Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1246/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1246/2022 (Açar sözlər:kredit müqaviləsi üzrə borc tələbi) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5561/2021 saylı 05 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə Bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfındən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAÇ-63 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir.
3. "xxxx" ASCnin Xaçmaz fılialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 544/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15% tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində kredit verilmişdir.
4. S-FK-XAÇ-63 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh 7956,02 ABŞ dolları məbləğində faiz borcunun tutulması ilə bağlı sənədlər İddiaçı QSC-yə verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(103)-1246/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli, 4/964 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 12-19-cu vərəqlərində olan 07 iyul 2006-cı il tarixli, 544/06 nömrəli “Kredit Müqaviləsi”nin kserosurətində “Borc alan” qrafalarında olan imzalar-Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(103)-1246/2022 saylı sorğusuna İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 30 mart 2022-ci il tarixdə 1603 saylı məktubu ilə cavab olaraq bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında imzalanmış Cavabdeh dair S-FK-XAÇ-63 saylı, 19 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş kredit qovluğunda Cavabdeh dair xx.xx.2006-cı il tarixli, 544/06 saylı “Kredit müqaviləsinin əsli” təqdim edilməmişdir.
8. İş materiallarından görünür ki, hazırkı iddia tələbi “X5 Edilməsi Agentliyi” tərəfindən qaldırıldığından Agentliyinin subyektiv hüququ olmaması əsası ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli, i2(103)-1242/2021 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia baxılmamış saxlanmışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 7956,02 ABŞ dolları məbləğində faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə Bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfındən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAÇ-63 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Xaçmaz fılialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 544/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15% tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh ona ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, onun banka olan borcu 7956,02 ABŞ dolları məbləğində faiz borcu təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə xəbərdarlıqlar edilmiş, lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(004)- 5561/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2006-cı il tarixli, 544/06 saylı kredit müqaviləsi üzrə 7956,02 (yeddi min doqquz yüz əlli altı dollar, 02 sent) ABŞ dolları faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla ödənilməsi) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" ASCnin Xaçmaz fılialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 544/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15% tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində kredit verilmişdir.
15. Məhkəmə vurğulamışdır ki, kredit verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7956,02 ABŞ dolları məbləğində faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 448.2, 739.1, 739.2, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qətnamədən Cavabdeh oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5561/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, tərəfindən ödənilmiş dövlət rüsumu və vəkil xərcinin iddiaçıdan alınaraq cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bank ASC-nin (ABB ASC) problemli kreditlərinin tələb hüququnu xx.xx.2018-ci il tarixli Aktla qəbul edərək daşıyan "xxxx" QSC ona qarşı əsassız olaraq iddia qaldırmışdır ki, guya cavabdeh ABB ASC ilə xx.xx.2006 il tarixdə 544/06 saylı kredit müqaviləsi bağlayaraq illik 15% olmaqla 12 ay müddətinə 101.205,0 ABŞ dolları vəsaiti götürmüş, həmin vəsaitin faiz məbləği 7.956,02 ABŞ dolları təşkil etmişdir. Qeyd edir ki, iddiaçı 2020-ci ildə də eyni tələblə müraciət etmiş, birinci instansiya məhkəməsi (xx.xx.2020, N2(004)-460/2020) tələbi təmin etməmiş, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli, iş N2(103)-1242/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələri var. Birinci instansiya məhkəməsində iddiaçının tələbi təmin edilməmişdir.Göstərilmişdir ki, müddət ötüb, sənədlərin (yazılı sübutların) əsilləri və ya təsdiq olunmuş surətləri işə əlavə edilməyib və bu səbəbdən ekspertizanın da keçirilməsi mümkün olmamışdır. QSC-nin şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi isə ərizəni baxılmamış saxlamışdır. Ona görə ki, iddia qaldırmış tərəfin bu hüququ olmamışdır. Hazırda da eyni tələblə ona qarşı çıxış edilir. İddianı qəbul etmir. Qətnaməni qanunsuz hesab edir. Ona görə ki, - məhkəmə cavabdehi məlumatlandırmamış və iştirakını təmin etməmişdir. Ş/v-də göstərilən ünvandakı ev “Sovetski” deyilən sahədə yerləşib və 2019-cu ilin may ayının 02-də sökülmüşdür. İddiaçı tərəf də onunla əlaqə saxlamağın yolunu bilirdi. Bundan başqa, məhkəmələrin şəxs barədə, onun telefon nömrələri barədə məlumat almaq imkanı vardır. Cavabdeh heç zaman kredit götürməmiş, deyilən müqavilədən xəbərim olmamış, kreditin əsas məbləği ilə bağlı məhkəmədə sual yaranmamışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onu məlumatlandırmamış və məhkəmədə iştirakını təmin etməmişdir. Ünvanla bağlı bildirir ki, şəxsiyyət vəsiqəsində göstərilən ünvandakı ev artıq movcud deyil. 02 may 2019-cu il tarixdən sökülmüşdür. Heç zaman kredit götürməmişdir. Qeyd olunanlara əsasən, qətnamənin ləğv edilməsini, tərəfindən ödənilmiş dövlət rüsumunun və vəkil xidmətinə ödənilmiş məhkəmə xərclərinin iddiaçıdan alınaraq xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X6 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
27. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
40. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır.
41. Belə ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə Bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfındən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAÇ-63 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Xaçmaz fılialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 544/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15% tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh ona ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, onun banka olan borcu 7956,02 ABŞ dolları məbləğində faiz borcu təşkil edir.
42. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, heç zaman kredit götürməmiş, deyilən müqavilədən xəbəri olmamış, kreditin əsas məbləği ilə bağlı məhkəmə araşdırma aparmamışdır.
43. Apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmənin verdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında imzalanmış Cavabdeh dair S-FK-XAÇ-63 saylı, 19 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən təhvil verilmiş kredit qovluğunda Cavabdeh dair xx.xx.2006-cı il tarixli, 544/06 saylı “Kredit müqaviləsinin əsli” təqdim edilməmişdir.
44. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(103)- 1246/2022 saylı qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli, 4/964 saylı məhkəməxəttşünaslıq ekspertizasının rəyindən görünür ki, 07 iyul 2006-cı il tarixli, 544/06 nömrəli “Kredit Müqaviləsi”nin kserosurətində “Borc alan” qrafalarında olan imzalar- Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.
45. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci və 386.1-ci maddəsinə əsasən.)
46. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
47. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı tələbini kredit müqaviləsindən yaranan müqavilə münasibətləri çərçivəsində irəli sürsə də buna əsas kimi müqavilənin əsli, həmçinin kassa-məxaric sənədləri məhkəməyə təqdim olunmamışdır.
48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM-in 14.2, 77.1, 88-ci maddələri).
49. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci olaraq 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir.
50. Eyni zamanda Kollegiya Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən hesab edir ki, Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq Cavabdeh xeyrinə ödənilməlidir.
51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində tələb etdiyi 100 (bir yüz) manat hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin ona geri qaytarılması xahişi əsassızdır..
52. Belə ki, Cavabdeh tərəfindən 100 (bir yüz) manat hüquqi yardım üçün vəkilə ödənilmiş xərcə dair sənəd iş materiallarında və apellyasiya şikayətinə əlavə olunmuş qoşma sənədlərdə öz əksini tapmamışdır. 53.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(004)- 5561/2021 saylı qətnaməsi ləğv olunsun. İddia tələbi rədd olunsun. Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq Cavabdeh xeyrinə ödənilsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci olaraq 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.