Məhkəmə qərarları › İş №2(103)-12510/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12510/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12510/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə),Tanrıverdiyev Anar Vəzir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcların silinməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5407/2021 saylı işi üzrə 13.09.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC qətnamədən verdiyi apellyasiya şikayəti (iş səh.49) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsədə müəyyən edilmiş formada tərtib (təqdim) edilməmiş, formada müəyyən edilmiş ardıcıllığa, tamlığa və dəqiqliyə riayət edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, təmsil edilməsi - ləğvedicisi kimi X3 tərəfindən təqdim edilən şikayət ləğv prosesində olan "xxxx" ASC adından və X7 tərəfindən verildiyi göstərilmiş, apellyasiya şikayəti verən şəxsin qrafasında kim tərəfindən şikayətin verilməsi dəqiq təsbit edilməmiş bir neçə fərqli etibarnamələr təqdim edilmiş, habelə forma üzrə digər qrafalar göstərilməmişdir. X5 X2 və ya ləğv prosesində olan "xxxx" ASC-nin təmsil etməsi qeyri-müəyyəndir. Beləliklə, müəyyən edilməmişdir ki, şikayət bankı təmsil edən ləğvedici və ya cavabdeh olan X1 adından verilmişdir. Bu qeyrimüəyyənlik hüquqlardan sui-istifadəyə şərait yaradaraq apellyasiyanın mümkünlüyü üçün əsasların olmadığına dəlalət edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1.2-ci maddəsinin tələblərinə əsasən: Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 366.2-ci maddəsinə əsasən, Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ), X8 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5407/2021 saylı işi üzrə 13.09.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar