Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1280/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə və iddiaçı Cavabdeh İddiaçı qarşı“ (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində 11 saylı Notariat Kontoru cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verəcəyi əsas borc 120.000 (yüz iyirmi min) manat, 18.000 (on səkkiz min) manat bank uçot dərəcəsi, əldən çıxmış fayda kimi 50.000 (əlli min) manat, dəbbə pulu 60.000 (altmış min) manat, cəmi 248.000 (iki yüz qırx səkkiz min) manat və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan xx xxxx 2018-ci il tarixdə Bakı şəhərinin 11 saylı notariusu X3 tərəfindən təsdiq edilmiş, Reyestrə 3M-477 sayla qeydə alınmış kredit müqaviləsi ilə 120.000 (yüz iyirmi min) manat nağd pul borc almışdır. O da cavabdehi tanıdığına görə həmin pulları cavabdehə vermişdir. Notariat qaydasında təsdiq olunmuş həmin Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh ondan aldığı 120.000 (yüz iyirmi min) manat məbləğində borc pulu xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin müqavilənin bağlandığı tarixdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda sözügedən Kredit müqaviləsinin 8-ci bəndində qeyd olunmuşdur ki, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Sonuncu dəfə isə cavabdehə xx xxxx 2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərərək verdiyi 120.000 (yüz iyirmi min) manat borc pulun qaytarılmasını tələb etmişdir. Lakin bütün bunlara baxmayaraq dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh müqavilə üzrə borc öhdəliklərini yerinə yetirməmiş, apardığı danışıqlar heç bir nəticə verməmiş və ona olan borclarını qaytarmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi, xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verəcəyi əsas borc 120.000 (yüz iyirmi min) manat, 18.000 (on səkkiz min) manat bank uçot dərəcəsi, əldən çıxmış fayda kimi 50.000 (əlli min) manat, dəbbə pulu 60.000 (altmış min) manat, cəmi 248.000 (iki yüz qırx səkkiz min) manat və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5892/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 120.000 (yüz iyirmi min) manat əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 120.030 (yüz iyirmi min otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmçinin, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda onunla İddiaçı arasında bağlanmış, reyestrdə 3M-447 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı sata bilmədiyi üçün həmin əmlakın satılmasına görə ona müraciət etmiş və razılaşmaya əsasən onun tərəfindən 296,5 kv metr sahəsi olan əmlak 1 il ərzində satılmalı, satıldıqdan sonra isə əmlakların dəyəri İddiaçı ödənilməli idi. Bu məqsədlə cavabdeh ona xx xxxx 2018-ci il tarixdə 1 illik etibarnamə ilə ünvan 1 ünvanda fərdi yaşayış evinin 296,5 kv.m sahəsinə dair sərəncam vermək səlahiyyəti vermişdir. Bu şifahi razılaşmanın təminatı olaraq Cəfərov X1 Elmar Qasım oğlu ilə eyni tarixdə, yəni xx xxxx 2018-ci il tarixdə 06 aylıq kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi faktiki olaraq bağlanmamış, cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı bir borc götürülməmiş, həmin müqavilə digər əqdin təminatı olaraq çıxış etmiş, yəni uydurma əqd olmuşdur. Bu müqavilə bağlanan zaman notariusda ona borc olaraq hər hansı bir pul verilməmişdir. Yəni, 120.000 manat notariusun depozitinə qoyulmamış, həmin pul onun tərəfindən çıxarılmamışdır. Yəni bu müqavilə onlar arasında formal olaraq bağlanmış, lakin cavabdeh həmin uydurma əqddən istifadə etməklə məhkəməyə iddia verməklə, eyni zamanda etibarnamə əsasında satdığı evlərlə də əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Yəni şəxs əsassız varlanmaq niyyətindədir. Belə ki, həmin kredit müqaviləsi üzrə göstərilən pulu, həm də evlərin alqı-satqı müqavilələrində göstərdiyi dəyərləri istəyir. Bu səbəbdən tərəfindən həmin müqavilənin etibarsızlığının qoyulması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-1684/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hər iki qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh olan İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, hər iki qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 3M-447 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 120.000 manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən, İddiaçı (borcverən) Cavabdeh (borcalan) 120.000 manat məbləğində borc verməyi, borc alan isə borc məbləğini xx xxxxxx 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh (İddiaçı əvəzinə) ilə X4 arasında Bakı şəhəri 11 saylı Notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (satıcı) ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 295 kv.m olan fərdi yaşayış evini 12.000 manata X2 (alıcı) satmışdır. Həmin müqavilənin iş materiallarında olan surətindən görünür ki, müqaviləni satıcı İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Adıçəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Apellyator Cavabdeh tərəflər arasında bağlanmış borc müqaviləsinin uydurma əqd olması, həmin müqavilə üzrə qarşı tərəfin ona borc pul verməməsi, bu səbəbdən də müqavilənin etibarsız hesab edilməli olmasına dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında həmin müqavilə xx xxxx 2018-ci il tarixdə bağlansa da, iddiaçı Cavabdeh onun etibarsızlığı ilə bağlı məhkəməyə yalnız xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçı Cavabdeh onunla cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli borc müqaviləsini mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə, kollegiya hesab edir ki, Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il və xx xxxx 2020-ci il tarixli qətnamələri qanuni və əsaslı olmuşdur və həmin qətnamələrin ləğv edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnamələri qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5892/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli və 2(007)-1684/20 saylı xx xxxx 2020-ci il tarixli qətnamələri verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1280/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1280/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver