Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1281/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X23 cavabdeh X11 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işgüzar nüfuza, şərəfə ziyan vurma, maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X23 cavabdeh X11 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər 2004-cü ildən 2020-ci ilədək müxtəlif şirkətlərdə bir yerdə işləyərək dost münasibətlərində olmuşlar.
2. 19 oktyabr 2020-ci il tarixdə "xxxx" MMC ilə X20 arasında Əmək müqaviləsi bağlanmışdır.
3. İddiaçı sözügedən MMC-də böyük mexanik-istismar texniki kimi işləmiş, cavabdeh isə "xxxx" MMC-də texniki xidmət rəhbəri kimi işləmişdir.
4. "xxxx" MMC ilə X20 arasında bağlanmış əmək müqaviləsinin müddəti 30 aprel 2020-ci il tarixinədək müəyyən edilmişdir.
5. 17 aprel 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən, işçi X1 işində yol verdiyi nöqsanların tam araşdırılmasına, həmçinin koronavirus pandemiyasının yayılması ilə əlaqədər ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi, işçi ilə bağlanmış əmək müqaviləsinin 1 (bir) ay müddətinə uzadılması işəgötürənə tövsiyə edilmişdir.
6. AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X2 adına "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə xx.xx.2019-cu il tarixli müqavilə bağlanması və xx.xx.2020-ci il tarixli müqavilənin xitam edilməsi barədə məlumatlar daxil edilmişdir.
7. Hazırda iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzunun alçaldılmasını, bunun nəticəsində əmək müqaviləsinə xitam verilməsini, habelə daha sonra yaşayış binasının qarşısında cavabdeh tərəfindən söyüşlərlə təhqir edildiyini bildirir, 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir.
8. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddiaçının 37000 manat kompensasiyanın alınması barədə onun işəgötürəninə qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırıldığını, bundan əlavə onlar arasında əmək müqaviləsi bağlanmadığı halda bu kompensasiyanın nəyə görə ödəməli olduğunu, iddiaçının xərclədiyi 11.500 manatın təhsil haqqı kimi uşaqlarının təhsil aldıqları üçün ödənildiyini, iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin ona heç bir aidiyyətinin olmamasını, mənəvi ziyanın ödənilməsini tələb edərkən keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməli olduğu halda, sadəcə söz yığınından ibarət cümlələrlə ona mənəvi zərərin vurulmasını bildirir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X22 cavabdeh X11 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xeyrinə 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN (otuz yeddi min manat) və ya 30.600 ABŞ (otuz min altı yüz dollar) əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN (iki min beş yüz əlli manat) icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN (on bir min beş yüz manat) təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN (beş yüz qırx bir manat) real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN (əlli min manat) mənəvi ziyanın cavabdehdən tam şəkildə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən 2020-ci ilin fevral ayınadək cavabdeh X13 ilə yaxın qardaş münasibətlərində olub. İddiaçı Türkiyə Respublikasında uzun müddət “Anel” şirkətlər qrupunda, əsasən mexanika mühəndisi kimi işləyib. Həmin vaxtlarda cavabdeh Hasan Şahin də eyni şirkətdə elektrik mühəndisi kimi çalışıb. 2004-cu ildə Türkiyə Respublikası İstanbul şəhəri Bakırköydə “Carousel” alış-veriş mərkəzində tərəflər birgə işləyiblər. 2006-cı ildə iddiaçı X28 “ANELTECH” firmasının Avca layihəsində mexanika mühəndisi kimi işləyirdi, cavabdeh Hasan Şahin “ANELTECH” firmasının Cevizli bağda Türkcell layihəsində, elektrik mühəndisi kimi işləyib. İddiaçı uzun müddət işlədikdən sonra şirkətdən ayrılmış və öz işini quraraq “klima hava 1 andırma" işləri ilə məşğul olub. İddiaçı öz işini qursa da cavabdehlə sıx münasibətdə olub. İddiaçı “ANEL” şirkətlər qrupundan ayrılsa da, şirkət əməkdaşlarının yaddaşında qabiliyyətli, işgüzar, işini yaxşı bilən və görən işçi kimi yaddaşda qalmışdı. Uzun müddət sonra 2019-cu ilin avqust ayında şifahi şəkildə “AnelGrup” şirkəti tərəfindən təkrar aylıq maaşlı iş təklifi edilib. İddiaçı cavabdehin azı 4 il ailəsi ilə birgə Bakı şəhərində yaşadığını və işlədiyini öyrəndikdən sonra “Abi" böyük qardaşı ilə birgə əvvəlki kimi işləmək, ona dəstək olmaq qərarına gəlir. “AnelGrup” şirkətilə əmək müqaviləsi müddətsiz nəzərdə tutulurdu. İddiaçı yazılı şəkildə təklifi xx.xx.2019-cu ildə qəbul etmiş və 18 sentyabr 2019-cu ildə Bakı şəhərinə gəlmiş, 20 sentyabr tarixdə "xxxx" MMC-də işə başlamışdır. Bu razılaşmaya etibar etdiyindən iddiaçı öz ailəsini Bakıya gətirmiş, azyaşlı övladlarını müvafiq təhsil haqqı tutulan məktəbə və bağçaya yazdırmışdır. Cavabdeh iddiaçıya qaldığı eyni binadan kirayə ev tutmasından uşaqlarının məktəbə yazılmasına kimi istiqamət verib. Belə ki, iddiaçı öncədən Azərbaycanda olmayıb yaşamayıb. Yalnız “Abi” böyük qardaşa etibar etdiyindən bir çox şeyləri cavabdehdən soruşub. İddiaçının həyat yoldaşı cavabdehin həyat yoldaşına “Abla" böyük bacı deyə müraciət edir və yalnız ona etibar edirdi. Tərəflər bir binada qonşu kimi yaşadıqlarından tez-tez bir-birlərinə gedib-gəlir, kömək edirdilər. İddiaçı "xxxx" MMC-də böyük mexanika-istismar texniki, cavabdeh isə "xxxx" MMC-də texniki xidmət rəhbəri kimi işləyib. Amma iddiaçının özünə “ORİON O and MM" MMC-nin əməkdaşı kimi SOCAR tərəfindən müvəqqəti buraxılış vəsiqəsi verilmişdir. Tərəflər arasında münasibət ilk olaraq 2019-cu ilin noyabr ayından pozulmağa başlayır. Səbəb isə o olur ki, cavabdeh iddiaçıya müraciət edib bildirib ki, “iddiaçının işlədiyi şirkətdə Erdal Keskendir pis adamdı, davaçıdır, onun yerində gözü var. Təhrik edir ki, onun işində ona hər hansı yardım etməsin, işində çətinliklər yaratmasını təmin etsin. Nəticədə həmin adamın işindən şirkət rəhbəri narazı qalaraq onu işdən çıxardacaqlar.” İlk əvvəl iddiaçı cavabdehə inanır, lakin iddiaçının işlədiyi şirkətdə Erdal Keskendirin öz işinə ciddi yanaşdığını, işini düz gördüyünü, vicdanlı və ailəli olmasını görüb cavabdehin təklifindən qəti imtina edir. İddiaçı qaydasında, vaxllıvaxtında işləyir, Erdal Keskendirə heç bir xətər yetirmir, ona heç bir söz demir ki, bəlkə nə vaxtsa, onlar aralarındakı məsələni özləri həll edər. 2019-cu il yeni il ərəfəsində münasibətlər daha da pozulur. Səbəb o olur ki, Yeni il gecəsi cavabdeh iddiaçının evində olan 4-dən çox türk qonaqların qarşısında birbaşa iddiaçını təhqir edir, dava salır. Bununla iddiaçının qüruru digər kənar şəxslərin qarşısında alçaldılır. Bu hadisədən sonra iddiaçı cavabdehin hərəkətlərindən mənəvi sarsıntı alaraq ondan küsür. Lakin cavabdeh hərəkətlərinə davam edib iddiaçının işlədiyi şirkətdə onun barəsində nüfuzuna xələl gətirən məlumatlar yayır. Hətta, pis adam dediyi Erdal Keskendir ilə münasibət qurur və şirkətin rəhbərliyinə mütəmadi deyirdi ki, əgər iddiaçının işindən narazıdırlarsa, dərhal onu işdən göndərə bilər. Digər tərəfdən iddiaçını təhrik edir ki, Erdalın işində problemlər yaratsın. Lakin iddiaçının bu hadisələrdən xəbəri olmur. Rəhbərliyin və əməkdaşların ona qarşı soyuq davranışlarına fikir vermir, ümid edir ki, ona qarşı anlaşılmaz münasibət aradan qalxacaq. Cavabdeh isə yenə iddiaçı ilə yaxın qardaş münasibətlərində olmağa çalışır, guya ona məsləhətlər verərək istiqamətləndirməyə çalışdırdı. İddiaçının qüruru incilsə də, bir müddət cavabdehə “Abi" böyük qardaş deyə müraciət edirdi. Tərəflər arasında münasibət 2020-ci ilin iyun ayında daha gərginləşir. Belə ki, 2020-ci ilin may və iyun aylarında başqa yerdən iş təklifi alsa da, işəgötürənlə əmək müqaviləsi müddətinin davamlı olmasına əmin olduğundan həmin iş təklifindən imtina edib. Cavabdeh iddiaçı barəsində şirkət rəhbəri, Erdal Keskendir və digər şirkət əməkdaşlarında onun barəsində nüfuzunu alçaldan məlumatlar yaydığından 16 iyun 2020-ci il tarixdən onunla əmək münasibətlərinə xitam verilir və iddiaçı işsiz qalır. Bununla iddiaçı maddi və mənəvi ağır vəziyyətə düçar olur. Bu hadisədən sonra 2020-ci ilin iyul ayında iddiaçı alçalmış şərəfini, işgüzar nüfuzunu bərpa etmək, pozulmuş hüquqlarını bərpa etmək üçün yaşadıqları binada və məhəllə türk qonşularını və cavabdehi məhlədə üzləşməyə dəvət edir. Üzləşmə ərəfəsində iddiaçının çalışdığı şirkətdən Erdal Keskendir də iştirak edir. Nəticədə bir sıra qaçılmaz faktlar, həqiqətlər aşkar olur, cavabdehin əxlaq normalarına sığmayan ikili hərəkətləri müəyyən olur. Həmin faktlarla üzləşən cavabdeh əvvəl etdiyi hərəkətlərindən zərrə qədər peşman olmadığını bəyan edir və əməlinə davam edib iddiaçını məhəllədə qonşuların və üzləşmədə iştirak edən digər şəxlərin aydın eşitdiyi tərzdə, ağır şəkildə bir neçə dəfə təhqir edir. Bununla da, iddiaçının şərəfini ağır və kütləvi şəkildə kobudcasına alçaldıb. Nəticədə iddiaçıya bir daha ağır mənəvi ziyan vurulub. İddiaçı barəsində pis təqdimata imza edən Erdal Keskendir yanlış etdiyini gec başa düşür. Lakin vəziyyəti bərpa etmək qeyri-mümkündür. Vurulmuş ziyan həddən ağırdır. Sonuncu iş yeri iddiaçının yeganə qazanc yeri olub. Himayəsində 2 azyaşlı uşağı var, özü əcnəbi, türk vətəndaşıdır. Kirayədə qalaraq ayda 850 AZN icarə haqqı ödəyir. Yeganə qazanc yerini itirib uzun müddət işsiz qalaraq qazanc əldə edə bilmədiyi üçün maddi vəziyyəti ağırlaşıb. Övladlarının təhsil haqqını, evin icarə haqqını və həyat yoldaşının sağlamlığındakı problemin müalicə haqqını ödəmək iqtidarında deyil. Həm də onun barəsində şirkət rəhbərliyi və işçilərə neqativ fikirlərin aşılanması, neqativ rəylərin olmasına dair təqdimatın qəbul edilməsi nəticəsində iddiaçı həm də mənəvi sarsıntı keçirib.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilərək, dövlət rüsumunun ödənilməsinin iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova).
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.
13. Eyni zamanda məhkəmə iddiaçının iddia tələbinin “iddiaçının itirdiyi əmək haqqı, cəmi 37.000 və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın cavabdehin qanunsuz hərəkətləri, o cümlədən təqsiri nəticəsində meydana gəldiyi sübuta yetmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərərə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 23.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 107, 119.1, 217.4, 218.1, 220.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ifadəsi ziddiyyətlidir, rəsmi etirafları qətnamədə qeyd edilsə də, onlara hüquqi qiymət verilməyib, həqiqət təhrif edilib, sübutlara məcmu halında hüquqi qiymət verilməyib. Cavabdehin zamanla ara verməklə davamlı olan əməlinə hüquqi qiymət verilməyib. Belə ki, xx.xx.2020-ci il tarixli təqdimat iddiaçının işlədiyi şirkətdə işçi Erdal Keskendirin iddiaçı barədə uydurma rəyidir. Təqdimatın yarı Azərbaycan, yarı türk dilində yazılması özlüyündə şübhəlidir. Sonda yazılıb ki, uzun müddət işlədikdən sonra işverən tərəfindən verilən neqativ paylaşımları nəzərə alıb belə qənaətə gəlib ki, cihazdan gərəkli texniki biliklərə sahib deyil. “İşveren” dedikdə, işəgötürən, “neqativ paylaşımlar” dedikdə, şəxs barəsində mənfi məlumatların yayılması nəzərdə tutulur. Yəni, işəgötürən iddiaçı barəsində mənfi məlumatları yayıb. Erdal Keskendir iddiaçının işlədiyi "xxxx" MMC-də, şirkətin nə direktoru, nə də digər səlahiyyət sahibi olmayan işçidir. Neqativ paylaşımların nədən ibarət olması müəmmalıdır. Hansı səbəbdən məhz onun tərəfindən belə təqdimatın yazılması aydınlaşdırılmayıb. Erdal Keskendir işəgötürən tərəfindən neqativ paylaşımları etməsini yazaraq nəyi nəzərdə tutması aydınlaşdırılmayıb. Səbəb aydın deyil. Bu sənəd aşkar, aydın şəkildə sübut edir ki, kimsə iddiaçı barəsində onun işi, şəxsiyyəti barədə yalan, uydurma məlumatları yayıb. Yəni, iddiaçıya qarsı əxlaqsız davranış icra olunaraq bitib və nəticə göz qabağındadır. Bunun ardında № 01/04.20, xx.xx.2020-ci il tarixli Komissiya iclasının protokolu qəbul edilir. Bu sənədi ümumiyyətlə iddiaçının və təqdimatı tərtib edən şəxsin işinə hər hansı təsir etmək səlahiyyətinə malik olmayan işçilər tərtib ediblər. İclas iddiaçının əmək funksiyalarının qeyri-qənaətbəxş icra etməsi ilə bağlı araşdırılması və iddiaçının əmək müqaviləsinin müddətinin nəzərdən keçirilməsi ilə bağlı təşkil olunub. Komissiya sədri Adil Həsənov əmək müqaviləsinin 1 ay müddətinə uzadılmasını və bu müddətdə təqdimatda yazılanların həqiqətə uyğunluğunun araşdırılmasını məqsədəuyğun hesab edib. Sonda qərara alınıb ki, iddiaçının işində yol verdiyi nöqsanların araşdırlması işəgötürənə tövsiyə edilib. İddiaçını həmin sənədlərdən xəbəri olmayıb. Maraqlıdır ki, təqdimat tərtib edildiyi və iclas keçirildiyi vaxtda işçilərin hər ikisi (Erdal Keskendir və iddiaçı Ali Riza) normal iş vaxtı müəssisədə işləyiblər, lakin iclas nə təqdimatı tərtib edən şəxsin, nə də iddiaçının iştirakı olmadan keçirilib. Qeyd edilən 2 sənəd aprel ayında deyil, iyul ayında hazırlanıb. X21 üzləşmədə özü etiraf edib. Səs yazısı iş materiallarına əlavə edilib. Sonra № 01-T/04.20, xx.xx.2020-ci il tarixli Əmri işəgötürən imzalayır. Bu sənədlə cavabdeh müqavilə müddətinin xx.xx.2020-ci il tarixdə bitsə də, işçinin iş fəaliyyətinin qeyri-qənaətbəxş olması ilə bağlı təqdimatın araşdırılması və koronavirus pandemiyasmın yayılması səbəbilə karantin şəraitinin çətinlikləri ilə bağlı müqavilənin 1 ay müddətinə uzadılması qərara alınıb. İddiaçı barəsində “işinin qeyri-qənaətbəxş olması" ifadəsi sübut edir ki, kimsə iddiaçı barəsində 7 ay işlədikdən sonra peşəsinə, şəxsiyyətinə uyğun olmayan yalan məlumatları həm şirkətin işəgötürəninə, həm də kollektivə yayıb. Fakt aşkardır. Sonda iddiaçının işlədiyi şirkətdən onun ərizəsinə № 0İ-L/06.20, xx.xx.2020-ci il tarixli imtina cavabında iddiaçının müraciətinə bildirilib ki, onun şirkətdə işlədiyi müddət ərzində fəaliyyəti ilə bağlı mühəndis Erdal Keskendir tərəfindən verilən mənfi rəylər və onun xx.xx.2020-ci il tarixli təqdimatına əsasən daimi fəaliyyət komissiyasının iclası keçirilmiş və əmək fəaliyyətinin qeyri-qənaətbəxş olması qənaətinə gəlinmişdir. xx.xx.2020-ci il tarixədək uzadılmış müqaviləyə müddəti bitdikdən sonra xitam verilməsinə qərar verilib. Məhkəmə ardıcıl və bir-birinə uyğun gələn bu sübutlara əhəmiyyət verməyib, sadəcə sadalamaqla kifayətlənib. Heç təkzib edə bilməyib. Belə çıxır ki, məhkəmə özü etiraf edir ki, sübutlar var və mötəbərdir. xx.xx.2020-ci il tarixli və 07.2020-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin sorğuya cavablarından aydın olur ki, X26 adına “Əmək müqaviləsi bildirişi“ altsisteminə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə daxil edilib. Xitamın sistemə işlənməsi xx.xx.2020-ci il tarixdə icra olunub. Komissiya iclasının iştirakçıları və təqdimatı tərtib edən şəxsin əmək müqaviləsinə dair məlumatlar elektron altsistemdə mövcuddur. Sorğuya cavaba əsasən müəyyən olunur ki, X5 - kadrlar üzrə böyük mütəxəssis öncə 2015-ci ildən “ORİON O AND M" MMC (VÖEN **********) şirkətində çalışmışdır, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, Erdal Keskendir öncə 2016-ci ildən “ORİON O AND M" MMC (VÖEN **********) şirkətində çalışmışdır, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb. X6 öncə 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışmışdır, xx.xx.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X9 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışır. Yəni, təqdimatı tərtib edən Erdal Keskendir və şirkətin işçiləri əvvəl cavabdehin işlədiyi şirkətdə çalışıblar. Kollektivin cavabdehlə sıx əlaqəsi var və onun kollektivdə nüfuzu var, söz sahibidir. Onun sözünə etimad edirlər. X10 cavabdehin çalışdığı şirkətdə onun tabeliyindəki işçidir. Ayxan Hümbətovun cavabdehlə sıx münasibətdə olmasına dair səs yazısı iş materiallarına təqdim edilsə də, bununla əlaqəli digər sübutlara məhkəmə qətnamədə münasibət göstərməyib və onlara məcmu halında hüquqi qiymət verməyib. Məhkəmə ümumiyyətlə şirkətin işçilərinin, işəgötürənlərin və Erdal Keskendirin iddiaçı və cavabdeh ilə nə kimi əlaqəsinin olmasını müəyyən etməyib. Belə ki, həmin şəxslərin iddiaçının işinə dair hansı iradlarının olmasını, onun işi ilə əlaqəsini və onun işinə neçə təsir etməsini müəyyən etməyib. Ümumiyyətlə, bu sübutlara hüquqi qiymət verməyib. Hərçənd, bu sənədlər və səsli audio yazılar sübut edir ki, iddiaçı barəsində yalan, onun peşə nüfuzunu ləkələyən məlumatlar təkcə işəgötürənə deyil, həm də kollektivdə də yayılıb. Kollektivdə iddiaçı barəsində mənfi rəylər səbəbindən ona pis münasibət formalaşıb. Məhkəmə qeyd edilən sübutları, rəsmi sənədləri məcmu halında qiymətləndirərək iddiaçının işinə dair qeyd edilən “qeyri-qənaətbəxş" ifadəsinin, “şərəfsizsən” və digər ifalələrin onun kollektivdə peşəsini və şəxsiyyətini alçaldan davranış olub-olmamasını, baş verənlərin cavabdehin əməli ilə səbəbli əlaqəsini müəyyən etməyib, onlara hüquqi qiymət verməyib. Cavabdehin qəsdən əxlaqsız əməli səbəbindən şirkət tərəfindən iddiaçıya vəd edilən uzun müddətli daimi işə xitam verilib. Cavabdehin əxlaqsız hərəkətləri səbəbindən iddiaçı sonrakı 6 aylıq işindən və almalı olduğu əmək haqqından məhrum olub. Əgər cavabdeh və ya kimsə iddiaçı barəsində “neqativ paylaşımları etməsəydi, kollektivdə peşəsi, şəxsiyyəti barəsində mənfi fikirlər yaymasaydı, iddiaçı 6 ay müddətində işləyib real şəkildə 6 aylıq əmək haqqını, yəni 37.000 AZN (otuz yeddi min manat) və ya 30.600 ABŞ (otuz min altı yüz dollar) ala bilərdi. İş materiallarına həmçinin 1 video görüntü və 2 səs yazısı təqdim edilib. Bu video yazılardan biri iddiaçının özünə məxsusdur, yəni özü məhkəməyə görüntülü ifadə verib. Lakin, məhkəmə qətnaməsində iddiaçının ifadəsinə, müraciətinə ümumiyyətlə əhəmiyyət verilməyib. İddiaçının görüntülü izahatının səbəbi odur ki, məhkəmə prosesinin getdiyi vaxtda iddiaçı Türkiyəyə ailəsi ilə birgə qayıtmağa məcbur olub. Səsli yazının biri iddiaçının yuxarıda qeyd edilən cavabdehin çalışdığı şirkətdə Ayxan Hümbətovla danışığı ilə bağlıdır. Ayxan Hümbətovün cavabdehə münasibəti və cavabdehin Ayxan Hümbətova nə dərəcədə təsir etməsi real sübut olunur. Danışıqların nədən ibarət olmasını ümumiyyətlə məhkəmə müəyyən etməyib, hüquqi qiymət verməyib. Sonuncu səsli yazı isə yay vaxtı, xx.xx.2020-ci il tarixdə günün İİ yarısında məhəllədə tərəflərin - 4 nəfər şəxsin (həmçinin 2-dən çox şəxsin görə, eşidə bildiyi yerdə), üzləşməsi ilə bağlıdır. Bu səs yazısını üzləşmədə iştirak edən hər bir şəxs yazıb və səs yazılardan xəbəri olub. Bu yazı birbaşa və aydın şəkildə cavabdehin birbaşa əxlaqsız əməllərini ifşa edir, yuxarıda qeyd edilən sənədlərin iyun ayında hazırlandığını sübut edir və cavabdehin iddiaçını təkrar şəkildə şəxsiyyətinin və ləyaqətinin kobut və ağır şəkildə söyüş söyüb təhqir edərək alçaltmasını sübut edir. Lakin, məhkəmə bunların heç birini sübut kimi qəbul etməyib, hüquqi əsaslandırmayıb. Üzləşmədə iştirak edən şəxslərin məhkəməyə şahid qismində çağırılmasını təmin etməyib, ümumiyyətlə səs yazılarının saxta, uydurma olub-olmamasını belə müəyyən etməyib. İddia ərizəsində nöqtələrlə qeyd edilən təhqir və söyüşlərin nədən ibarət olmasını, Həmçinin, kiməsə “şərəfsizsən” deməyin təhqir olub-olmasına, ifadənin söyüş olub-olmamasına, onun ağırlıq dərəcəsinə hüquqi qiymət verilməyib. Cavabdeh etiraf edir ki, o 2004-cü ildə işə girməsi ilə bağlı Ali Riza ilə dostunun sayəsində tanış olub və onu işə götürüb. Yəni, 2004-cü ildən tanışlıq münasibəti olub. 2019-cu ilin avqust ayında Türkiyə-Aydın Didim vilayətində ailəsi ilə istirahətdə olduğu müddətdə X28 ailəsi ilə birlikdə onunla görüşmüşdür. İstirahətdə olduğu müddətdə gəmi ilə tur da təşkil etmişdir. "xxxx" MMC-yə onun tövsiyəsi ilə işə qəbul edilib. xx.xx.2019-cu ildə Bakıya gələndə onu evinə gətirib. 10 gün evində qonaq edib. Bu müddət ərzində birlikdə 5-dən çox evə baxıblar. Ən sonda o qaldığı binada ev tapıb və icarəyə götürüb. Həyat yoldaşının dişləri ilə bağlı problem var idi, diş müalicəsi alırdı. Yeni il gecəsi 3 türk ailəsi içində ən böyükləri cavabdeh olduğu üçün onun evində yığışmışlar və yeni ili qeyd etmişlər. Ali Rizanın dediyi kimi onun evində deyildilər. Həmin axşam mehriban olmuşlar. Fotoşəkli iş materiallarına əlavə edib. 20 sentyabr 2019-cu ildən etibarən “iş icazəsi”ni alana qədər işi, binanı və bərabər işləyəcəyi iş yoldaşlarını tanıması üçün oriyentasiya məqsədli olaraq iş yerinə dəvət edilmiş və işə giriş tarixinə uyğun olaraq hissələrlə əmək haqqına əlavə edilib. Cavabdehin ziddiyyətli ifadələri odur ki, cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, onun Erdal Kcskenderlə heç bir münaqişəsi yoxdur və olmayıb. İşlədiyi “Orion O and M" MMC Erdal Keskendirin çalışdığı işlərə nəzarət edir. Onun işində indiyədək bir qüsur olmamışdır. Belə olan bir halda onun işdən çıxarılması üçün Ali Rizadan istifadə etməsi sadəcə mənasızdır. X28 2018-2019-cu ci illərdə ən son işlədiyi yerdən ayrıldığı üçün tez-tez ondan iş tapmağını xahiş edirdi, maddi çətinlik çəkirdi. Tərəflər arasında məhəllədə üzləşmə 25 iyun 2020-ci il tarixində baş verib. İş materiallarına təqdim edilən Erdal Keskendir ilə WhatsApp yazışmalarından görünür ki, üzləşmə yuxarıda qeyd edilən tarixdə baş verib. Üzləşmədəki danışıqları hər bir tərəf mobil telefonda qeydə alıb. Yəni, üzləşmədə iştirak edən şəxslər bilirdilər ki, danışıqlar yazılır. Erdal Keskendir elan edir ki, cavabdeh iddiaçıya 0:20-0:23-cü, 0:35-0:48-ci, 7:35- 7:42-ci, 18:25-18:30 saniyələrdə “şerefsizin tekisin, səni bura gətirdiyim günə lanet olsun, şerefsizliyindən qapına dalacam, şerefsizliyindən bitirdin” deyir. 6:20-6:30-cu və 9:00-9:30cu saniyələrdə “Erdal səni ona görə istəmir ki, sən mənim adamımsan”, 17:00 saniyədə “mənim uğraşdığım sənsən” deyir, 17:40-17:50-ci saniyələrdə “nah çalışıyordun” deyir. 17:50-18:00-cı saniyələrdə Erdal Keskendir sual edir ki, “madam nah çalışırdı, niyə gətirilməsinə vasitə oldun. Niyə hayvan kimi çalışır dedin”. Cavabdeh 21:40- 21:45-ci saniyələrdə iddiaçını ədəbsiz ağır tərzdə təhqir edir. 26:52-27:16-ci saniyələrdə Erdal Keskendir təkrar cavabdehə sual edir ki, “madam işləmirdi, niyə tərif edirdin”, 28:14-28:48ci saniyələrdə Erdal Keskendir cavabdehə deyir ki, “sən demişsin ki, iddiaçını toplantılara dair götürmə, 3 ayda adamın nə olduğunu anlamadım, işinə yaramırsa, göndərəlim, bu dediklərini 6 ay sonra dedin, net hatırlıyorum.” 31:00-cı saniyələrdə cavabdeh qarşı tərəfə “şirkəti batırmaq istəyirsiz?” deyir. 31:17-31:40 saniyələrdə Erdal Keskendir cavabdehə sual edir ki, “şirkətin rəhbərisiz, şantiyəyə getdikdə, çıxıb Fəridi aradız. Şantiyəyə gedib, məni rəzil etdiz. Ona-buna yaxınlaşıb şantajlar açıq, amma mənim burda olmağımdan kimsənin xəbəri olmasın nə deməkdir?”. Üzləşmədən aydın olur ki: 1) cavabdeh və Erdal Keskendir arasında münaqişə var; 2) Cavabdehin yazılı etirazında iddiaçıya işlədiyi şirkətin ona ödədiyi maaşdan bəhs edilir ki, bunun cavabdehə heç bir aidiyyatı yoxdur; 3) Cavabdehin işlədiyi şirkət "xxxx" MMC Erdal Keskendirin çalışdığı işlərə nəzarət etməsi yazılı etiraf etməsi təkrar siibut edir ki, tərəfər arasında münaqişə var. Belə ki, iddiaçının işlədiyi şirkətin rəhbəri Məhəbbət Bağırovdur, Erdal Keskendir deyildir. İddiaçı bu münaqişənin arasında qalaraq maddi və mənəvi ziyan ona vurulub.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 16 iyul 2021-ci il tarixli, 2(103)- 5590/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(005)-2932/2020 saylı nömrəli qətnаməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə tərəflər arasında münasibətlərin gərgin olmasına əsas yaradan halların mülahizə xarakterli olması müəyyən edilmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı X27 (vəkili X7) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6190/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X27 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 5590/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Ali Məhkəmə apelyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, apellyasiya məhkəməsi qənaətini iddiaçı tərəfindən tələblərinin sübuta yetirilmədiyi ilə əsaslandırsa da, kassasiya şikayətində qeyd edildiyi kimi iddiaçının şərəfinin alçaldılması ilə bağlı olduğu iddia edilən audio və kağız üzərində olan yazıları, iddiaçının şərəfinin alçaldılması iddia edilən şəraitdə iddiaçının həmin zaman yanlarında olan şəxslərin kimliyinin müəyyən edilməsi, həmin şəxslərin müəyyən edilib şahid qismində məhkəməyə dəvət edilərək dindirilməsi, iddiaçının həqiqətən də şərəfinin alçaldılmasına məruz qalıbqalmaması istiqamətində hər hansı araşdırma aparmamışdır. Apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini sübutların müqayisəli tədqiqatı əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının şərəfinin alçaldılmasına yol verilib-verilməməsi barədə ətraflı məhkəmə araşdırmasını həyata keçirməmişdir.
Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qız apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
23. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
24. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh X14, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
29. Maddə 46. Şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
33. Maddə 23.6. Fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
34. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 14 may 1999cu il tarixli qərarı:
35. məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması.
AR Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
41. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
43. Baxılan iş üzrə iddiaçı bildirir ki, cavabdeh onun işgüzar nüfuzunu alçaltmış, nəticədə əmək müqaviləsinə xitam verilmiş, yaşayış binasının qarşısında kənar şəxslərin yanında cavabdeh tərəfindən söyüşlərlə təhqir edilmişdir. İddiaçı sadalananlara əsaslanaraq 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN və ya 30.600 ABŞ əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini tələb edir.
44. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddiaçının 37000 manat kompensasiyanın alınması barədə onun işəgötürəninə qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırıldığını, bundan əlavə onlar arasında əmək müqaviləsi bağlanmadığı halda, bu kompensasiyanın nəyə görə ödəməli olduğunu, iddiaçının xərclədiyi 11.500 manatın təhsil haqqı kimi uşaqlarının təhsil aldıqları üçün ödənildiyini, iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin ona heç bir aidiyyətinin olmamasını, mənəvi ziyanın ödənilməsini tələb edərkən keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut edə bilmədiyini bildirir.
45. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə video və audio yazıları və məhkəməyə 1 nəfər şahid təqdim etmişdir.
46. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 №-li Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidirlər: -məlumatın vətəndaşların və təşkilatın şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması.
47. Birinci instansiyası məhkəməsi audio və video yazılarda göstərilən məlumatların doğru olmadığını iş materialları və iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən etmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi həmin hal üzrə, yəni məlumatların doğru olub-olmaması ilə bağlı müvafiq araşdırma aparmış olsa da, aydınlaşdırılmalı olan digər iki hal üzrə, yəni məlumatların iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməsi və yayılması ilə bağlı heç bir araşdırma aparmamış və məlumatın yayılması ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. İddianın təmin olunması üçün isə hər üç halın aydınlaşdırılması, mövcud olması və məcmu halında qiymətləndirilməsi tələb edilir.
49. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən qeyd olunan digər iki hal, yəni məlumatların iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar olub-olmaması və yayılıb-yayılmadığı bir daha aydınlaşdırılmalı və ona işin müəyyən edilən digər halları ilə birlikdə məcmu şəklində qiymət verilməlidir.
50. Kollegiya Ali Məhkəmənin işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında ifadə edilmiş göstərişləri nəzərə alaraq şahidi apellyasiya baxışında dindirmiş, həmçinin audio və video yazılarında şərəf və ləyaqəti ləkələyən məlumatların olubolmaması, əgər varsa, hansı söz, cümlə və fikirlərin iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunması barədə iş üzrə məhkəmə linqvistik ekspertizası təyin etmişdir.
51. Məhkəmə Ekspertiza Mərkəzinin 4/427 saylı, 7 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, audio və videoyazılarnda şərəf və ləyaqəti ləkələyən məlumatlar mövcuddur. İş materiallarına əlavə edilmiş mətndə “şerefsizin tekisin”, “şerefsizliyini dalacam”, “şerefsizliyini çekemem”, “şerefsizliyinden sonra”, “suratına sıçım” ifadələrini linqvistik baxımdan təhlil etdikdə X22 şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli söz və fikirlər hesab olunur. İddiaçı sözügedən ifadələrin onun işdən azad olunması, habelə bunun yeni iş təklifinin əldən çıxması, uşaqların təhsil haqqını, kirayə pulunu ödəyə bilməməsi ilə nəticələnməsi ilə əsaslandırmağa çalışsa da, bu faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sözügedən ifadələr ilə qeyd edilən hadisələr arasında səbəbli əlaqəni sübuta yetirə bilməmişdir.
52. Apellyasiya baxışı zamanı şahid Haluk Kar ifadəsində bildirmişdir ki, onlar görüşməmişdən iki gün əvvəl Erdal Keskendir WhatsApp programı vasitəsilə ona yazaraq, Hasan bəy, Ali Riza, və onun bir yerdə oturub üzləşməsini təklif etmişdir. O da mövzuyla əlaqəsi olmadığını, amma görüşməyə etiraz etmədiyini bildirmişdir. Bir-iki gün sonra, yəni təxminən 27 iyun tarixində onlar binanın həyətində görüşmüşlər. Həmin vaxt onların başqa iş yoldaşları da orda olub. Danışacaqları yerə doğru dördü gedərkən Ali Riza da, Erdal Keskendir də ona dönüb demişlər ki, ona ehtiyac yoxdur, onlar Hasan bəylə danışacaqlar. Bu səbəbdən digər iş yoldaşları ilə birgə onların görüşdükləri yerdən təxmini 50-60 metr məsafədə dayanıb, gözləmişlər. Orda nə danışdıqlarından və nə olduğundan məlumatı olmayıb.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 14 may 1999-cu il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, Plenum izah etmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəу yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Qərarın 6-cı bəndinə əsasən, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür.
54. Ali Məhkəmə Plenumunun sözügedən qərarından da göründüyü kimi məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Bu o deməkdir ki, məlumatın bir nəfər şəxsə də bildirilməsi məlumatın yayılmış hesab olunması üçün kifayət edir.
55. Kollegiya şahid ifadəsini, ekspert rəyini, qeyd olunan məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələdiyini, məlumatın ən azından bir nəfər şəxsə bildirildiyini və bu faktın məlumatın yayılması halı kimi qiymətləndirildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin “şerefsizin tekisin”, “şerefsizliyini dalacam”, “şerefsizliyini çekemem”, “şerefsizliyinden sonra”, “suratına sıçım” kimi ifadələri iddiaçının ünvanına işlətməsi nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir.
56. Həmçinin nəzərə alınmalıdır ki, baxılan iş üzrə cavabdehin istinad etdiyi məlumatların kütləvi yayılmaması faktı özü-özlüyündə qeyd olunan məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələdiyini və ya ona mənəvi zərər vurduğunu istisna etmir.
57. Belə ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Əgər şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi kifayət edir. Bu baxımdan hətta kütləvi yayılma halı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıqaşkar alçaldan, nüfuzdan salan ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər.
58. Kollegiya tərəflər arasındakı mübahisənin xarakterini, məlumatların yayılma dərəcəsini, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən tutulmalı olan kompensasiyanın məbləğinin 3000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Həmçinin qəbul edilmiş qətnamə iddiaçının pozulmuş hüququnun bərpa olunması üçün yetərli vasitə kimi çıxış edir. Kollegiya oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir.
59. Bununla yanaşı nəzərə alınmalıdır ki, şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinin yeganə üsulu pul kompensasiyası deyil. İddiaçının pozulmuş hüququnun məhkəmə qaydasında tanınması da pozulmuş hüququn müdafiəsinin mühüm mexanizmlərindən hesab edilir. Baxılan iş üzrə qətnamə ilə iddiaçının pozulmuş hüququ məhkəmə qaydasında tanınır.
60. Məhkəmə kollegiyası maddi ziyan tələbinin təmin olunmaması hissəsinə gəldikdə isə birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edir. Belə ki, iddiaçı qeyd edilən ifadələr ilə onun işdən azad olunması, bunun nəticəsində əldə çıxmış faydanı, uşaqlarının təhsil haqqı və kirayə pulunu ödəyə bilməməsi arasında səbəbli əlaqəni əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
61. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
62. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
63. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
64. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
66. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2932/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Mənəvi zərərə görə 3000 (üç min) manat pul cavabdeh X8 tutularaq iddiaçı X23 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.