Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1273/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı vəkili Vəkil3 və Cavabdeh vəkili Vəkil6 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları:
1. “Toyota Prado” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda həmin yol nəqliyyat hadisəsində X6 da təqsirli bilinmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.
2. İXP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X5 xx.xx.2020-ci il tarixdə saat 11:40-da radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində AD seriyalı, 247189 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən, İddiaçı məxsus olan 2011-ci il buraxılışlı “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
3. X5 baş vermiş hadisədə təqsirli bilinməsinə dair protokoldan məhkəməyə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2152/2020 nömrəli qərardadından görünür ki, Bakı şəhər DYPİ tərəfindən Cavabdeh barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X2 Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.
4. “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı hazırkı mübahisəni başlamaqla avtomobilinə vurulan zərəri X1 tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 79040 manat məbləğində real zərərin, 50.000 manat məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələbində göstərir ki, xx.xx.2020-ci il tarixdə cavabdeh mülkiyyətində olan **-HG- *** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı minik avtomobili ilə H.Əliyev prospektində (hava limanı yolu, Qala istiqaməti) hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yolnəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbi ilə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və barəsində Bakı şəhər DYPİ tərəfindən TP3581641 saylı, xx.xx.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbindən iddiaçının mülkiyyətində olan **-ML-*** dövlət qeydiyyat nişanlı, “Audi” markalı avtomobilə 79040 manat məbləğində zərər dəymişdir. Bu öz əksini avtomobil barəsində "xxxx" MMC (Audi Servis) tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Qüsur Aktında da tapmışdır. İddiaçı tərəfdən cavabdehə pretenziya məktubu göndərilmiş və məhkəmədənkənar dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2021 saylı, 11 mart 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 dəymiş ziyan 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat, ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
8. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh təqsirli və hüquqa zidd əməli nəticəsində İddiaçı mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunur. Buna görə, dəymiş zərərin ödənilməsi də cavabdehin üzərinə düşür.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) xx.xx.2021-ci il tarixli, 2(103)-5036/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil5 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5904/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5036/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Həmin qərarda qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırmadan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə MPM-nin 376.2 maddəsinin tələblərini pozmuşdur.
15. Kassatorun dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, lakin apellyasiya məhkəməsi cavabdehin həmin dəlillərini apellyasiya icraatında araşdırmamış və onlara qiymət verməmişdir. Hansı ki, işin faktiki halları cavabdehin dəlilləri ilə bağlı araşdırma aparılmasını zəruri edirdi.
16. Kassasiya intansiyası məhkəməsi qeyd etmişdir ki, iddia yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin ödənilməsi ilə bağlı olduğundan, ilk öncə yol nəqliyyat hadisəsinin kimin günahından baş verməsi, şəxsin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılmalı idi.
17. Hazırkı iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün həmin yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsi ilə bağlı hallar bütövlükdə yoxlanmalı idi. İşdən görünür ki, yol nəqliyyat hadisəsi həqiqətən “Opel Astra” markalı avtomobilin sürücüsü X4 yol hərəkəti qaydalarını pozması ilə başlamış və iddiaçının avtomaşınına zərər yetirilməsi ilə başa çatmışdır. Amma məhkəmənin qətnaməsində hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verməsi, hazırkı iş üzrə cavabdehin hərəkətləri ilə X4 yol hərəkəti qaydalarını pozması arasında səbəbli əlaqənin olub-olmaması görsənmir. Məhkəmənin yeganə istinadı ondan ibarətdir ki, cavabdehin barəsində yol polisi tərəfindən inzibati protokol tərtib edilmişdir.
18. Hadisənin bütövlükdə araşdırılmasının əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Ona görə işə yenidən baxılarkən məhkəmə cavabdehin barəsində tərtib edilmiş inzibati protokolun hazırkı iş üzrə preyudisial hal (təqsirliliklə bağlı) olub-olmaması ilə bağlı dəyərləndirmə aparmalıdır. Belə dəyərləndirmənin nəticəsindən asılı olaraq zərurət yaranarsa, hadisənin baş vermə şəraiti, təsqirliliklə bağlı halları müəyyən etmək üçün müvafiq ekspertiza keçirməlidir. Əslində, belə mürəkkəb şəraitdə baş vermiş yol nəqliyyat hadisələrinin təhqiqatı zamanı müvafiq ekspertizaların keçirilməsi zəruridir. Xüsusilə, hadisə iştirakçıları son zərurət, zəruri müdafiə şəraitində hərəkət etdiyini israr etdiyi halda təhqiqat orqanı müvafiq ekspertiza keçirməlidir. Belə mütəxəssis rəyləri olmadan tərtib edilən inzibati protokol təqsirliliyin müəyyən edilməsində mötəbər görünmür. Çünki analoji hallarla bağlı (son zərurət vəziyyəti, zəruri müdafiə) xüsusi biliyə malik olan mütəxəssisin rəyi daha mötəbər sübut hesab olunmalıdır.
20. Bundan başqa, cavabdehin daha bir dəlili icbari sığorta məbləğinin ödənilməsi ilə bağlıdır. Cavabdeh həmin məbləğin vurulmuş zərərin ümumi məbləğindən çıxılmasını tələb edir. Apellyasiya məhkəməsi ümumiyyətlə həmin məbləğin ödənilib-ödənilməməsi ilə bağlı hər hansı araşdırma aparmadan qərar qəbul etmişdir. Hansı ki, kassasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili həqiqətən 5000 manat pulun sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini etiraf etmişdir.
21. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
22. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
23. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-in 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil5 apelyasiya şikayəti vermişdir.
26. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunanları və digər əsasları göstərərək nəzərə alınmasını, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
27. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil6 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, xahiş etdi.
28. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, lakin icbari sığorta tərəfindən 5000 manat ödənildiyindən qeyd olunan məbləğin zərərin ümumi məbləğindən çıxılmasına etiraz etmədi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
32. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
35. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi nəzərdə tutulsa da, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
36. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
37. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, zərərin məbləği istisna olmaqla birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur.
38. Mülki iş hazırki apellyasiya icraatında olarkən cavabdehin nümayəndəsi və vəkili Vəkil5 vəsatətlə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə icraatın Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında 3(003)-318/2021 saylı iş üzrə qəbul edilmiş qərar qüvvəyə minədək dayandırılmasını xahiş etmişdir.
39. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat Bakı şəhəri X9 İdarəsinin 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 3(003)-5/2022 saylı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olanadək dayandırılmışdır.
40. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin müdafiəçisi Vəkil6 tərəfindən verilən şikayətin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 3(003)-5/2022 saylı qərarı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi hissəsində dəyişdirilmiş və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 3(003)-5/2022 saylı qərarı verilmiş, şikayətə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
41. Bundan sonra, mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
42. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1273/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertlər qarşısında - yol nəqliyyat hadisəsi zamanı “Opel Astra” markalı avtomobilin sürücüsü X4 yol hərəkəti qaydalarını pozması ilə Cavabdeh idarə etdiyi **-HG- *** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı avtomobilin İddiaçı idarə etdiyi **-ML- *** dövlət qeydiyyat nişanlı, “Audi” markalı avtomobillə toqquşması arasında texniki səbəbli əlaqə olub-olmaması; Cavabdeh idarə etdiyi **-HG-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı avtomobilin İddiaçı idarə etdiyi **-ML-*** dövlət qeydiyyat nişanlı, “Audi” markalı avtomobillə toqquşmasına “Opel Astra” markalı avtomobilin sürücüsü X4 yol hərəkəti qaydalarını pozması səbəb olub-olmaması; Cavabdeh idarə etdiyi **-HG-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı avtomobillə yol nəqliyyat hadisəsi törətməsinə, yəni İddiaçı idarə etdiyi **-ML-*** dövlət qeydiyyat nişanlı, “Audi” markalı avtomobillə toqquşmasına “Opel Astra” markalı avtomobilin sürücüsü X4 yol hərəkəti qaydalarını pozması səbəb olsa belə Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olub-olmamasına dair suallar qoyulmuş, eləcə də ekspertizanın işdə olan hadisənin baş vermə anının videoyazını əks etdirən diskə baxış keçirməklə, o cümlədən işdə olan bütün sənədlərə, eləcə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 3(003)-5/2022 nömrəli qərarını və Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli 3(103)-461/2022 nömrəli qərarını və inzibati xəta haqqında iş üzrə keçirilmiş yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi tədqiq edilməklə keçirilməsi tapşırılmışdır.
43. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2225-4/741 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən videoyazıların tədqiqi ilə yol-nəqliyyat hərəkəti iştirakçılarının hərəkət parametrlərinin müəyyən edilməsi üzrə tədqiqatların aparılması mümkün olmamışdır.
44. Təqdim olunan məlumatlara əsasən, Opel Astra markalı 99DS549 dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. X10 markalı avtomobil ilə Toyota Prado markalı avtomobil arasında toqquşma baş vermədiyinidən sürücü A.Ş.Nəhmədovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisə arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər.
45. Təqdim olunan məlumatlara əsasən Toyota Prado markalı, 90HG884 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
46. Ekspertiza rəyi hadisənin baş vermə anının videoyazını əks etdirən diskə baxış keçirməklə verilməmiş, ancaq həmin diskin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi iş materialları ilə təsdiq olunsa da rəylə birlikdə Bakı Apellyasiya Məhkəməsinə də qaytarılmamışdır.
47. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(103)- 1273/2022 nömrəli qərardadı ilə təyin edilmiş yol nəqliyyat hadisələri ekspertizası hadisənin baş vermə anının videoyazını əks etdirən diskə baxış keçirməklə ekspert rəyi verilməsi üçün yenidən mülki iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.
48. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2225-4/1257 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində isə qeyd edilir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "PRİNCO" markalı CD-R diskdə olan hadisə anını əks etdirən kadrlarda tədqiqatı tələb olunan 1, 2 və 3 saylı NV-lərinin hərəkət ardıcıllığı rəyin tədqiqi hissəsində verilmiş cədvəldə göstərilmişdir.
49. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD-R diskdə olan videoyazı təkraryazma olduğundan yol-nəqliyyat hadisəsi iştirakçılarının hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı.
50. Təqdim olunan məlumatlara əsasən Opel Astra markalı 99DS549 dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. X10 markalı avtomobil ilə Toyota Prado markalı avtomobil arasında toqquşma baş vermədiyinidən sürücü A.Ş.Nəhmədovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisə arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər.
51. Təqdim olunan məlumatlara əsasən Toyota Prado markalı, 90HG884 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
52. Göründüyü kimi, kassasiya instansiya məhkəməsinin göstərişi ilə əlaqədar həm hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı, həm də inzibati xəta haqqında iş üzrə icraat zamanı cavabdehin 04 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsində 3(003)-5/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-461/2022 saylı işlər üzrə aparılan araşdırmada iddiaçıya zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində yalnız cavabdehin təqsiri olduğu , üçüncü şəxs(lər)in təqsiri olmadığı müəyyən edilmişdir.
53. Belə ki, “Opel Astra” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz hərəkət zolağını dəyişərək cavabdehin hərəkətdə olan zolağa keçsə də cavabdeh hadisənin qarşısını almadan(əyləci basmadan) manevr edərək iddiaçının idarə etdiyi avtomobilin hərəkətdə olduğu zolağa keçərək yol nəqliyyat hadisəsi törətmişdir.
54. Halbuki, cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərinə əsasən... nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir... hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsini sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Ancaq cavabdeh qanun bu tələblərinə riayət etməyərək hadisənin qarşısını almağa imkanı olduğu halda, iddiaçının avtomobilinin hərəkətdə olduğu zolağa çıxmaqla sonuncuya zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir.
55. Ekspertiza rəylərində Opel Astra markalı 99DS549 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu göstərilsə də həmin avtomobillə nə iddiaçının, nədə cavabdehin avtomobilləri arasında toqquşma baş verməmişdir. Başqa sözlə “Opel Astra” markalı 99DS549 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olsa da, bu uyğunsuzluq hadisəni törədilməsində səbəb olmamışdır yaxud bu cür uyğunsuzluğa görə hadisə baş verməmiş və iddiaçıya zərər dəyməmişdir. İddiaçıya məhz cavabdehin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar baş vermiş hadisə nəticəsində zərər vurulduğu bilavasitə təsdiq olunur.
56. Göstərilənlərə baxmayaraq cavabdehin icbari sığorta məbləğinin ödənilməsi ilə bağlı şikayətinin dəlili əsaslıdır. Yəni, cavabdeh həmin məbləğin vurulmuş zərərin ümumi məbləğindən çıxılmasını tələb edir. Apellyasiya baxışı zamanı da cavabdehin vəkili həqiqətən 5000 manatın sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini etiraf etdi və həmin məbləğdə zərərin azaldılmasına etiraz etmədi. Deməli, sığorta şirkətinin verdiyi 5000 manat sığorta ödənişi 28800 manatdan çıxılmalı və maddi zərərin əvəzi azaldılaraq 23800 manat müəyyən edilməli idi. Ona görə də şikayət yalnız bu hissədə əsaslı olduğundan həmin hissədə qətnamə dəyişdirilməlidir.
57. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 23.800 (iyirmi üç min səkkiz yüz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilsin. Cavabdeh alınmalı olan maddi zərərin əvəzinin miqdarı azaldılaraq 23.800 (iyirmi üç min səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 350 (üç yüz əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.