Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1274/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 87 manat alimentin həcminin artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsini, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəvllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-518/20) iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra cavabdehlə münasibətləri kəsilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü oğulları X3 onunla yaşayır, cavabdeh isə oğlu ilə maraqlanmır. Ona görə də hesab edir ki, uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1178/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında hər ay sabit pul məbləğində tutulan 117 manat alimentin həcminin artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə nikahları pozulduqdan sonra sağalmaz infeksion xəstəliyə, QİÇS xəstəliyinə tutulmuşdur. Onun özünün baxıma, maddi yardıma ehtiyacı olduğu halda, məhkəmə qətnaməsi ilə üzərinə daha da ağır məsuliyyət qoyulmuşdur. O, səhhəti ilə əlaqədar fiziki işlə məşğul ola bilmir. Özünün saxlanılması ilə yanaşı, iddiaçıya tutulan alimenti belə anası ödəyir. Məhkəmə işə birtərəfli baxmış, onun vəziyyətini nəzərə almamışdır. Qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsi rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Səbail Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsindən aydın olur ki, Məmmədova (Cəlilova) Esmira Nəbi qızı və Cavabdeh arasında xx xxxxxx 2009-cu ildə bağlanmış və Səbail rayon Qeydiyyat Şöbəsində 03 № ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxxx 2009-cu il təvəllüdlü X3 anası Məmmədova (Cəlilova) Esmira Nəbi qızının yanında qalması, xx xxxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 87 manat aliment tutularaq iddiaçı Məmmədova (Cəlilova) Esmira Nəbi qızına verilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1178/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədindən görünür ki, xx xxxxxxx 2009-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq 117 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçının tələbi qüvvədə olan məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin miqdarının artırılması barədədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112.1-ci və s. maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin olunmalı, təyin olunan alimentin miqdarı artırılmalıdır. Apelyatorun mövqeyinə görə birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri cavabdehin sağalmaz infeksion xəstəliyə, QİÇS xəstəliyinə tutulması ilə əlaqədar işləməməsi və aliment ödəmə qabiliyyətində olmamasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh sağalmaz infeksion QİÇS xəstəliyinə tutulduğunu göstərsə də, bunu təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdehin göstərdiyi əsaslar tutulan alimentin miqdarının artırılmasına mane ola bilməz. Cavabdeh atadır və bir valideyn kimi övladına diqqət və qayğı göstərməlidir. Həmçinin, yetkinlik yaşına çatmayan övladının anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşağın atasının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya da qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1274/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1274/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver