Məhkəmə qərarları › İş №2(103)-1251/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1251/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1251/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı QSC (bank) ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2011-ci il tarixli kredit xətti müqaviləsi və 16.03.2015-ci il tarixli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 300 000 ABŞ dolları əsas, 85 437,17 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 387 437,17 ABŞ dolları borcun; 02.06.2015-ci il tarixli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250 000 ABŞ dolları əsas, 68 100,21 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 319 600,21 ABŞ dolları borcun; 03.06.2015-ci il tarixli kredit razılaşması üzrə 24.06.2019-cu il tarixə yaranmış 250 000 ABŞ dolları əsas, 58 008,78 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 309 508,78 ABŞ dolları borcun, ümumilikdə isə 1 016 546,16 ABŞ dollarının (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun iddianın qismən təmin edilməsinə dair hissədə ləğv olunmasını xahiş etmiş, bənzər məzmunda olan şikayətlərini borc məbləğlərinin düzgün hesablanmadığı və ödənişlərin nəzərə alınmadığı, kredit və zaminlik müqavilələrinin, eləcə də müqavilələrə əlavə sazişlərin qanunvericiliyin tələblərinə riayət olunmamaqla rəsmiləşdirildiyi, işə Cavabdeh3 iştirakı olmadan baxıldığı, Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə zaminliyə xitam verilmiş olduğuna əhəmiyyət verilmədiyi arqumentləri ilə əsaslandırmışlar. İşə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehlərin mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən, iddianın təmin edilməməsi ilə bağlı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, bankla “Cavabdeh1n” MMC arasında bağlanmış 18.02.2011-ci il tarixli 01L000002490 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1-yə 120 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 02.06.2015-ci il tarixli sazişlə kredit limiti 10 000 000 ABŞ dollarına artırılaraq müqavilə müddəti 172 ay müddətinə (18.06.2025-ci il tarixinədək) uzadılmış, 16.03.2015-ci il tarixli kredit razılaşması ilə MMC-nə 36 ay müddətinə, aylıq 1,25% ödəmək şərtilə 300 000 ABŞ dolları, 02.06.2015-ci il tarixli razılaşma ilə 36 ay müddətinə, aylıq 1,2083% ödəmək şərtilə 250 000 ABŞ dolları, 03.06.2015-ci il tarixli razılaşma ilə isə 36 ay müddətinə, aylıq 1,2083% ödəmək şərtilə 250 000 ABŞ dolları kredit verilmiş, həmin kredit razılaşmalarının şərtilərinə sonradan dəfələrlə dəyişikliklər olunmuş, kredit öhdəliyinin təminatı olaraq bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Cavabdeh1n” MMC kredit ödənişlərini gecikdirmiş və bu səbəblə onun iddiaçı banka 18.02.2011-ci il tarixli kredit xətti müqaviləsi və 16.03.2015-ci il tarixli kredit razılaşması üzrə 300 000 ABŞ dolları əsas, 85 437,17 ABŞ dolları faiz; 02.06.2015-ci il tarixli kredit razılaşması üzrə 250 000 ABŞ dolları əsas, 68 100,21 ABŞ dolları faiz; 03.06.2015-ci il tarixli kredit razılaşması üzrə 250 000 ABŞ dolları əsas, 58 008,78 ABŞ dolları faiz borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən “Cavabdeh1n” MMC kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətlərində irəli sürülən, tələb edilən borcun məbləğinin dəqiqləşdirilmədiyi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyatorlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə həmin məbləğlərin düzgün hesablandığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya həmçinin hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacaqları barədə müqavilə bağladıqlarından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı onlardan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə zaminliyə xitam verilmiş olduğu” barədə apellyatorların arqumentlərinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır”. İşin hallarından aydın olur ki, zamin Cavabdeh2 kredit borclusu olan “Cavabdeh1n” MMC-nin həm təsisçisi, həm direktoru, digər zamin Cavabdeh3 isə onun ailə üzvüdür və onlar zaminlik müqavilələri ilə yanaşı, kredit faizlərinin göstərildiyi ödəniş planları barədə sənədləri də imzalamışlar. Başqa sözlə, apellyatorların irəli sürdükləri halın, yəni kredit müqavilələrinin zaminlərin razılığı alınmadan bağlanmış müqavilələr kimi qiymətləndirilməsi ağlabatan mühakimə əsasında mümkün deyildir. Kollegiyanın qənaətinə görə bu hal, zaminliyə xitam verilməsi üçün qanunvericilikdə, habelə Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarında nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. Həmçinin qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli Qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, adı çəkilən qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Kollegiya, Cavabdeh3 məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məlum olan ünvanına bildirişlər göndərilidyi, eyni ünvanda yaşayan Cavabdeh2 məhkəmə iclasında iştirak etdiyi, lakin X. İbrahimovanın məhkəməyə gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə Cavabdeh3 özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4598/2019 saylı iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) keçirilsin; apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar