Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1282/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi zərərinin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1977/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, 005/K nömrəli əmri ilə Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilmiş və tərəflər arasında həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. İşçi vəzifə təlimatına uyğun əmək funksiyalarını yerinə yetirmək öhdəliyini üzərinə götürmüşdür.
2. İddiaçının xx.xx.2022-ci il tarixli, 008/K nömrəli əmri ilə "xxxx" MMC, "xxxx" MMC, X1 və X2 mühasibatlıq işlərinin aparılması cavabdehə həvalə edilmişdir.
3. Cavabdehin iddiaçıya ünvanlanmış ərizəsində qeyd edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC, X1 və X2 mühasibatlıq işləri onun cavabdehliyindədir.
4. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, "xxxx" MMC-də ƏDV bəyannaməsinin göndərmiş, lakin əvəzləşdirməni sistem işləmədiyindən həmin gün göndərə bilməmişdir. Bunun nəzərə alınması xahiş edilmişdir.
5. İddiaçının xx.xx.2022-ci il tarixli, 014/k nömrəli əmri ilə cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasın xitam verilmişdir.
6. “X18” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən ona həvalə edilmiş işlər əmr və əmək müqaviləsi ilə müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilmədiyinə görə “X10” MMC-ə bu işləri yenidən düzgün tamamlamaq üçün, həmçinin xidməti müqaviləyə əsasən işini düzgün yerinə yetirmədiyi müəssisəyə ümumilikdə 55.638,95 manat əlavə xərc yaranmış və müəssisəyə zərər vurulmuşdur. Rəydə qeyd edilmişdir ki, Cavabdeh "xxxx" MMC-nin hesabatlarında verilən dövr ərzində vergi orqanı tərəfindən aşkarlanmış uyğunsuzluqlar aradan qaldırılmadığına görə kameral hesablamalar aparılmış, toplamda 40.681,74 manat məbləğində vergi borcu MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilmişdir. Qalan ziyan məbləğini X12, X7 və X8 ödənilmiş 12.350 manat əmək haqqı və 2.427,21 manat əlavə tutulmaları görə ödənişlər təşkil edir.
7. “X10” MMC ilə "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta və həmin tarixli kassa məxaric orderinə əsasən mühasibatlıq xidmətləri əsasında dəymiş 41.839,58 manat zərər sonuncuya ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC Cavabdeh qarşı müəssisəyə dəymiş 48.550 manat dəyərində zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC müxtəlif fiziki şəxs və müəssisələr ilə birgə fəaliyyət göstərərək onlara mühasibatlıq xidməti göstərməyə davam etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixindən etibarən müddətsiz olaraq mühasib vəzifəsinə müəssisəyə işə qəbul edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC, "xxxx" MMC, X1 və X3 mühasibatlıq xidmətlərini göstərmişdir. Cavabdehə qeyd edilən hüquqi və fiziki şəxslərin işlərinin görülməsi barərə 008/K saylı əmr və ərizə təqdim edilmiş və o, həmin işlərin layiqincə görüləcəyi öhdəliyini götürmüşdür. Lakin qeyd edilən şəxslərin işləri düzgün aparılmamışdır. Belə ki, cavabdeh tərəfindən "xxxx" MMC-də ƏDV bəyannaməsinin göndərildiyi, lakin əvəzləşmənin sistemə işlənilmədiyi üçün həmin gün göndərə bilmədiyini bildirmişdir. Nəticədə "xxxx" MMC-yə külli miqdarda ziyan dəymişdir. Daha sonra cavabdeh tərəfindən sözügedən müəssisələrin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən sənədlər hazırlanmış, vergi orqanına və onun işlərini görməli olan yeni mühasibə təqdim edilməmişdir. Bu isə həmin müəssisələrin, həmçinin iddiaçı hüquqi şəxsin fəaliyyətinin davam etdirilməsinə maneçilik törətmiş və müəssisənin etibarına xələl gətirmişdir. Cavabdehin işin təhvil alan əməkdaşa "xxxx" MMC-nin material hesabatı, maya dəyəri, dövrüyyə əvəzləşmə cədvəli (düzgün olmayan şəkildə) təhvil verilməmiş, fiziki şəxslər barəsində heç bir məlumat təqdim edilməmişdir. Niftalıyev Royal adlı şəxsin sahibkarlıq fəaliyyətini təxminən xx.xx.2021-ci il tarixində dayandırıldığına baxmayaraq məlumatların səhv göndərilməsi səbəbi ilə fiziki şəxsin VOEN-ni aktivləşdirilmişdir. Niftalıyev Namidar adlı şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması üçün tədbirlərin görülməsi tapşırığı verilsə də, cavabdeh tapşırığı yerinə yetirməmiş, fiziki şəxsin fəaliyyəti faktiki olaraq dayandırılsa da, vergi organına bununla bağlı ərizə təqdim edilməmişdir. Bunların nəticəsində Cavabdeh hərəkətsizliyi, öz öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinə səhlənkar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48.550 manat dəyərində ziyan dəymişdir.
10. Cavabdeh iddiaya etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin hüquqi təhlili zamanı məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə uyğun olaraq Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “a” bəndi üzrə sübut etmə vəzifəsini icra edə bilməmişdir. Başqa sözlə, iddiaçıya maddi ziyanın vurulmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bu isə öz növbəsində iddianın əsassız olaraq qaldırıldığına dəlalət edir. İşçinin tam maddi məsuliyyətini müəyyən edən hallar Əmək Məcəlləsinin 199cu maddəsində təsbit edilmişdir. Danılmazdır ki, işçinin tam maddi məsuliyyət daşıdığı bu hallar qəti хarakter daşıyır və onların dairəsi genişləndirilə bilməz, habelə hər hansı əlavə əsas müəyyən oluna bilməz. Cavabdehin iş üzrə heç bir tam maddi məsuliyyət halı mövcud deyil. Diqqətə alınmalıdır ki, işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.
11. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC-yə hesablanmış əlavə vergi borcları və cərimələri ilə bağlı məhkəmə mübahisələri davam etdiyinə görə, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyanla bağlı hər hansı ödəniş edilməmiş, rəydə adı çəkilən əməkdaşlar “İddiaçı MMC-nin işçiləri olduğuna görə onlara Cavabdeh həvalə edilmiş işlərin yenidən görülməsi üçün əlavə əmək haqqı ödənişləri edilməmişdir.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 1977/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilməmişdir.
13. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab etmişdir ki, İddiaçı MMC Cavabdeh tərəfindən ona həvalə edilmiş əmək vəzifələrinin layiqincə yerinə yetirilmədiyini və işinə səhlankar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48.550 manat məbləğində zərərin vurulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı bu öz təsdiqini tapmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-yə əlavə vergi borcunun hesablanması İddiaçı MMC-yə maddi ziyanın vurulması anlamına gəlmir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə bununla bağlı hər hansı əlavə ödənişlərin edildiyi də məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, hətta iddiaçının nümayəndəsi və vəkili tərəfindən inkar da edilmişdir.
15. Digər tərəfdən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş izahatlardan müəyyən edilmişdir ki, mütəxəssis rəyində adı çəkilən əməkdaşlar İddiaçı MMC-nin işçiləridir və onlara Cavabdeh həvalə edilmiş işlərin görülməsi üçün əlavə əmək haqqı ödənilməmişdir.
16. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı MMC cavabdehin təqsirli hüquqa zidd hərəkətləri nəticəsində ona 48.550 manat məbləğində maddi zərərin vurulduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə maddi zərər dedikdə, iddiaçıya vurulmuş real zərər nəzərdə tutulur. Lakin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının əlavə xərcləri çəkdiyi, əmlakına hər hansı zərərin yetirildiyi və ya gəlirlərdən məhrum olduğu müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, formal mülahizələrə əsaslanan maddi zərərin ödənilməsi ilə bağlı hazırkı iddia əsassız hesab edilərək təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü maddələrinə, Əmək Məcəlləsinin 191.1, 191.2, 192.1, 192.2-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş edilmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən "xxxx" MMC-də ƏDV bəyannaməsinin göndərildiyi, lakin əvəzləşmənin sistemə işlənilmədiyi üçün həmin gün göndərə bilmədiyini bildirmişdir. Nəticədə "xxxx" MMC-yə külli miqdarda ziyan dəymişdir. Daha sonra cavabdeh tərəfindən sözügedən müəssisələrin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən sənədlər hazırlanmış, vergi orqanına və onun işlərini görməli olan yeni mühasibə təqdim edilməmişdir. Bu isə həmin müəssisələrin, həmçinin iddiaçı hüquqi şəxsin fəaliyyətinin davam etdirilməsinə maneçilik törətmiş və müəssisənin etibarına xələl gətirmişdir. Cavabdehin işin təhvil alan əməkdaşa "xxxx" MMC-nin material hesabatı, maya dəyəri, dövrüyyə əvəzləşmə cədvəli (düzgün olmayan şəkildə) təhvil verilməmiş, fiziki şəxslər barəsində heç bir məlumat təqdim edilməmişdir. Niftalıyev Royal adlı şəxsin sahibkarlıq fəaliyyətini təxminən 01 iyul 2021-ci il tarixində dayandırıldığına baxmayaraq məlumatların səhv göndərilməsi səbəbi ilə fiziki şəxsin VÖEN-ni aktivləşdirilmişdir. Niftalıyev Namidar adlı şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması üçün tədbirlərin görülməsi tapşırığı verilsə də, cavabdeh tapşırığı yerinə yetirməmiş, fiziki şəxsin fəaliyyəti faktiki olaraq dayandırılsa da, vergi organına bununla bağlı ərizə təqdim edilməmişdir. Bunların nəticəsində Cavabdeh hərəkətsizliyi, öz öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinə səhlənkar yanaşdığına görə iddiaçı hüquqi şəxsə 48550 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən işləri təhvil verdiyi şəxslər tərəfindən də sözügedən şəxs barəsində izahatlar təqdim edilmişdir. Həmin izahatlarda sözügedən şəxs tərəfindən işlərin lazımi qaydada görülməməsi və bir çox problemlərə səbəb olması qeyd edilmişdir. Göstərilənlərə əsasən qeyd etmək mümkündür ki, cavabdeh tərəfindən işlər və göstərməli olduğu xidmət layiqincə yerinə yetirilməmişdir. Bu kimi hallar isə məkhəmə tərəfindən nəzərə alınmamışdır. Yəni, məhkəmə işin hallarına nəzər yetirməmiş və təqdim edilmiş mütəxəssis rəyinə məhəl qoymamışdır. Həmin mütəxəssis rəyinə layiqincə hüquqi qiymət verilsə idi, dəymiş zərərin hansı şəkildə yaranması məhkəməyə tam şəkildə aydın ola bilərdi. Lakin məkhəmə bu kimi halları nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən mütəxəssis rəyi nəzərə alınmadığı və qanunamüvafiq qərar qəbul edilmədiyi üçün tərəflərindən xidmət göstərdikləri müəssisələrdən biri olan "xxxx" MMC-yə mühasibatlıq xidmətləri əsasında dəymiş zərərin ödənilməsi təmin edilmişdir. Bu barədə kassa mədaxil orderi və akt qoşma olaraq təqdim edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi. Həmçinin bildirdi ki, "xxxx" MMC-yə mühasibatlıq xidmətləri əsasında dəymiş zərərin ödənilməsi xx.xx.2023-cü il tarixində, yəni Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1977/2023 nömrəli qətnaməsi qəbul edildikdən sonra həyata keçirildiyindən kassa mədaxil orderi və akt birinci instansiya məhkəməsinə təqdim oluna bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçıya dəymiş 48.550 manat dəyərində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdehin əmək funksiyasının rəsmiləşdirilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur. X14 tərəfindən bununla bağlı qanun pozuntusu müəyyən edilməmişdir. Cavabdehin səhv hesabat nəticəsində vergi orqanı əlavə hesablama aparmışdır. Nəticədə iddiaçının hesabına sərəncam qoyulur, vergi orqanı sonradan verilmiş düzəlişə əsasən əlavə hesablama kimi saxlayır şəxsi hesab vərəqəsində və sonra düzəlişə əsasən o məbləği iddiaçıdan alır. Beləliklə, vergi orqanı iddiaçıya artıq pul ödətdirmişdir. Vergi orqanı tərəfindən "xxxx" MMC-yə qarşı hə hansı maliyyə sanksiyası tətbiq edilməmiş, lakin vergi orqanı kameral olaraq əlavə ƏDV hesablamış, hesaba sərəncam qoyaraq büdcəyə vəsait tutmuşdur. Vergi orqanına artıq ödənilmiş vəsait geri qaytarılmalıdır, lakin vergi orqanı vəsaiti rahat geri qaytarmır. İddiaçının kassasında nağd vəsait olduğundan "xxxx" MMC-yə dəymiş ziyan nağd şəkildə ödənilmişdir.
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10, “a” və “ç” bəndləri. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Maddə 43.2. “e” bəndi. Əmək müqaviləsində mütləq göstərilməli olan əsas şərtlər və məlumatlardan biri də işçinin əmək funksiyasıdır. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192.2. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
24. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı: Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).
26. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Maddə 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar. Maddə 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən cavabdeh xx.xx.2020-ci il tarixində iddiaçı MMC-də mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 014/k nömrəli əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
32. Hazırki iş üzrə iddiaçının tələbi ona əsaslanır ki, cavabdeh üzərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə iddiaçının xidmət göstərdiyi hüquqi və fiziki şəxslərə ziyan dəymişdir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli, 008/K nömrəli əmri ilə "xxxx" MMC, "xxxx" MMC, X1 və X2 mühasibatlıq işlərinin aparılması cavabdehə həvalə edilmiş, cavabdeh də iddiaçıya ünvanlanmış ərizəsində qeyd olunan işlərin onun cavabdehliyində olduğunu qəbul etmişdir.
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
34. Əmək qanunvericiliyinə əsasən əmək funksiyasının dəyişdirilməsi işəgötürənin müvafiq məzmunda əmri ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
35. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.
36. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyin imperativ normalarına riayət edilməmiş, cavabdehin üzərinə xx.xx.2022-ci il tarixli əmrlə qoyulan öhdəliklərin - əmək funksiyasının əmək qanunvericiliyin tələb etdiyi formada rəsmiləşdirilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən iddiaçıya vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada maddi məsuliyyət daşıyır.
37. Kollegiya onu da qeyd edir ki, iddiaçıya tələb olunan məbləğdə zərərin vurulduğu da iş materialları ilə öz təsdiqini tapmır.
38. Belə ki, cavabdeh iddiaçıya ünvanlanmış izahatında göstərmişdir ki, "xxxx" MMC-də ƏDV bəyannaməsini göndərmiş, lakin əvəzləşdirməni sistem işləmədiyindən həmin gün göndərə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, bununla bağlı vergi orqanı tərəfindən "xxxx" MMC-yə qarşı hər hansı maliyyə sanksiyası tətbiq edilməmiş, lakin vergi orqanı kameral olaraq əlavə ƏDV hesablamış, hesaba sərəncam qoyaraq büdcəyə vəsait tutmuşdur. Vergi orqanına artıq ödənilmiş vəsait geri qaytarılmalıdır, lakin vergi orqanı vəsaiti rahat geri qaytarmır.
39. İddiaçı tərəfindən təqdim edilmiş “X18” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə qeyd edilmişdir ki, X5 izahatına əsasən onun tərəfindən "xxxx" MMC-nin 2022 ƏDV bəyannamələrinə dəqiqləşmə verilmiş, 2021-ci il dekabr ƏDV bəyannaməsində olan kameral hesablama ləğv edilmişdir.
40. Bundan başqa həmin rəydə həmçinin qeyd edilmişdir ki, qeyd olunan işlərin tamamlanması və dürüstləşdirmələrin aparılması iddiaçı MMC-nin digər işçilərinə həvalə edilmişdir. Göründüyü kimi, bu işlərlə bağlı iddiaçı əlavə xərclərə məruz qalmamışdır.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən 41.839,58 manat məbləğində zərərin "xxxx" MMC-yə nağd qaydada ödənildiyi barədə xx.xx.2023-cü il tarixli akt təqdim edilsə də, qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən bu ödəniş nağdsız qaydada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilməli idi. Qanunvericiliyin bu tələblərinə riayət edilmədiyi üçün, həmin məbləğin həqiqətən "xxxx" MMC-nin hesabına daxil olduğu iş materialları ilə müəyyən edilmir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1977/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: