Məhkəmə qərarları › İş №2(103)-12520/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12520/2021

29.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12520/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə birlikdə, cavabdeh “apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş və onun tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə vermişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi həmin ərizəni təmin etməsə də, son nəticədə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 08.12.2021-ci il tarixli qərardadla ərizəni təmin etmiş və apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş və cavabdeh tərəfindən ötürülmüş prosessual müddəti bərpa etmişdir. Hazırda, apellyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü məsələsini müzakirə edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16.07.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin cavabdehin verdiyi apellyasiya şikayətindən görünür ki, şikayət, MPM-nin 361.1-ci maddəsində, “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Həmçinin, şikayət, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda təqdim edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Apellyasiya şikayəti qaytarılmalıdır. Çünki MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 402-cı maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar