Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12561/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4715/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4715/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iddiaçının verdiyi apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16.07.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli Qanunu 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 10-1.3-cü maddəsinə görə, ..., habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi - “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir” qeyd edilmişdir. Bununla da müəyyən edilir ki, qeyd edilən normalar apellyasiya şikayətinin məhz elektron qaydada verilməsini nəzərdə tutur. Göründüyü kimi iddiaçı apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda 9 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsilə birinci instansiya məhkəməsinə göndərmişdir. Həmçinin, mülki iş materiallarından görünür ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində 06.07.2021-ci il tarixdə yaradılmış elektron kabineti mövcuddur və mübahisələndirilən qətnamə 30.11.2021-ci il tarixdə məhz onun şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətini özünün elektron kabinet vasitəsilə göndərmək imkanı olduğu halda, məhz kağız daşıyıcıda göndərmişdir MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363.1.5, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4715/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12561/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12561/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver