Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1252/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(004)-590/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2015-ci il təvəllüdlü X2 müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 70 % hissəsinin- 5.617 manat pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay Cavabdeh gəlirinin 25 % hissəsinin və əlavə olaraq 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2(004)-1250/2017 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında 30 dekabr 2014-cü ildə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, 01 dekabr 2015-cı ıl təvəllüdlü X2 ananın himayəsində qalması qət edilmişdir. Habelə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-9210/16 saylı, 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan olan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində və uşaq 3 yaşına çatanadək 50 manat məbləğində alımentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçının himayəsində olan Aylaxanım Həsənovanın 5 yaşı var, 2 nömrəli uşaq poliklinikasının arayışından görünür ki, azyaşlı xüsusi qulluğa, qayğıya ehtiyacı olan uşaqlar qrupuna aiddir. Onun müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı məsrəflərinin qarşılanması tamamilə iddiaçının öhdəliyindədir və bununla bağlı tərəfindən 8024 manat vəsait xərclənmişdir. Habelə, həkim müayinəsi zamanı azyaşlıya çəpgözlük diaqnozu qoyulmuş və müalicəsi üçün əməliyyat təyin edilmişdir. Bunun üçün də böyük miqdarda vəsait tələb olunur. Azyaşlının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətin gəlir. Onun məsrəfləri xeyli artdığından Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği onun heç bir tələbatının ödənilməsinə yetmir. Habelə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 190 manat müəyyən olunmuşdur. Bu səbəbdən aliment məbləğinin artırılmasına dair iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(004)-590/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(004)-9210/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 01 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, 01 dekabr 2015-ci il təvəllüdlü X2 müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 50%-i, 4012 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 10 (on manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(004)-590/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, azyaşlının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətin gəlir. Onun məsrəfləri əvvəlki illərə nisbətən xeyli artdığından, 2021-ci ilin iyun ayında qüsurlu gözündə təkrar əməliyyat aparılması ilə əlaqədar və sentyabr ayından başlayaraq təhsili ilə bağlı əlavə xərclərə ehtiyac yarandığı üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği onun heç bir tələbatının ödənilməsinə yetmir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə hansı tarixdən hansı tarixə kimi işləməməsi, daimi iş yerinə görə əmək haqqı və işsizliyə görə sığorta ödənişi almaması, aliment ödənişinə cəlb olunan digər gəlirləri (Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 saylı Qərarı ilə təsdiq olunmuş gəlir növləri üzrə-sahibkarlıq fəaliyyətindən əldə olunmuş xalis gəlirin və mülki-hüquqi (xidməti) müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrin) barədə məlumat verilməmişdir. Həmçinin, baxılan mülki işlə əlaqədar olaraq məhkəməyə heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Belə ki, cavabdeh təqribən aylıq 200 (iki yüz) manat ətrafında təqaüd təminatı olan 78 yaşlı anası ilə birlikdə ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə yaşayır. İpoteka girovunda olan bu mənzil üçün hər ay banka 325 manat ipoteka məbləği, 170 manat aliment, cəmi ayda 495 manat məbləğində ödəniş həyata keçirilir. Bundan başqa əvvəllər “Nissan” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı, halhazırda “Opel” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə təmirinə və istismar xərcinə, mənzilin kommunal xərclərinə, mobil telefon və internet xərclərinə, hər adam üçün 190 manat minimum yaşayış xərcləri nəzərə alınmaqla özünün və anasının aylıq yaşayışı üçün xeyli məbləğdə vəsait xərclənir. Bu xərclərin, yalnız cavabdehin 30.11.2004-cü il tarixdən ********** saylı VÖEN alaraq fərdi sahibkar kimi fəaliyyət göstərməklə, müxtəlif idarə və müəssisələrdə maliyyə sahəsi üzrə yüksək vəzifələrdə çalışmaqla, digər müəssisələrlə mülkihüquqi (xidməti) miiqvilələr bağlamaqla və yaxud bağlamadan iş birliyi yaratmaqla əldə olunmuş gəlirləri hesabına qarşılanması mümkün olduğu halda məhkəmədə verilmiş izahatında əsassız olaraq “anasına təyin edilmiş təqaüd hesabına” qarşılandığı göstərmişdir. O, məhkəməyə “Sübutların tələb olunması barədə” vəsatətlə müraciət etsə də, məhkəmə tərəfindən sorğular verilməmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın iddiaçıya aid qismən təmin edilən və rədd olunan hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alimentin miqdarının dəyişdirilməsinin qismən təmin edilən və rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qətnamə mübahisədəndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından 01 dekabr 2015-ci ildə X5 adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(004)-9210/2016 saylı qətnaməsi ilə 01 dekabr 2015-ci ildə X1 üçün Cavabdeh Kamran oğlundan hər ay 117 manat sabit pul məbləğində və 3 yaşına çatanadək 50 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2(004)-1250/2017 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, 01 dekabr 2015-ci ildə anadan olmuş X2 X3 yanında saxlanılması qət olunmuşdur. X2 müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı iddiaçı tərəfindən 8024 manat ödənişlər olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 81.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia X2 müalicəsi, məktəbəqədər təlimi və təhsili ilə bağlı ödənilmiş vəsaitin 70 %-i hissəsinin-5.617 manat pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi hissəsində qismən təmin edilməli və ödənilmiş vəsaitin 50%-i, 4012 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının uşağın müalicəsi üçün çəkdiyi xərclər təsdiqini tapmışdır. Uşağın müalicəsi üçün ödənilən xərclər valideynlər arasında bərabər bölüşdürülməlidir. Belə ki, valideynlərin uşaqları barədə bərabər vəzifələri vardır. Azərbaycan Republikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Kollegiya bu hissədə İddiaçı münasibətdə iddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Həmçinin məhkəmə alimentin miqdarının dəyişdirilməsi ilə bağlı qeyd etmişdir ki, uşaq üçün alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşağın və iddiaçının mənafelərini, onun əvvəlki təminat səviyyəsini, eyni zamanda cavabdehin daimi iş yerinin olmamasını, onun maddi vəziyyətini, iddiaçının alimenti həm cavabdehin qazancının 1/4 hissəsi və eyni zamanda əlavə sabit pul məbləğində tutulması barədə tələbini, Respublikada 2021-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alır və hesab edir ki, cavabdehin hal-hazırda daimi iş yeri və müntəzəm gəliri olmadığından iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmaqla iddiaçıya ödənilməlidir. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya qeyd edir ki, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Belə ki, elektron məlumat sistemindən görünür ki, cavabdehin adına avtomobil qeydiyyatda olması ilə bağlı məlumat yoxdur. Onun adına mənzil mövcuddur. Cavabdeh "xxxx" ASC-də menecer işləməklə, 2841 manat əmək haqqı alır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh işləməklə, aylıq 2841 manat əmək haqqı alır. Kollegiya hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, cavabdehin hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin miqdarı hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(004)- 590/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın alimentin miqdarının dəyişdirilməsinin qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(004)-9210/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 01 dekabr 2015-ci il təvəllüdlü X7 qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia alimentin miqdarının dəyişdirilməsi ilə bağlı qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1252/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1252/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver