələb etdiyi maddi zərərin həcmini artırmış, sonda isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC tərəfindən onun evinin yerləşdiyi ərazidə (cavabdeh tərəfindən uçurulmamışdan öncəki formada, ölçüdə və yerləşdiyi yerində) əvvəlki vəziyyətdə tikərək ona təhvil verilməsi; onun evinə bitişik olan, cavabdehlər tərəfindən qazılmış ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan ev uçaraq məhv olmuşdur. Ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin uçmasına səbəb ərazidə aparılan tikinti işləri ilə bağlı (çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur qazılmışdır) olmuşdur 23.Məhkəmə tərəfindən 04 aprel 2022-ci il tarixdə keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsinin Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yeni tikiləcək binanın özülünün qazılması və yeni tikiləcək binanın qazılmış özülünün ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə yaxın hissəsindən qurunt sularının axması nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Həmin fərdi yaşayış evinin 2 hissədən və ayrıca sanitar qovşaqdan ibarət olması müəyyən edilmişdir. Fərdi yaşayış evinin hissələrinə ayrı-ayrılıqda baxış keçirilərkən, yeni tikiləcək binanın özülünün qazılması nəticəsində fərdi yaşayış evinə məxsus otaqların divarlarının və tavanın çatlaması, fərdi yaşayış evinin həmin hissəsində yaşayışın mümkün olmaması müşahidə olunmuşdur. Baxış zamanı ilk iddia üzrə iddiaçı onun yaşadığı evin təmir edilməsini və dəymiş zərərin aradan qaldırılmasını xahiş etmişdir. Baxış keçirilərkən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin şəkilləri və videoları çəkilmişdir. Baxış keçirilmiş ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin çəkilmiş şəkilləri və videoları iş materiallarına əlavə edilmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, yuxarıda qeyd edilən ərazidə tikinti işləri "xxxx" MMC tərəfindən aparılır və iş üzrə Cavabdeh1 MMC cavabdeh kimi göstərilsə də, bu MMC-nin konkret hansı hal üzrə cavabdehlik daşıması müəyyən edilməmişdir. Buna görə də, məhkəmə ərazidə tikinti işləri aparan "xxxx" MMC-nin ilk iddianın dəlilləri üzrə hərəkətlərinə hüquqi qiymət verilməsini zəruri sayır. 25.Məhkəmə "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin uçmasında nə dərəcədə təqsirli olmasına hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilərək məhkəmənin qəbul etdiyi xx.xx.2022- ci il tarixli, e-MTT(006)- 3/2022 saylı qərardadı icra edilməməklə fərdi yaşayış evi uçmuş və iddiaçı faktiki olaraq evsiz qalmışdır. Lakin evin qəsdən və qərəzli şəkildə uçurulması iş materialları ilə müəyyən edilməsə də, məhkəmə fakt üzrə xüsusi qərardad çıxarmışdır. 26.Habelə, məhkəmə ilk iddianın təmin edilə bilməməsi nəticəsinə gəlmiş və bu qənaətini ilk iddianın əsassız olması səbəbi ilə deyil, hazırki mövcud vəziyyətdə ilk iddia üzrə iddiaçıya məxsus əmlakın əvvəlki vəziyyətdə bərpa edilməsinin qeyri-mümkünlüyü ilə əsaslandırmışdır. 27.Belə ki, əvvəla "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir. Özülün qazılması isə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 noyabr 2020-ci il tarixli 239 saylı Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı aparılmışdır, yəni qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. Bundan əlavə, əmlak tamamilə uçurulmuş vəziyyətdədir, həm də cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yaxınlığındakı bütün mənzillərin hamısı yeni tikintialtı sahələrə çevrilmiş, sökülərək sakinlərin köçürülməsi təmin edilmişdir. Həmçinin, ev tam uçmamışdan əvvəl baxış zamanı da müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan yaşayış sahəsi qəzalı vəziyyətlə olmaqla Bakı şəhərinin müasir vəziyyətinə cavab verməyərək görkəminə uyğun olmamışdır. 28.Lakin bununla belə məhkəmə göstərilən qənaətə gələrkən ilk iddiaçının mülkiyyət hüquqlarının qanunla qorunmasını və mülkiyyətinin tamamilə uçmasına baxmayaraq, ilk iddia üzrə cavabdehin bunun qarşılığında ilk iddiaçını yeni yaşayış sahəsi ilə təmin etməyə hazır olduğunu da nəzərə almışdır. 29.Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 noyabr 2020- ci il tarixli 239 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 nömrəli və xx.xx.2008-ci il tarixli sərəncamları ilə Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanda yaşayış evlərinin tikintisi məqsədi ilə "xxxx" MTK-ya icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq sahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahəyə bərabər olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan yaşayış sahəsinin istifadəçisi İddiaçı kirayə haqlarını qarşılıqlı iddia üzrə iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsinə daha geniş və yeni təmirli mənzili qəbul etməkdən imtina etmişdir. Sonradan isə həmin əmlak qarşılıqlı iddia üzrə iddiaçının ərazidə aparılan tikinti işləri ilə əlaqədar uçmuşdur. 30.Məhkəmə müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamı, habelə digər sənədlər təşkil edir və mübahisə edilən yaşayış sahəsinin uçmamışdan öncə yerləşdiyi ərazidə mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də qanuna uyğun həyata keçirilmişdir. 31.Yuxarıda qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, qarşılıqlı iddia üzrə iddiaçı hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və əsasən ona istinad etmişdir ki, cavabdeh istismar müddəti bitmiş şəhərin görkəminə xələl gətirən yaşayış sahəsinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə edir, bunun da nəticəsində müvafiq sərəncamın tam həyata keçirilməsi mümkün olmur. 32.Məhkəmə bir sıra beynəlxalq və ölkədaxili hüquq normalarına istinad edərək hesab etmişdir ki, ümumilikdə yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan yaşayış sahəsindən çıxarılma ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Bu hal hazırki iş üzrə də qaldırılmış iddia üzrə həll olunmalı olan məsələlərə daxil idi. 33.Belə ki, mübahisəli ev tam uçmamışdan əvvəl qaldırılmış iddia üzrə qarşılıqlı iddiaçı cavabdeh tərəfin mənzili boşaltdığı halda, əvvəl yaşadığı mənzildən daha geniş və yeni təmirli mənzilin verilməsinin sərəncamla "xxxx" MMC-nin üzərinə qoyulmuş vəzifəsi olmasını və MMC-nin də bu vəzifəsini yerinə yetirməkdən imtina etməməsini göstərmişdir. 34.Məhkəmə həmçinin müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə qarşılıqlı iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün MMC yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. 35.Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin tərəflər razılığa gəlməmişlər. 36.Məhkəmə bununla əlaqədar xüsusilə qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən "xxxx" MMC tərəfindən cavabdeh tərəfin yaşayış sahəsi ilə bağlı hüquqları tanınaraq sonuncu tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməyə cəhd edilməmiş və "xxxx" MMC-nin belə bir niyyəti olmasa da, ərazidə aparılan tikinti işləri, yəni, çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur) qazılması zamanı evin bir hissəsi uçmuş vəziyyətdə olmuş, ərazidə aparılan sonrakı tikinti işlərinin gedişatı evin tamamilə uçmasına gətirib çıxartmışdır. 37.Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən yol verilmiş bu nöqsanlara baxmayaraq, onun cavabdeh tərəfə istifadəsində olmuş əmlakın əvəzinə ədalətli təkliflər edilməsini, yəni həmin mənzilin qanuni sahəsinə uyğun, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə (əlavə sahə də verilməklə) təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətində olmasını və bu niyyətin izahatlara əsasən real olmasını nəzərə almışdır. 38.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin istifadəsində olmuş yaşayış sahəsinin aparılan tikinti işləri səbəbindən uçurulmuş vəziyyətə düşməsinə baxmayaraq, qarşılıqlı iddia tələbi qaldırılarkən cavabdehin evdən çıxarılmasına dair tələbin qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməzdi. 39.Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalı idi. 40.Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. 41.Məhkəmə əlavə olaraq onu da vurğulamışdır ki, vətəndaşların istismar müddəti uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olmuş yaşayış sahəsindən köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı,Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların, hazırki iş üzrə cavabdehin daha geniş və rahat mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. 42.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, yuxarıda göstərilən işlərin həyata keçirilməsini MMC öz üzərinə götürdüyündən və tələb irəli sürülərkən cavabdehin əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. vacib şərtlərlə bağlı bütün hüquqları qorunduğundan (riayət olunduğundan) qarşılıqlı iddia tələbi ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi isə 50,8 m2 təşkil edən evinin əvəzinə 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin İddiaçı təhvil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona kirayə haqqı ödənilməli olmasına dair hissələri də təmin edilməlidir. 43.Məhkəmə kirayə haqqının verilməsi ilə əlaqədar əlavə olaraq qeyd etmişdir ki, kirayə haqqı ödənilməsi mübahisəli fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni 10 aprel 2022-ci il tarixdən etibarən hesablanmalıdır. 44.Lakin məhkəmə iddianın digər hissələri üzrə qeyd etmişdir ki, məhkəmə baxışı dövründə İddiaçı mülkiyyətçisi olduğu ünvan 2 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2 -dən ibarət olan evi uçmuş və ərazi faktiki olaraq "xxxx" MMC-nin istifadəsinə keçmişdir. Belə olan halda isə tələbin İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən tamamilə qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 50,8 m2 -dən ibarət olan evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi hissəsinin təmin edilməsi zərurəti aradan qalxmışdır. 45.Qarşılıqlı iddiaçı mövcud vəziyyətdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət etmədiyinə görə məhkəmə qarşılıqlı iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməməsi nəticəsinə gəlmişdir. 46.Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.” tələbinə dair ilk iddiası təmin edilməməli, "xxxx" MMC-nin İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında mövcud olmuş 50,8 kv.metr sahədən ibarət fərdi yaşayış evinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzil İddiaçı təhvil verilməli, həmin fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni10 aprel 2022-ci il tarixdən etibarən yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat kirayə haqqı ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, 100 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. 47.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29, 43-cü; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.4, 10: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsi; “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü və 65-ci bəndinə və bir sıra digər qərarlara; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76, 13.7, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 48.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 49.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehlər onunla heç bir razılığa gəlmədən yaşadığı evi və həyətyanı sahəni sökmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin kobud qanun pozuntularına yol verərək məhkəmənin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MTT(006)-3/2022 saylı qərardadı icra etməməsinə görə cavabdeh barədə xüsusi qərardad çıxarsa da, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarması heç bir məntiqə sığmayan bir addımdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
50.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
51.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddia tələbi mənzilin cavabdeh tərəfindən əvvəlki vəziyyətinə bərpa edilməsidir və bu da mümkündür, həmçinin cavabdehin təqsiri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldırmaq ehtimalı olduğu halda, məhkəmə qarşılıqlı iddianı təmin edərək, onlara mənzil verilməsi qənaətinə gəlmişdir. Onların mənzil tələbi ilə bağlı iddiaları yoxdur. Qarşılıqlı iddianın təmin edilməsi, onları gələcəkdə zərər tələb etmək hüququndan da məhrum etmiş olur. 52.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, mənzilin məhv olmasında müvəkkili olduğu "xxxx" MMC-nin barəsində xüsusi qərardad da qəbul olunmuşdur. 53.Məhkəmə iclasının vaxtı və yeri bardə digər Cavabdeh1 MMC lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: 54.12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 55.13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 56.13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 57.29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 58.43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 59.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 60.Maddə 6.3.Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 61.Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 62.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 63.Maddə 152.6.Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 64.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 65.Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 66.Maddə 459.1.Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 67.Maddə 459.5.Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsi: 68.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 69.Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 70.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 71.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 72.Maddə 82.1.Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 73.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 74.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 75.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 77.Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
78.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 79.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni qeyd olunan hissələrdə mübahisələndirməklə, cavabdeh qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
80.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, məhkəmənin, ilk iddianın əsassız olması səbəbi ilə deyil, hazırkı mövcud vəziyyətdə iddiaçıya məxsus əmlakın əvvəlki vəziyyətdə bərpa edilməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olaraq gəldiyi nəticə qanuni və əsaslıdır. 81.Belə ki, işin halları və ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin uçmasına səbəb ərazidə cavabdeh "xxxx" MMC tərəfindən aparılan tikinti işləri ilə bağlı (çox mərtəbəli yaşayış evinin tikintisi üçün kotlavan (dərin özül üçün çuxur) qazılmışdır) olmuşdur. "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir. 82.Həmçinin, cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilərək məhkəmənin qəbul etdiyi xx.xx.2022- ci il tarixli, MTT(006)-3/2022 saylı qərardadı icra edilməməklə fərdi yaşayış evi uçmuş və iddiaçı faktiki olaraq evsiz qalmışdır. Lakin evin qəsdən və qərəzli şəkildə uçurulması iş materialları ilə müəyyən edilməsə də, məhkəmə fakt üzrə xüsusi qərardad çıxarmışdır. 83.İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün deyildir. Özülün qazılması isə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 noyabr 2020-ci il tarixli 239 saylı Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı aparılmışdır, yəni qeyd olunan torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilərək, tikinti işlərinin aparılmasına müvafiq icazə verilmişdir. Bundan əlavə, əmlak tamamilə uçurulmuş vəziyyətdədir, həm də cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yaxınlığındakı bütün mənzillərin hamısı yeni tikintialtı sahələrə çevrilmiş, sökülərək sakinlərin köçürülməsi təmin edilmişdir. Həmçinin, ev tam uçmamışdan əvvəl baxış zamanı da müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan yaşayış sahəsi qəzalı vəziyyətlə olmaqla Bakı şəhərinin müasir vəziyyətinə cavab verməyərək görkəminə uyğun olmamışdır. 84.Digər tərəfdən iddiaçıya məxsus fərdi yaşayış evinin yenidən bərpası yalnız ev tikintisi üçün qazılmış özülün doldurulması ilə mümküdür. Bu halda isə mənzillərini təhvil vermiş və mənzil gözləyən çoxsaylı mülkiyyətçilərin mülkiyyət hüquqları tənasübsüz surətdə pozulmuş olur. 85.Beləliklə, kollegiya hesab edir ki, Mülki Məcəllənin 459.5-ci maddəsinə uyğun olaraq hazırkı vəziyyətdə iddiaçıya məxsus fərdi yaşayış evinin yenidən bərpası tənasübsüz surətdə böyük xərc tələb etdiyindən və digər bir çox mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağından mümkün deyil. 86.Buna görə də kollegiya hesab edir ki, məhkəmə ilkin iddia tələbini düzgün olaraq təmin etməmişdir. 87.Məhkəmə kollegiyası qarşılıqlı iddianın qismən təmin edilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, bu hissədə qətnamə maddi hüquq normasının düzgün tətbiq edilməməsi; qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsi ilə qəbul olunmuşdur. 88.Belə ki, Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 90.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbini qismən təmin edərkən iddiaçının hüquqlarını pozmuşdur. 91.Belə ki, iddiaçı cavabdehin təqsiri nəticəsinə ona məxsus fərdi yaşayış evindən məhrum olmuş, buna görə cavabdehə qarşı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğuna baxmayaraq, qarşılıqlı iddianın qismən təmin edilməsi onu bu hüquqdan məhrum edir. 91.İddiaçı tərəf məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, cavabdehin təqsiri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldırmaq ehtimalı olduğu halda, məhkəmə qarşılıqlı iddianı təmin edərək, onlara mənzil verilməsi qənaətinə gəlmişdir. Onların mənzil tələbi ilə bağlı iddiaları yoxdur. Qarşılıqlı iddianın təmin edilməsi, onları gələcəkdə zərər tələb etmək hüququndan da məhrum etmiş olur. 92.Kollegiya hesab edir ki, ilkin vəziyyətin bərpası mümkün olmadığından, iddiaçıya cavabdeh tərəfindən pul verilə bildiyindən, qarşılıqlı iddianın qismən təmin edilməsi ilə iddiaçının gələcəkdə cavabdehə qarşı zərərdən irəli gələn pul tələbi məhdudlaşdırıla bilməz. 93.Beləliklə, qeyd olunan xüsusuatları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(006)-1315/2022 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 94.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(006)-1315/2022 saylı qətnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə-ilk iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov