Məhkəmə qərarları › İş №2(103)-1271/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1271/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1271/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2605/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 manat və iddianın qaldırılması üçün ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehlər "xxxx" ASC-dən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromemeteorologiya Xidmətindən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2605/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sonradan İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və qətnamədən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2605/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2605/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçının sağlamlıq durumunda olan hallar nəzərə alınmaqla ərizə təmin edilməli və qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilməli və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli,2(006)-2605/2024 saylı qərardadının ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2605/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 267.1, 267.2, 268.1, 269, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin müddətini bərpa edilməsi barədə ərizəsinə baxış keçirilməsi ilə bağlı təyin edilmiş məhkəmə iclasında İddiaçı məhkəmənin müvafiq qətnaməsini 3-4 ay qabaq aldığını etiraf etmiş, qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməməsini həm özünün, həm də oğlunun xəstə olmasını və məhkəmə elektron sistemi vasitəsilə şikayət verə bilməməsini əsas gətirmişdir. İddiaçı və həmçinin sonuncunun oğlunun xəstə olmasına dair heç bir sənəd məhkəmə elektron sisteminə əlavə edilməmişdir. Həmçinin, İddiaçı məhkəmə elektron vasitəsilə apellyasiya şikayətinin verə bilməməsi müddətin bərpası üçün əsas deyildir. Əlavə olaraq bildirmək istəyir ki, İddiaçı tərəfindən 16 dekabr 2024-cü il tarixdə məhkəmənin müvafiq qətnaməsindən elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verməsi buna dəlalət verir ki, İddiaçı apellyasiya şikayətini vaxtında elektron məhkəmə vasitəsilə verə bilərdi. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin hakimi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul etməli olduğu halda, əsassız olaraq müddəti bərpa etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2605/2024 saylı işi üzrə 29 dekabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin tələblərinə əsasən: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-146, 357, 360-366, 385, 387, ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Kollegiya hesab edir ki, müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. İddiaçı müddəti ötürməsinin üzürlü səbəbi kimi özünün və oğlunun xəstəliyini göstərsə də , bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.. Lakin birinci instansiya məhkəməsi bu halları diqqətdən kənarda saxlamışdır. Qeyd edilənlər nəzərə alınaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddiaçı tərəfindən verilmiş müddətin bərpası barədə ərizə rədd edilməlidir. Belə ki, iddiaçı qətnaməni xx.xx.2024cü ildə almış, şikayəti və ərizəni xx.xx.2024-cü ildə məhkəməyə təqdim edərək, beş aya yaxın müddət ötürmüşdür. (iş səh.89-90) Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395 - 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh "xxxx" ASC-nin şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2605/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, iş üzrə yeni qərardad qəbul edilsin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(006)-2605/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi barədə ərizəsi təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar