Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1263/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 faizlə 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən illik 22 faizlə 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti ayrılmışdır. X4 banka xx.xx.2023-cü il tarixə 5783,31 manat və xx.xx.2023-cü il tarixə kart limiti üzrə 999,91 manat borcu vardır. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X4 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur. Hazırda iddiaçı kredit borcunun tutulmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5783,30 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 5783,31 manat borcun, kart limiti üzrə 999,91 manat əsas, 1,97 manat faiz borcu olmaqla, cəmi 1001,88 manat borcun və ödənilmiş 87,86 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mərhum anası X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın Bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-34370/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1821/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 1371 manat məbləğində kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 33,71 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X4 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 739, 741, 1255-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh miras əmlakı, yəni miras qoyanın aktivlərini tam həcmdə qəbul etməklə yanaşı, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, cavabdeh miras əmlakı tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi də öz üzərinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4619/2024 nömrəli, 2 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X4 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyini 1371,24 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur və bu, Mülki Məcəllənin 1306-cı maddəsinin tələbinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 427.3, 739, 1146, 1255, 1306.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3729/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4619/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni düzgün hesab etmir. İddia tələbi cavabdehdən vərəsə olaraq kredit müqaviləsi üzrə mirasqoyanın borcunun tutulması barədədir. İşin mübahisəsiz halı kimi də müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə mirasqoyan X4 vərəsəsidir və cavabdeh miras əmlakdan 1/1 (tam) hissədə pay almış və miras 1371,24 manat məbləğində pul vəsaitindən ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayarkən) cavabdehin iddiaçı qarşısında öhdəliyinin 1371,24 manat ilə məhdudlaşmasına əsaslanmış və Mülki Məcəllənin digər maddələri ilə yanaşı, 1306.1-ci maddəsinə də istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinə düzgün istinad etsə də, həmin Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almamış, faktiki olaraq borcun mirasdan çox olduğunu sübut etmək etmək yükünü iddiaçının üzərinə qoymuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. İşdən görünür ki, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normasını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını Mülki Məcəllənin 1307-ci maddəsini pozmuşdur. Halbuki apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tətbiqi üçün elə həmin Məcəllənin 1307-ci maddəsində göstərilən hal – mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilməli, bundan çıxış edərək sübut etmə yükü düzgün bölüşdürülməklə iddiaya qiymət verilməli idi. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv olunmasını xahiş etsə də, o, faktiki olaraq qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3729/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4619/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
739. Kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı:
Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməklə həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 faiz dərəcəsi ilə 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən illik 22 faizlə 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarından həmçinin görünür ki, X4 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 5783.30 manat əsas borc, 0.01 faiz borcu olmaqla, 5783.31 manat borcu, xx.xx.2023-cü ilədək Banka ödənilməmiş kart limiti üzrə 999.91 manat əsas borc, 1.97 manat faiz borcu olmaqla, 1001.88 manat borcu qalmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X4 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X4 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur. İş materiallarından görünür ki, iddiaçı bank Cavabdeh 5783,30 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 5783,31 manat borcun, kart limiti üzrə 999,91 manat əsas, 1,97 manat faiz borcu olmaqla, cəmi 1001,88 manat borcu olmasını iddia etmiş, cavabdeh isə iddianı etiraf etməmiş, bunu maddi imkansızlığı və həmin müqavilələrdən məlumatsız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən, yəni 1371 manat məbləğində əsaslı sayaraq bunu qismən, yəni, cavabdehə çatan miras payı həcmində kredit borcu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tətbiqi üçün həmin Məcəllənin 1307-ci maddəsində göstərilən hal-mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən etməmiş, bundan çıxış edərək sübut etmə yükü düzgün bölüşdürülməməklə iddiaya qiymət verməmişdir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bu baxımdan məhkəmə kollegiyası təkrar apellyasiya baxışı zamanı iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən Bakı şəhəri 4 saylı Notariat Ofisindən Solmaz Namazova barəsində aparılmış 05 mart 2021-ci il tarixli, 2V-21 saylı reyestr nömrəli notariat işi üzrə sənədlər tələb edilmişdir. Müəyyən edilmişdir ki, notarius tərəfindən mərhum Solmaz Namazovadan qalmış miras əmlak, yəni X4 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitinə dair qanun üzrə şəhadətnamə verilməsindən başqa digər notariat əməliyyatı aparılmamışdır. Notariat orqanının verdiyi məktubdan da görünür ki, miras əmlakının siyahıya alınması barədə məlumat aşkar edilməmişdir. Eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin 03 mart 2025-ci il tarixli məktubundan görünür ki, Solmaz Namazovanın adında qeydiyyatda olan nəqliyyat vasitəsi olmamışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 3-21-3-30/2-9747/2025 nömrəli, 10 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, X4 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi təqdim edilmiş sənədlərlə notarius tərəfindən mərhum Solmaz Namazovadan qalmış miras əmlak, yəni X4 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitindən əlavə digər əmlakları siyahıya alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən cavabdeh tərəf, yəni vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bununla bağlı cavabdehə sübut təqdim etmək təklif olunmuş və bu məqsədlə kollegiyanın iclası dəfələrlə təxirə salınmışdır. Cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı haqlı olaraq hazırki iddia ilə məhkəməyə müracət etməklə, cavabdehdən 5783,30 manat əsas, 0,01 faiz borcu olmaqla, cəmi 5783,31 manat borcun, kart limiti üzrə 999,91 manat əsas, 1,97 manat faiz borcu olmaqla, cəmi 1001,88 manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə də, X4 xx.xx.2023-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 5783.30 manat əsas borc, 0.01 faiz borcu olmaqla, 5783.31 manat borcu, xx.xx.2023-cü ilədək banka ödənilməmiş kart limiti üzrə 999.91 manat əsas borc, 1.97 manat faiz borcu olmaqla, 1001.88 manat borcu onun vərəsəsi, iş üzrə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən 1371 manat hissədə təmin etmiş və həmin hissə cavabdeh tərəfindən mübahisələndirilməmiş, belə olan halda göstərilən borc məbləği ümumi borcdan (67xx.xx-1371=5414.19 manat) çıxılmaqla cavabdehdən tutulmalı məbləğ 5414.19 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunduğundan ödənilmiş 87,86 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqı hissəsindən 33,71 manat pul vəsaiti cavabdehdən tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tam təmin olunduğundan iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu tam şəkildə cavabdehdən tutulmalıdır. Belə olan halda cavabdehdən tutulmamış 54,55 manat pul vəsaiti ( 87,86+0,4 = 88,26 - 33,71=54,55 manat) tutulmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh 5414.19 (beş min dörd yüz on dörd manat, on doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən dövlət rüsumunun tutulmamış 54,55 manat pul vəsaiti tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fuad Babayev Sabit Bəhrəmzadə