Məhkəmə qərarları › İş №2(103)-1252/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1252/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1252/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Baş Prokurorluğu üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “maddi və əlavə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3922/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Baş Prokurorluğu üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı maddi və əlavə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu X1 15 may 2017-ci il tarixdə Tərtər rayon ərazisində yerləşən hərbi hissədə qeyriqanuni təhqiqata cəlb olunmaqla, ağır işgəncələr altında qətlə yetirilməsi və bu hadisə fonunda ona yetirilmiş ziyanın əvəzi olaraq Azərbaycan dövlətinin şəxsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən üç milyon manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3922/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı şikayətini qanunla müəyyən edilmiş qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Həmçinin şikayət qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl edilmədən verilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(00)-3922/2024 nömrəli 04 noyabr 2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar