Məhkəmə qərarları › İş №2(103)-1250/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1250/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1250/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3878/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” LCO203250054 saylı ərizəyə, o cümlədən cavabdehin müraciətinə əsasən iddiaçı tərəfindən göstərilən myAccess xidməti çərçivəsində cavabdehə X13 Card Debit növlü kart hesabı açılmışdır. Eyni zamanda, göstərilən xidmətlər çərçivəsində cavabdeh iddiaçının internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X5”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu, onları qəbul etdiyini bildirmiş və tərəflər razılaşmışdılar ki, bu ərizədə istifadə edilmiş anlayışlar həmin şərtlərlə eyni məna daşıyır. Həmçinin, cavabdeh bu ərizə/müqavilə və ya istənilən digər öhdəlikləri üzrə Banka ödəməli olduğu vəsaitin, o cümlədən göstərilmiş Bank xidmətlərinə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixlərindən etibarən onun Bankdakı hesablarından birtərəfli qaydada Bankın xeyrinə silinməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2020ci il tarixdə 4286********708 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kart hesabından çıxarışa əsasən cavabdeh tərəfindən həmin kart hesabına xx.xx.2020-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1.000 ABŞ dolları olmaqla, ümumilikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 9.000 ABŞ dolları məbləğində pul mədaxil edilmiş, sonuncu köçürmə xx.xx.2022-ci il tarixdə aparılmaqla həmin məbləğin 8.797 ABŞ dolları hissəsi aidiyyəti üzrə köçürülmüş, xx.xx.2021-ci il tarixə kart hesabında 203,53 ABŞ dolları, onun 0,53 ABŞ dolları hissəsi faiz məbləği olmaqla, qalıq qalmışdır. xx.xx.2021-ci il tarixdə həmin kart hesabı üzrə aparılmış əməliyyat nəticəsində 1.583,46 ABŞ dolları məbləğində pul silinmiş və nəticədə həmin tarixə hesab üzrə 1.379,93 ABŞ dolları məbləğində borc yaranmışdır (göstərici -1.379,93 ABŞ dolları olmuşdur). Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq, kart hesabında kifayət qədər pul vəsaitinin olmadığı halda onun istifadəsində olan ödəniş kartından istifadə edilməklə əməliyyatın aparıldığı və Bank qarşısında overdraft üzrə xx.xx.2022-ci il tarixə 1.379,93 ABŞ dolları məbləğində borcun yarandığı, həmin borcun ödənilməsi üçün dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, borcun bugünədək ödənilmədiyi bildirilmiş və yaranmış borcun 3 iş günü ərzində ödənilmədiyi təqdirdə borc məbləğinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı QSC-nin müştərisi olan Cavabdeh LCO203250054 saylı, xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən açılmış kart hesabında overdraft üzrə xx.xx.2022-ci il tarixə borcu 1.379,93 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, LCO203250054 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 1.379,93 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,80 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı "xxxx" QSC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” LCO203250054 saylı ərizəyə əsasən Cavabdeh X13 Card Debit növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2020-ci il tarixində 4286********708 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin aprel ayından etibarən kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 1.379,93 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi haqqında X5, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını imzası ilə təsdiq etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3878/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, LCO203250054 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 1.379,93 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, Cavabdeh ərizə üzrə overdraft nəticəsində yaranmış borcun müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-ci, 445-ci, 448.1-ci, 448.2-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 119.1-ci, 284-1-ci, 284-5.2-ci, 284-5.3-cü, 284-6.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kartın açılması ilə bağlı banka ərizə ilə müraciət etmişdir. Hər hansı öhdəliyin götürülməsi və ya şərtlərin razılaşdırılması ilə bağlı müqavilə imzalamamışdır. Məhkəmə öz qətnaməsində öhdəliklə bağlı hüquq normalarına istinad etsə də, AR MM-nin tələblərinə əsasən öhdəlik anlayışının yaranması üçün tərəflərlər arasında müqavilənin olması şərtdir. Onların münasibətində isə o, bu sahədə xidmət göstərən iddiaçıdan yalnız ona xidmət göstərməsi üçün yəni, ona kart hesabının açılması üçün ərizə ilə müraciət etmişdir. Aralarında müqavilə münasibətləri olmamışdır. Overdraftın nə olduğunu bilmir və bu barədə də bank tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. İnternetdə overdraftın nə olması ilə bağlı kiçik bir araşdırma apardıqdan sonra ona məlum olmuşdur ki, prosedurun mahiyyəti ondan ibarətdir ki, kart sahibi aldığı əmək haqqından, yəni hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bu, yalnız o halda mümkündür ki, overdraft xidməti aktiv edilsin. O, isə belə bir xidmətdən faydalanmaq üçün iddiaçıya hər hansı bir müraciət etməmişdir. Onun bu xidmətdən yararlanmağı üçün heç bir əsası yoxdur. Bütün bunlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və əsassız qətnamə qəbul edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1250/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(006)-3878/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə qarşı yazılı etiraz, habelə iddia üzrə tələb edilən məbləğin valyutasının dəyişdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC ("X8") kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən hər bir əməliyyat üzrə ödənişlər Visa, MasterCard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 168.1.5, 169.1-ci və 169.3-cü maddələri ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışları və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. Hazırki mülki iş üzrə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan aydın olur ki, xx.xx.2020ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Cavabdeh tərəfindən 8.797 ABŞ dolları məbləğində vergiyə cəlb olunmalı əməliyyatlar aparılmışdır. Hesabdan çıxarışdan da göründüyü kimi, əməliyyatın təyinatı "VC PSP*Tickmill" olmuşdur. Tickmill vergilərin ödənişlərinə cəlb olunan xidmətlər siyahısında 6211 MCC kodla Broker xidmətlərinə aid edilmişdir və siyahıdan da görünür ki, həmin xidmətlər ödəniş üzrə 18 % ƏDV-yə cəlb olunur. Yuxarıda qeyd olunan cəmi 8.797 ABŞ dolları məbləğində əməliyyata görə tutulmalı olan verginin məbləği 1.583.46 ABŞ dolları (2691.88 AZN) məbləğində olmuşdur. xx.xx.2021-ci il tarixində cavabdehin kartında 203.53 ABŞ dolları məbləğində pul vəsaiti olmuşdur. xx.xx.2021- ci il tarixində 1.583.46 ABŞ dolları (2691.88 AZN) məbləğində vergi borcunun 203.53 ABŞ dolları cavabdehin kartda olan vəsaiti hesabına, 1.379.93 ABŞ dolları məbləği isə kart hesabında pul olmadığına görə xx.xx.2020-ci il tarixli kart hesabının açılmasına dair müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" QSC tərəfindən ödənilmişdir. Bu səbəbdən hazırda 1.379.93 ABŞ dolları məbləğində borc məbləğinin Cavabdeh "xxxx" QSC-nin xeyrinə tutulması məhkəmə qaydasında tələb olunur. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində borc məbləğinin valyutası səhv olaraq ABŞ dolları ilə deyil, manatla göstərilmişdir. Bu səbəbdən qeyd edilən məbləğ dəyişdirilməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, "xxxx" QSC-nin müştəri xidmətlərinə yaxınlaşaraq, debet kart əldə etmiş və həmin karta 5.000 ABŞ dolları vəsait yükləmişdir. Kartı alarkən müştəri xidmətlərindən etdiyi əməliyyatlarla bağlı hər hansı tutmanın olubolmamasını dəqiqləşdirdikdə, ona hər hansı tutulmanın həyata keçirilməyəcəyi barədə məlumat verilmişdir. Nəticədə 5.000 ABŞ dolları məbləği xarici hesaba mədaxil etmiş, daha sonra o, həmin məbləğlə əməliyyatlar həyata keçirməyə davam etmişdir. 2020-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayına kimi həmin kartla əməliyyatlar icra etmiş, lakin bu müddət ərzində hər hansı bir tutma həyata keçirilməmişdir. Birdən-birə 2022-ci ilin aprel ayında ona vergi borcunun olduğu bildirilmişdir. Etdiyi əməliyyatlarla bağlı təxminən 6 ay sonra vergi borcunun yaranması ilə bağlı balansından tutulma olmuşdur. O, dəfələrlə başqa banklarla da əməkdaşlıq etmiş, bu hal heç birində yaşanmamışdır. Hər bir halda ona bu tutmanın olacağı barədə əvvəlcədən məlumat verilmədi idi. Hesabdan vəsaitin tutulması barədə vaxtında məlumatı olsa idi, o, ümumiyyətlə, həmin bankdan debet kart almazdı. Mövcud vəziyyətdə belə çıxır ki, o, həmin kart hesabı vasitəsi ilə 100.000 ABŞ dolları məbləğində pul köçürmüş olsa idi, ondan 18.000 ABŞ dolları məbləğində vergi tutulmalı idi. O, təbii ki, buna razı ola bilməzdi və bu barədə ona məlumat verildiyi təqdirdə ən azı növbəti köçürmələri etməzdi. Digər tərəfdən o etdiyi köçürmələr nəticəsində hər hansı gəlir əldə etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazın və iddia üzrə tələb edilən məbləğin valyutasının dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə tələb olunan məbləğ vergiyə cəlb olunmalı olan və müştərinin əvəzinə "xxxx" QSC tərəfindən ödənilən məbləğdir. Başqa sözlə, qeyd edilən məbləğ Dövlət Vergi Xidməti tərəfindən tutulubdur. "xxxx" QSC isə bu əməliyyat zamanı vergi agenti rolunu oynamışdır. Sadəcə olaraq sistemdə problem olduğundan həmin məbləğ cavabdehin hesabından bir müddət sonra silinmişdir. Bundan əlavə, iddia ərizəsində texniki yanlışlıqla məbləğin valyutası ABŞ dolları əvəzinə, manat qeyd olunmuşdur. Qeyd olunanlara əsasən cavabdehin apelyasiya şikayətinin rədd olunmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində borc məbləğinin valyutasının manatla deyil, ABŞ dolları ilə olduğunu nəzərə alaraq, 1.379,93 manatın 1.379,93 ABŞ dolları kimi dəyişdirilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir; 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” LCO203250054 saylı ərizə imzalanmış və həmin ərizəyə əsasən cavabdeh iddiaçının internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X5”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu, onları qəbul etdiyini bildirmişdir. Bununla da onların arasında bank xidmətlərinin göstərilməsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı ümumi şərtlərə uyğun xidmətlər göstərməyi, cavabdeh isə göstərilən xidmətlər müqabilində xidmət haqqı ödəməyi və şərtlərin digər müddəalarına riayət etməyi barədə öhdəlik götürmüş, o cümlədən bu ərizə/müqavilə və ya istənilən digər öhdəlikləri üzrə Banka ödəməli olduğu vəsaitin, o cümlədən göstərilmiş Bank xidmətlərinə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixlərindən etibarən onun Bankdakı hesablarından birtərəfli qaydada Bankın xeyrinə silinməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2020-ci il tarixdə 4286********708 nömrəli kart cavabdehə təhvil verilmişdir.

20. Həmin kart hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 9.000 ABŞ dolları məbləğində pul mədaxil edilmiş, sonuncu köçürmə xx.xx.2022-ci il tarixdə aparılmaqla həmin məbləğin 8.797 ABŞ dolları hissəsi aidiyyəti üzrə köçürülmüş, xx.xx.2021-ci il tarixə kart hesabında 203,53 ABŞ dolları, onun 0,53 ABŞ dolları hissəsi faiz məbləği olmaqla, qalıq qalmışdır. xx.xx.2021-ci il tarixdə həmin kart hesabı üzrə aparılmış əməliyyat nəticəsində 1.583,46 ABŞ dolları məbləğində pul silinmiş və nəticədə (hesabda olan 203,53 ABŞ dolları silinməklə) həmin tarixə hesab üzrə 1.379,93 ABŞ dolları məbləğində borc yaranmışdır.

21. İddiaçı cavabdehin kart hesabında kifayət qədər pul vəsaitinin olmadığı halda onun istifadəsində olan ödəniş kartından istifadə edilməklə əməliyyat apardığını və bununla belə məhz texniki overdraft nəticəsində Bank qarşısında 1.379,93 ABŞ dolları məbləğində borcun yarandığını iddia etmiş və bu məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.

22. Bununla bağlı məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kartdan istifadə etdiyi bütün dövr ərzində yalnız tərəfindən kart hesabına köçürülmüş məbləğdən istifadə etmiş, onun apardığı əməliyyatlar üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi halı müəyyən edilməmişdir. Ümumiyyətlə overdraftın tətbiqi ilə bağlı tərəflər arasında razılaşmanın, o cümlədən cavabdehin bu məsələ ilə bağlı iddiaçıya müraciət etməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X5”nin 1.80-ci bəndində overdrafta verilmiş anlayışa əsasən overdraftın yalnız müqavilə ilə razılaşdırıldığı təqdirdə tətbiq edilməsi mümkün hesab edilmişdir. Bununla belə, cavabdehin kart hesabına texniki overdraft nəticəsində hər hansı məbləğ köçürülməmiş, bu baxımdan cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Yaranmamış öhdəliyin pozulması və ya lazımi qaydada icra olunmaması halı isə ola bilməz. Bu da öz növbəsində həmin əsasla cavabehdən pulun tutulmasının tələb edilməsini istisna edir və iddianın əsassız olmasına dəlalət edir.

23. Nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya instansiya məhkəməsində baxılan zaman iddiaçı fərqli faktiki əsasdan çıxış etmiş və tam fərqli hallara istinad edərək və yeni sübutlar təqdim edərək, cavabdeh tərəfindən ümümumilikdə 8.797 ABŞ dolları məbləğində vergiyə cəlb olunmalı əməliyyatın aparıldığını və yaranmış borcun bu əməliyyatlara görə 18% dərəcəsi ilə hesablanmış və cavabdehdən tutulmalı olan ƏDV məbləğinin olduğunu bildirmişdir. Halbuki, həm iddia ərizəsində, həm iddia ərizəsinə əlavə edilmiş sənədlərdə borcun texniki overdraft nəticəsində yarandığı göstərilmişdir. Cavabehin apellyasiya şikayətinin dəlilləri də məhz bununla bağlı olmuşdur. Nəticə etibarı ilə iddiaçı apellyasiya instansiyası məhkəməsində işin faktiki əsasını dəyişmişdir ki, bu da yolverilməzdir.

24. Beləlkilə, məhkəmə kollegiyası overdraftın tətbiqi ilə bağlı tərəflər arasında hər hansı razılaşmanın olmadığını, cavabdehin istifadəsində olan kart hesabı üzrə apardığı əməliyyatların icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin bank tərəfindən ödənilmədiyini, yəni texniki overdraft halının baş vermədiyini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia rədd edilməlidir.

25. Hər bir halda, məhkəmə kollegiyası iddiaçının iddia etdiyi məbləğin cavabdeh tərəfindən aparılmış əməliyyatlara görə hesablanmış 18% ƏDV olduğunu bildirməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bu mövqeyi də əsassızdır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən cavabdeh bank tərəfindən göstərilən xidmətlərə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixlərindən etibarən onun bankda olan hesablarından birtərəfli qaydada bankın xeyrinə silinməsinə etiraz etmədiyini bildirmişdir. Bu məsələ şərtlərin 3.15-ci bəndində də təsbit edilmişdir. Lakin əməliyyatlara görə 18% ƏDV-nin, xüsusilə də sonuncu əməliyyatdan 3 ay (ilk əməliyyatdan isə 5 ay) sonra tutularaq, cavabdehin hesabından silinməsi barədə hər hansı qeyd-şərt nə ərizədə, nədə ki, şərtlərdə əks olunmamışdır.

26. Məhkəmə kollegiyası iddiaçının bu məsələdə Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 168-ci və 169-cu maddələrinə istinad etməsini də əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 1028-ci maddəsinin tələbləri baxımından iddiaçı bu barədə ən geci ilk köçürmədən sonra məlumat verməli idi. Lakin verməmişdir. Hər bir halda, vergi tutmalarının aparılması baxımından əməliyyatların icrasının davam etdirilibetdirilməməsinə iradə ifadəsinin bildirilməsi, o cümlədən bu tutmaların maddi baxımdan ona uyğun olub-olmamasının qiymətləndirilməsi üçün cavabdeh ən geci ilk köçürmədən sonra bu barədə məlumatlı olmalı idi. Bu səbəbdən cavabdehə bu barədə məlumatların verilməməsi, habelə sistemin lazımi qaydada işləməməsi (halbuki, həmin sistem faizləri hesablayıb hesaba mədaxil etmişdir ki, bu da sistemin işlək vəziyyətdə olmasına dəlalət edir. Ümumiyyətlə sistemin həmin vaxt işləməməsi barədə hər hansı sübut da təqdim edilmir) nəticəsində ona dəyən zərərin əvəzini təqsirli olub-olmadığına baxmayaraq, məhz bu sahədə ona xidmət göstərmiş iddiaçı ödəməlidir. Digər tərəfdən şərtlər iddiaçı tərəfindən tərtib edilmiş və məlumatların verilməsi, habelə kart hesabından məbləğlərin silinməsi ilə bağlı şərtlərdə rast gəlinən bütün qeyri-müəyyənliklər, şərtləri tərtib edən iddiaçı tərəfin ziyanına (əleyhinə) təfsir edilməlidir.

27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması qənaətinə gəlməkdə səhvə yol vermiş və əsassız olaraq iddianı təmin etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

28. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 1.379,93 manat (iddiaçı tərəf bu məbləğin 1.379,93 ABŞ dolları ilə dəyişdirilməsi barədə ərizə təqdim etsə də, həmin ərizə təmin edilməmişdir) təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3878/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar