Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1247/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, tələbkarın nümayəndəsi (vəkili) Vəkil, borclunun nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmanətlərin, faizlərin, zərərin, həmçinin digər xərclərin qaytarılması və ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(006)- 6192/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İş iki dəfə apellyasiya baxışında olmuş, sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “müqavilələr üzrə hesablanan faizlərin bankdan tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(102)-252/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Tələbkarın nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş “həmin müqavilələr üzrə hesablanan faizlər” ifadəsinə izah verilməsi, faiz dərəcəsi müəyyən edilməklə faizlərin hansı tarixdən hansı tarixədək ödənilməli olması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nümayəndə sonradan ərizəyə əlavə verərək 26 noyabr 2018-ci il tarixli qətnamənin nəticə hissəsində göstərilmiş “həmin müqavilələr üzrə hesablanan faizlər” ifadəsinə izah verərkən faiz dərəcəsinin hər üç müqavilə üzrə 10 faiz olduğunu və faizlərin ödənilməli olduğu tarixin cinayətin törədildiyi günlərdən depozitin əsas məbləğinin qaytarıldığı tarixədək, yəni, 24 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 15 oktyabr 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 18 iyun 2021- ci il tarixədək (depozitin əsas hissəsinin qaytarıldığı tarixədək), 26 sentyabr 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 29 aprel 2014-cü il tarixdən (cinayətin törədildiyi tarix) 18 iyun 2021-ci il tarixədək (depozitin əsas hissəsinin qaytarıldığı tarixədək), 05 noyabr 2012ci il tarixli “Klassik əmanət (depozit hesabı haqqında” müqaviləyə əsasən 06 noyabr 2014cü il tarixdən (cinayətin törədildiyi tarix) 18 iyun 2021-ci il tarixədək (depozitin əsas hissəsinin qaytarıldığı tarixədək) olduğunun göstərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6192/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir. İddiaçı və cavabdeh həmin qərardaddan şikayət vermişlər. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6192/2018 saylı, 26 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməyərək baxılması üçün işlə birlikdə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 9637/2021 saylı qərardadı ilə şikayətlər qismən təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və qətnaməyə izah verilməsi barədə ərizəyə yenidən baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(006)-6192/2018 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan Cavabdeh ASC tərəfindən şikayət verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 949.1-ci maddəsinə istinad edərək ərizənin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin tələbinə əsasən ilə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 949.1-ci maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Kollegiya hesab edir ki, sözügedən əmanət müqavilələrinə faiz məbləğləri cinayətin törədildiyi tarixlərdən depozitin əsas hissəsinin qaytarıldığı tarixə kimi, yəni xx.xx.2021-ci il tarixədək hesablanmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə yuxarıda göstərilən məzmunda izah verməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri qanunvericiliyin normaları baxımından açıq-aşkar əsaslandırılmamış, formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini və işin hallarını nəzərə alaraq ərizəni təmin etməkdə haqlı olmuş, qətnaməyə izah verərkən onun məzmununu dəyişdirməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1247/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1247/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver