Məhkəmə qərarları › İş №2(103)-1282/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1282/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1282/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Tərcüməçi Əhmədova Könül Seyidələkbər qızının, İddiaçı1, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-136/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pul alınaraq X3, 4000 manat məbləğində pulun alınaraq İddiaçı2 Qaraş qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-136/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2018-ci il tarixli kredit müqviləsi əsasında 10.000 manat məbləğində pulu X5 fəaliyyət göstərdiyi lombardda vermişdir. Daha sonra həmin müqaviləyə əlavə olaraq xx xxxxx 2019-cu il tarixdə 2000 manat, xx xxxxx 2019-cu il tarixdə 2000 manat, xx xxx 2019-cu il tarixdə 1000 manat məbləğində pulu lombarda vermişdir. Həmçinin İddiaçı2 Qaraş qızı xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4000 manat məbləğində pulu lombarda vermişdir. Daha sonra xx xxxx 2019-cu ildə Etibar adlı şəxs özünü öldürmüşdür. Onun şəriki və hazırda həmin lombardı idarə edən və lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh lombarda qoyduğu pulu tələb etsə də həmin şəxs pulu qaytarmamışdır. Məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsinə əsasən pulu X8 vermişdir. Lakin hazırda cavbdeh Cavabdeh borcun alınması tələbini irəli sürməsi əsassızdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin qətnamə qanunsuz və əsassızzdır. İlk növbvədə qeyd etmək lazımdır ki, Cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, o, lombardın işçisi olmuş, iddiaçılar da pulu kimə veriblərsə ondan da tələb etsinlər. Lombardın müdiri Etibar 2019-cu ilin iyul ayında vəfat etmişdir. Bundan başqa Cavabdeh ərizəsindən görünür ki, ********** saylı VÖEN-ni xx.xx.2020-ci il tarixdə dayandırmışdır. Beləliklə işin müəyyən olunmuş hallarından görünür ki. Cavabdeh məhkəmə iclasında lombardın işçisi olduğunu etiraf etmiş, iddiaçılardan pul almadığını bildirmişdir. İddiaçılar pulu kimə veriblərsə ondan da istəsinlər qeyd etmişdir. Amma lombarda ********** VÖEN-lə faktiki sahiblik etdiyini bildirməmiş, məhkəmə də buna dair hər hansı araşdırma aparmamış, həmçinin Cavabdeh ********** saylı VÖEN-ni niyə iddiaçı məhkəməyə müraciət etdikdən sonra dayandırdığını, lombardın işçisi ola-ola necə VÖEN-ni olduğunu, iddiaçının pulu Etibarın şəxsinə deyil, onun fəaliyyət göstərdiyi lombarda verdiyinə, hansı lombard ki. Cavabdeh həmin lombarda ********** saylı VÖEN-lə Etibarın vəfatından sonra faktiki və rəsmi rəhbərlik etmişdir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı1 və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının İddiaçı1 münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçı və vəkilin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 X1 6 ay müddətinə 10000 manat; daha sonra 5000 manat borc vermişdir. xx xxxxxx 2020-ci il tarixli qərara əsasən, Pirallahı RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Ceyhun Firdovsi oğlu X2, İddiaçı1, X10 və digərlərinin müraciətləri əsasında toplanmış HK1-336/2019 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Vergilər Nazirliyinin fiziki şəxslərin fəaliyyətinin dayandırılması haqqında ərizəyə əsasən, ********** VÖEN vergi ödəyicisi olan Cavabdeh fəaliyyətini və əməliyyatlarını xx.xx.2020-ci il tarixdə dayandırmışdır. Fəaliyyətini və əməliyyatlarını bərpa edəcəyi tarix xx.xx.2025-ci ildir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Kollegiya qeyd edir ki, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi və xx xxx 2019-cu il tarixli kredit müqaviləsi X11 tərəfindən ********** saylı VÖEN əsasında fərdi sahibkar kimi imzalanmışdır. Cavabdeh adına qeydiyyata alınmış VÖEN isə ********** nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Göründüyü kimi, kredit müqaviləsi fərdi sahibkar kimi E.Paşayev tərəfindən imzalandığından və mübahisəli pul vəsaiti onun tərəfindən qəbul edildiyindən, Cavabdeh həmin müqavilə üzrə öhdəlikləri yaranmadığından iddia tələbi təmin edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsui qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də,istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Belə olan halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-136/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar