Məhkəmə qərarları › İş №2(103)-1260/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1260/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1260/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və İrada Dzhafarovaya iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsinin üzrlü hesab olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair İrada Dzhafarovanın nümayəndəsi (vəkili) tərəfindən verilmiş ərizə üzrə həmin məhkəmənin 15 noyabr 2022-ci il tarixli qərardadından İrada Dzhafarovanın nümayəndəsinin (vəkilinin) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh1 və İrada Dzhafarovaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 49 000 ABŞ dollarının və 340 manat dövlət rüumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 08 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

2. Həmin qətnamədən İrada Dzhafarovanın vəkili Vəkil3 verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət, onu imzalayan şəxsin (vəkilin) müvafiq səlahiyyətinin olmadığı əsas göstərilməklə qeyri-mümkün hesab olunmuşdur.

3. Birinci instansiya məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə İrada Dzhafarovanın vəkili Vəkil3 08 avqust 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

4. Bundan sonra qətnamədən İrada Dzhafarovanın nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayəti verərək, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə təqdim etmiş, ərizəni belə əsaslandırmışdır ki, qətnamədən ilk dəfə prosessual müddət çərçivəsində şikayət verilmiş, lakin texniki səhv nəticəsində vəkil tərəfindən notarial təsdiqli etibarnamə elektron qaydada göndərilməmişdir. Halbuki, elektron məhkəmə sistemi vasitəsilə etibarnamənin mövcudluğunu görmək mümkün olmuşdur və buna görə də müddətin buraxılması üzrlü bilinərək prosessual müddət bərpa edilməlidir.

5. Məhkəmənin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizənin təmin olunmaması qərara alınmış, həmin qərardaddan İrada Dzhafarovanın nümayəndəsi (vəkili) Vəkil4 verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında və elektron məhkəmə informasiya sistemində Vəkil3 İrada Dzhafarovanın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd mövcud deyildir. Müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün prosesdə nümayəndə vəkil ilə təmsil olunan cavabdeh tərəf apelyasiya şikayətinin verilməsinin müddətini ötürməsinin onun iradəsindən asılı olmayan müstəsna obyektiv hallardan irəli gəlməsini, bu halları, onların mövcud olma zaman kəsiyini, bu halların apelyasiya şikayəti verməyə necə mane olmasını sənədli şəkildə sübut etməlidir. Cavabdehə hüquqi yardım edən və onu təmsil edən nümayəndənin prosessual səhvləri müddətin bərpası üçün deyil, həmin nümayəndəyə qarşı vurulmuş maddi zərərin tələbi barədə iddia üçün əsas ola bilər. Heç bir halda vəkil və ya nümayəndənin səhvləri və səriştəsizliyi müddətin bərpası üçün əsas, üstünlük, imtiyaz və əlverişli vəziyyət ola bilməz. Əks halda bir tərəfin səhv etməsi və ya səriştəsizliyi ədalət mühakiməsinin prinsiplərinin, o cümlədən qanun və məhkəmə qarşısında bərabərlik, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə zidd olaraq mülki prosesin cəfəng şəkildə təhrif olunmasına, prosessual nizamın pozulmasına, intizamsız davranışa səbəb ola bilər.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 68.3-cü, 133-cü, 361.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya baxışı

8. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

10. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

16. Maddə 135.6. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

17. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

18. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya baxışının həddi

19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi İrada Dzhafarovaya göndərilməsi üçün xx.xx.2022-ci il tarixdə poçt xidmətinə verilmiş, onun vəkilinin imzaladığı apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron kabinetə yüklənmiş, lakin yuxarıda göstərildiyi kimi həmin şikayət, vəkilin imza səlahiyyətini təsdiq edən etibarnamənin işə əlavə olunmaması səbəbilə geri qaytarılmışdır.

21. İrada Dzhafarovanın vəkilinin apellyasiya şikayətini ilk dəfə vaxtında vermiş olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, onun müvafiq çatışmazlığı aradan qaldırmaqla sonradan verdiyi şikayət üzrə buraxdığı prosessual müddətin bərpa olunması mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir.

22. Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarından İrada Dzhafarovanın xarici ölkə (Ukrayna Respublikası) vətəndaşı olduğu aydın olur və onu təmsil etmiş vəkilin öz vəzifəsini lazımınca yerinə yetirməməsi ehtimalı mövcuddursa, bu ehtimalın onun xeyrinə şərh olunması daha məqsədəuyğundur.

23. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2330/2022 saylı iş üzrə 15 noyabr 2022-ci il tarixli qərardadı ləğv olunsun və həmin məhkəmənin 08 avqust 2022-ci il tarixli qətnaməsindən İrada Dzhafarovanın nümayəndəsi (vəkili) Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa olunsun. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar