Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1279/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (məhkəmə) 15 dekabr 2023-cü il tarixli qərardadı ilə, iddiaçının pretenziya qaydasına əməl etmədiyi əsas göstərilməklə geri qaytarılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin dəlillərinə qiymət verərkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndində “kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir” məzmununda razılaşma nəzərdə tutulmuş, beləliklə tərəflər özləri müstəqil surətdə müqavilə şərti kimi borcun ödənilməsi ilə bağlı tələbin verilməsindən sonra kredit alan tərəfindən 10 iş günü ərzində borcun ödənilmədiyi halda məhkəməyə müraciət edilməsinin mümkün olduğu barədə razılaşmışlar. İddiaçının istinad etdiyi müqavilə bəndinin ikinci cümləsi isə birinci cümləni istisna etdiyi üçün ziddiyyətlidir və “prentenziya qaydasına ehtiyac olmaması” ilə bağlı yekun nəticəyə gəlməyə əsas verə bilməz. Məhkəmə həmçinin Mülki Məcəllənin 447.2-ci maddəsinə istinadla vurğulamışdır ki, ikitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi zamanı bir sıra hallarda əlavə müddət təyin edilməsinə və ya xəbərdarlıq edilməsinə zərurət olmadığı qeyd olunmuşdur – hansı ki, həmin hallara bunun heç bir nəticə verməyəcəyinin aydın olması, öhdəliyin müqavilədə təyin edilmiş müddətdə icra edilməməsi və müqaviləyə görə kreditorun münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağlaması və xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırılması aid edilmişdir. Lakin borcun ödənilməsilə bağlı borcluya xəbərdarlıq edilməsinə zərurət olmamasını təsdiq edən və qanunda sadalanan yuxarıdakı üç haldan hər hansı birinin olması barədə iddiaçı tərəfindən iş materiallarına sübut əlavə olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və ərizə üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, həmin əsasla iddia ərizəsi iki halda geri qaytarıla bilər 1) Qanunla pretenziya qaydası nəzərdə tutulduğu hallarda; 2) müqavilə ilə pretenziya qaydası nəzərdə tutulduğu hallarda. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndində, “kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alanın 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verənin məhkəmə orqanlarına müraciət edəcəyi, lakin bu tələbin kredit alana təqdim edilməməsinin kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdırmadığı” təsbit olunmuş, bu növ iddialarda pretenziya qaydasına əməl edilməli olduğu isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Buna görə də kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytardığı zaman haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, hər kəs öz işinin məhkəmələr tərəfindən araşdırılması imkanına sahib olsun. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5797/2023 saylı iş üzrə 15 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1279/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1279/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver