Məhkəmə qərarları › İş №2(103)-1275/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1275/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1275/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 nömrəli 07 iyun 2023-cü il tarixli qərardadından maraqlı şəxs Bank "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc alan Cavabdeh ilə 12 fevral 2018-ci il tarixdə bağladığı kredit müqaviləsi üzrə ona verdiyi 100.000 manat məbləğində pul borcunun, 10 may 2017-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlayaraq cavabdehə verdiyi 30.000 manat məbləğində pul borcunun, həmçinin 20.000 manat əldən çıxmış fayda formasında ziyanın və 5.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək üçün tədbirlər qismində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 63, 81 saylı mənzilin üzərinə həbs qoymaq, həmin mənzilə münasibətdə müəyyən hərəkətləri etməyi, xüsusilə də sərəncam vermək hüququnu həyata keçirməyi Cavabdeh qadağan etmək, Cavabdeh tərəfindən əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 63 evin 81 saylı mənzilinin özgəninkiləşdirilməsi Cavabdeh və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 142.820 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 142.841 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3815/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin “iddianın təmin edilmiş” hissəsində qismən ləğv edilməsi, iddia tələbinin “75.000 manat məbləğində pulun tutulması” hissəsində rədd edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, digər hissədə qətnamənin dəyişdirilməsi, 117500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3815/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, icra şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. Hazırda Bank "xxxx" ASC ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, göstərmişdir ki, “Bakı Hərrac Mərkəzinin” xx.xx.2021-ci il tarixli 378/1/22 saylı Protokoluna əsasən Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 63, 81 saylı mənzil açıq hərracdan Bank "xxxx" ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında DƏDKR Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 63, 81 saylı mənzilin ASC-nin mülkiyyətinə keçməsinə dair rəsmiləşdirilmənin aparılması xahiş edilmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin xx.xx.2021-ci il tarixli icra sənədini əsas gətirərək, rəsmiləşdirmədən imtina etmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı qəbul edilmiş, həmin qərara əsasən Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 63, 81 saylı mənzilin üzərində həbsin qalmasına dair zərurət aradan qalxmışdır və mənzilin üzərindən həbsin götürülməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 nömrəli 07 iyun 2023cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan ASC-nin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və "xxxx" ASC-nin ərizəsi təmin edilməli və tətbiq edilmiş müvəqqəti təminat tədbiri götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 162-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (162.1). Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur (162.2). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (162.3). İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (162.4). Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, 117500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Mülki Prosessual qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Hazırkı iş üzrə icra icraatı çərçivəsində tələbkara hər hansı borc ödənilməmiş və icra icraatına xitam verilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Bank tərəfindən verilmiş ərizəyə əlavə olunan sənədlərdən müəyyən edilir ki, borcun tutulmasına dair mülki iş üzrə tutma ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 63, 81 saylı mənzilə yönəldilmiş, həmin iş üzrə hərrac keçirilmiş və hərracın nəticələri haqqında protokola və müqaviləyə (xx.xx.2022-ci il tarixli) əsasən mənzil Bank "xxxx" ASC tərəfindən əldə edilmişdir. Belə olan halda məhkəmənin hazırki iş üzrə qətnamənin icrasına qədər həmin mənzilə dair tətbiq edilmiş müvəqqəti təminat tədbirini qüvvədə saxlaması Bankın hüquqlarının pozulması ilə nəticələnir. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, hazırki müvəqqəti təminat tədbirinin saxlanılması mənzilin mülkiyyətçisi olan Bank "xxxx" ASC-nin hüquqlarının pozulmasına səbəb olmaqla, onun əsassız məhrumiyyətlərə məruz qalması ilə nəticələnir, ona görə də sözügedən mənzilə dair tətbiq edilmiş müvəqqəti təminat tədbiri götürülməlidir. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Kollegiya hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 nömrəli 07 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bank "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş - Hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 63 evin 81 saylı mənzilinin özgəninkiləşdirilməsinin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar