Məhkəmə qərarları › İş №2(103)-1259/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1259/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1259/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış faiz borcunun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-5796/2019 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsinə əsasən 5000 ABŞ dolları (8500 manat – həmin kredit müqaviləsi bağlandığı vaxt Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətində müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla), mərkəzi bankın faiz dərəcəsinə uyğun hesablanmış 3612,49 manat məbləğində əlavə zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxx 2018ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh onun tərəfindən istifadə etməsi üçün faizsiz 8500 manat və ya ekvivalentlə 5000 ABŞ dolları məbləğində pul borc verilmiş, müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti həmin müqavilənin müddətinin bitdiyi tarixədək, yəni xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdehə borcunun qaytarılması haqqında onun tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun ödənilməsi təmin edilməmişdir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, yəni 2019-cu ilin iyun ayınadək əldə edə biləcəyi gəlirdən (fayda), yəni həmin məbləğin və ya onun dəyərində əldən çıxmış fayda olaraq ona ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun hesablanmış faizlərin tutulması ilə bağlı Mərkəzi Bankın rəsmi internet səhifəsində xx.xx.2019-cu il tarixə uçot faiz dərəcəsi 8.5% müəyyən edilmişdir (8500 manat *8.5% uçot faiz dərəcəsi = 722.5 manat); (722.5/12 ay = 60 manat * 10 gecikdirilmiş ay = 3612,49 manat). Beləliklə, cavabdeh 8500 manat pulu özündə saxlamaqla mərkəzi bankın faiz dərəcəsinə uyğun faiz hesablamaqla ümumilikdə 3612,49 manat məbləğində ona əlavə zərər vurmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 5796/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8500 manatekvivalentlə 5000 ABŞ dolları əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apelyasiya şikayəti verilərək, onun ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və əsassızdır. Məhkəmə gedişatından onun xəbəri olmamışdır. İddiaçıya qeyd edilən pulu faizi ilə birlikdə qaytarmışdır, iddiaçı isə hazırda ondan faizə-faiz tələb edir. Notariat kontorunda borc müqaviləsi bağlanaraq pulun olub-olmaması araşdırılmamışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 3M-303 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 8500 manat – ekvivalentlə 5000 ABŞ dolları borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə borcalan xx.xx.2018-ci il tarixədək krediti borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 3-cü maddədə isə kreditin faizsiz verilməsinin şərtləşdirildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddiaçı həmin kredit müqaviləsinə əsaslanaraq cavabdehdən 5000 ABŞ dolları (8500 manat – həmin kredit müqaviləsi bağlandığı vaxt Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətində müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və 3612,49 manat məbləğində əlavə zərər pulunu tələb etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən irəli gələn borcun ödənilməsini tələb etməkdə haqlıdır, həmçinin iddiaçı tərəfindən cavabdehin aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, tələbin borc puldan faydalanmağa görə faizlər ödənilməsi hissəsi əsassızdır. İddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, təmin edilmiş hissəni mübahisələndirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Tərəflər arasında borc münasibətləri mövcud olduğundan iddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı bu hissədə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Cavabdeh apelyasiya şikayətində borcu tam qaytardığını, hazırda iddiaçının faiz istədiyini bildirsə də, borcu qaytarmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir, iş materialları ilə isə belə bir hal müəyyən edilmir. İş materiallarından göründüyü kimi, cavabdehin qeydiyyatda olduğu, həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində qeyd edilmiş ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, “ünvan düzgün deyil qeydi ilə” geri qaytarılmışdır. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5796/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar