Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1245/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)-6562/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2846 manat vurulmuş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə 13.03.2020-ci il tarixli, ALY-34 nömrəli «X4» əsasında lizinqə verilmiş «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə vermişdir. Digər Cavabdeh2 isə həmin sürücünü onunla tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh avtomaşını idarə edərkən 07.02.2021-ci il tarixdə, saat 10:00 radələrində Bakı-Quba yolunda manevr qaydalarını pozmuş və bununla əlaqədar 207 nömrəli arayış tərtib edilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 2846 manat məbləğində zərər dəymişdir. Hər iki cavabdeh qeyd olunmuş zərəri ödəməkdən imtina etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)- 6562/2021 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin olunmamışdır. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddanın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, suallara cavab olaraq iddia edilən yol nəqliyyat hadisəsinin məhz Cavabdeh1 tərəfindən törədilməsini təsdiq edən sübutların təqdim olunmamasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 13.03.2020-ci il tarixli, ALY-34 nömrəli X2 əsasən «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən İddiaçı lizinqə verilmişdir. İşdə olan 06.08.2020-ci il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ölkə ərazisində idarə edilməsinə səlahiyyət verilmişdir. İşdə olan 19.03.2021-ci il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X1 «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ölkə ərazisində idarə edilməsinə səlahiyyət verilmişdir. İşdə olan 07.02.2021-ci il tarixli, 207 nömrəli arayışın surətindən görünür ki, Bakı- Quba yolunun 28 km. ərazidə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə «Mersedes Benz» ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin iştirakçıları barədə məlumat qrafasında «Mersedes Benz» ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin X5, «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X3 tərəfindən idarə olunduğu müəyyən edilir. İşdə olan 28.06.2021-ci il tarixli RS avtosertvis tərəfindən tərtib olunmuş aktla «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanmasına dair aktda yekun zərər 2846 manat qiymətləndirilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallara əsasən – «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən İddiaçı lizinqə verilmiş, sonradan isə müvafiq etibarnamələr əsasında qeyd olunan şirkət Cavabdeh1 və X1 avtomobili idarə etmək səlahiyyəti vermişdir. 07.02.2021-ci il tarixdə Bakı-Quba yolunun 28 km ərazidə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə DYP tərəfindən rəsmiləşdirilmiş arayışla təsdiq olunmuş və hadisə zamanı «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin X3 olduğu müəyyən edilmişdir. Hazırda isə iddiaçı avtomobilinə vurulmuş ziyanın əvəzini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi, həmçinin etmişdir ki, iddiaçıya lizinqə verilmiş «Ravon R3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 07.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yetirilməsi iş materialları, təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iddiaçının cavabdehlərdən Cavabdeh2 qarşı, onun, iddiaçını digər cavabdehlə tanış etməsi və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürməsi əsası ilə iddia tələbi irəli sürməklə ondan da, maddi ziyan tələb etməsnə dair iddia tələbini əsassız sayır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, avtomobilə zərərin vurulmasına səbəb olan cavabdehlərin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutların təqdim olunmamasına və s. əsaslanmışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı 5 ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Mülki Məcəllənin 385.1, 386.1-cı maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1 və 443.2-ci madələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yol nəqliyyat hadisəsinin törədilməsində və bunun nəticəsində iddiaçıya ziyan dəyməsində cavabdeh tərəfin təqsirinin olmasına (deliktin cavabdeh tərəfindən törədilməsi, səbəbli əlaqə və s.) dair sübutlar təqdim olunmadığından iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının təqdim etdiyi sübutlardan və irəli sürdüyü dəlillərdən iddianın cavabdehlərə münasibətdə əsaslı olması görünmür. Əksinə, işdə olan 07.02.2021-ci il tarixli, 207 nömrəli arayışın surətindən görünür ki, Bakı-Quba yolunun 28 km ərazidə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə «Mersedes Benz» ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin iştirakçıları barədə məlumat qrafasında «Mersedes Benz» ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin X5, «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X3 tərəfindən idarə olunduğu müəyyən edilir. Həmçinin, işdə olan 19.03.2021-ci il tarixli, POA********** nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X1 «Ravon R 3» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili ölkə ərazisində idarə edilməsinə səlahiyyət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki qanunvericiliyin qeyd edilən tələblərinə görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia Cavabdeh1 aid hissədə əsassızdır. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Bununla yanaşı, iddia digər Cavabdeh2 aid hissədə də əsassızdır. İddiaçı həmin cavabdehə qarşı hissədə tələbini onunla əsaslandırmışdır ki, onu digər cavabdehlə tanış etmiş və öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Lakin, iddiaçı bu hissədə ümumiyyətlə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hətta iddiaçının bildirdiklərini şərti olaraq qəbul etsək belə, iddia həmin cavabdehə qarşı özü-özlüyündə əsassızdır. Çünki, bir şəxsin digər şəxsin öhdəliklərinin icrasını şifahi qaydada üzərinə götürməsi halı həmin şəxs üçün kreditor qarşısında öhdəlik yarada bilməz (məsələn, əgər söhbət zaminlikdən gedirsə, müqavilə yazılı qaydada tərtib olunmalıdır və s.). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)-6562/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)-6562/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1245/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1245/2022
01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver