Məhkəmə qərarları › İş №2(103)-1276/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1276/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1276/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1276/2025 (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı şəhəri 11 fevral 2025-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 4202/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İXP seriyalı, ******* saylı X6 protokolun və xx.xx.2020-ci il tarixli, YNH-nin təfərrüatları barədə arayışından görünür ki, Cəfərov X3 Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 40,0 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

2. xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, “OPEL ASTRA minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2455,00 manat təşkil edir.

3. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “OPEL ASTRA minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 2455,00 manat müəyyən edilmişdir.

4. PXA99529 nömrəli sığorta aktının surətindən görünür ki, sığorta ödənişi 2455,0 manat təşkil edir.

5. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC “KHAZAR LX MİNİK” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.

6. Elektron məhkəmə informasiya sistemi vasitəsilə imzalanmış elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, iddiaçı tərəfindən 44,55 manat dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2455,0 manat məbləğində vurulmuş zərər və 44,55 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 22:30 radələrində Kürdəxanı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “KHAZAR LX minik” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “KHAZAR LX minik” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “OPEL ASTRA minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2455 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 2455.00 manat iddiaçı tərəfinən X1 bank hesabına ödənilmişdir. Sabunçu rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı X6 protokoldan və YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cəfərov X3 Xətalar Məcəlləsinin 332.4-cü, 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1cimaddəsində aşağıdakılar qeyd olunur: “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi,yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Həmçinin Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 noyabr 2024-cü il tarixli 2(003)-42029/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

11. Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.

12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur

13. Məhkəmə gəldiyi nəticəni “İcbari Sığortalar haqqında” Qanunun 13.4, 25.1, 25.1.3, 63.1, Mülki Məcəllənin 21.1, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1108.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 107, 119.1, 284-1, 284-5.1. 284-5.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, Sabunçu rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı X6 protokolundan göründüyü kimi, cavabdeh İXM-nin 327.1-ci və 332.4-cümaddələriilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu o deməkdir ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Halbuki iş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisəsi zamanı cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə tənbeh olunmuşdur. X6 protokoldan göründüyü kimi, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4cümaddəsiilə təqsirli bilinmişdir. Cavabdehin sürücülük vəsiqəsinin olmaması sığortaçının subroqasiya hüququ yaranması üçün əsasdır.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

18. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 23.Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

24. Maddə 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir.

25. Maddə 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.

43. Məhkəmə hesab etmişdir ki, cavabdehin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi iddiaçıya subraqasiya hüququ vermir. Halbuki, Cavabdeh “Khazar LX minik” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi olmuşdur.

44. İXP seriyalı, ******* saylı X6 protokolun və xx.xx.2020-ci il tarixli, YNH-nin təfərrüatları barədə arayışının surətindən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş, hadisənin baş verməsində cavabdeh təqsirli bilinmiş və sonuncu nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir.

32. xx.xx.2021-ci il tarixli qüsur və qiymətləndirmə aktlarına əsasən, “OPEL ASTRA minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2455,00 manat təşkil edir.

45. Göründüyü kimi, Cavabdeh “Khazar LX minik” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi olmaqla sürücülük hüququ olmadan yol nəqliyyat hadiəsəsinin baş verməsinə səbəb olmuş inzibati xəta törətmişdir.

46. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən subroqasiya qaydasında sığorta ödənişinin cavabdehdən tutulmalıdır.

47. PXA99529 nömrəli sığorta aktının surətindən görünür ki, sığorta ödənişi 2455,0 manat təşkil edir.

48. Dövlət rüsumuna aid məsələdə isə iddia tələbi tam təmin olunduğundan iddia ərizəsində qeyd edilən 44,55 manat cavabdehdən tam tutulmalıdır.

49. Odur ki, apellyasiya şikayəti təmin edilməklə, qətnamə ləğv edilməklə, iddia tələbi təmin edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4202/2024 nömrəli iş üzrə 20 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2.455,0 manat zərər məbləği və ödənilmiş 44,55 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar