Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1249/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə etməklə yaşamaq tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1815/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki ünvanda olan evdən istifadə edərək yaşamağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Xətai rayonu, General Şıxlinski küçəsi 37 nömrəli binada yaşayan Solmaz Əliyeva və oğlu Cavabdeh ilə birlikdə 3 ildən artıq bir müddətdə yaxşı qonşuluq münasibətləri olmuş, cavabdeh bildirmişdir ki, Sabunçu rayonu Ramanı qəsəbəsində özləri üçün 4 sot torpaq sahəsində ev tikdirmişlər. Hazırda onlara tikinti işlərini görmək üçün pul lazımdır, o bir həftə ərzində özündə olan pullarla birinci dəfə 10000 manat, sonrakı vaxtlar isə 26000 manat düzəltməklə 36000 manat məbləğində pul düzəldib onlara vermiş, cavabdeh həmin pulların müqabilində Suraxanı Rayonu Zığ qəsəbəsində yerləşən təzə tikdiyi evi onun adına keçirtməyi və ona verməyi vəd vermişdir. Habelə onunla birlikdə Suraxanı rayon Zığ bələdiyyəsinə getmiş 802 nömrəli xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, “verilir həmin arayış İddiaçı ondan ötrü ki, Zığ qəsəbəsi H.Allahverdiyev yaşayış ünvanında qeydiyyatsız yaşayır”. Bundan əlavə Azərsu ASC-nin xx.xx.2019-cu il tarixli, 010/3/201-TŞ nömrəli istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərdən görünür ki, Zığ qəsəbəsi, H.Allahverdiyev yaşayış ünvanında İddiaçı üçün su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması nəzərdə tutulmuşdur. Cavabdeh və anası etibardan sui-istifadə edərək onu aldadıb, guya ev tikib ona vermək adı ilə 36000 manat məbləğində pulunu mənimsəmişdirlər. Evin açarını tez-tez dəyişərək, onu aldatmış və dələduzluq edərək, 36000 manat məbləğində pulunu qaytarmamışlar. O, Cavabdeh və X2 barəsində Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin 35-ci polis bölməsinə həmin şəxslərin cəzalandırılmasını və pulunun qaytarılması barədə rəsmi ərizə ilə müraciət etmiş, xx xxxxxx 2019-cu il tarixdə Xətai rayon 35-ci polis bölməsi Cinayət işinin başlanması barədə qərar rədd edərək öhdəliyin yerinə yetirilməsi və evlə bağlı mübahisəli məsələ olduğuna görə məhkəməyə müraciət etməyi bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1815/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilib, evi ona vermək adı ilə 36000 manat məbləğində pulunu alan cavabdehin ona vurduğu ziyanın ödənilməsi və evin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, özünəməxsus qızıl əşyalarını, sırğa, bilərzik və üzüklərini və cəmi 8000 manat məbləğində qızıl əşyalarını cavabdehə vermişdir. Cavabdehdən 36000 manat pulu tələb etdikdə, müxtəlif bəhanələr gətirərək, pulu qaytarmamış, birinci dəfə evin açarını ona vermişdir ki, ev onundur, o da yarımçıq vəziyyətdə olan evin pəncərə, qapılarını, oboylarını əlavə olaraq öz pulu ilə düzətdirmiş, açarın birini cavabdehə vermişdir. Evə yerləşdirdiyi əşyaları ondan xəbərsiz satmışlar. Evi öz pulu ilə tikdirmiş, cavabdeh isə evi ondan xəbərsiz başqasına satmışdır. Bələdiyyədən onun adına qeydiyyatsız yaşamaq üçün arayış almaqla onu inandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi. Cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2019-cu il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 və Cavabdeh Dilgəm oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından X1 və Cavabdeh barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 803 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Ağababa qızı ondan ötrü verilmişdir ki, o, Zığ qəsəbəsi, H.Allahverdiyev yaşayış ünvanında qeydiyyatsız yaşayır. Göründüyü kimi, iddiaçı əvvəlcə evi tikmək adı ilə cavabdehin ondan aldığı pul məbləğini tələb etsə də, daha sonra tələbini dəyişərək, evdən istifadə etməklə yaşamağını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının həmin evdən istifadə hüququ və ya evdən istifadə etməklə yaşamaq hüququ əmələ gəlməmişdir. İddiaçı cavabdehə verdiyi pulun əvəzləşdirilməsi üçün həmin evin ona verilməsini tələb etsə də, onun iddia tələbinin əsası kimi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində olan evdən istifadə edərək yaşamağını tələb etməyə hüququnun olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi əsassızdır, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Müəyyən edilmişdir ki, iddiaçı mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, evə münasibətdə cavabdeh də eyni statusa malik şəxs olmuşdur, bu isə o deməkdir ki, iddiaçının subyektiv hüququ yaranmamışdır. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apelyasiya şikayətinin xahiş etdi hissəsindən görünür ki, iddiaçının tələbi fərqlidir, belə ki, o, cavabdehin ona vurduğu ziyanın ödənilməsini və evin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, bu hal qanunvericiliyin tələbinə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.5-ci maddəsinə əsasən isə tərəflər apelyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq iddiaçıya vurulmuş ziyan və ya pul tələbinə dair Cavabdeh qarşı məhkəmədə müstəqil iddia qaldıra bilmək hüququnu izah etmişdir. Qətnamə qanuni və əsaslıdır, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1815/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1249/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1249/2021
08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver