Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1283/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 150000 ABŞ dolları borcun, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablamaqla 4375 ABŞ dolları və 37200 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 191575 ABŞ dolları borcun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)- 1485/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 150000 ABŞ dolları məbləğində borc və 300 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 150300 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı öz apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablamaqla 4375 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə onun tələbini həmin maddəyə deyil, Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək əldən çıxmış qayda tələbi kimi qiymət verərək, həmin hissədə iddianı rədd etmişdir.Bundan başqa məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə düzgün riayət etməmiş və 37200 ABŞ dolları məbləğində dəbbə pulunu heç bir əsas olmadan həddindən artıq 124 dəfə azaldaraq əsas borca nisbətdə 0,2 % saxlamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında belə bir borc müqaviləsi olsa da, pul alınmamış və bu barədə hər hansı kassa məxaric qəbzi mövcud deyildir. Borc müqaviləsi tərəflər arasında olan digər əqddən əmələ gələcək öhdəliyi sığortalamaq məqsədilə bağlanıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndətəmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətinə isə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçınınapellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında notariat qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli 02/2018 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 155000 ABŞ dolları məbləğində borc pul verir, borc alan isə həmin pul məbləğini qaytarmağı öhdəsinə götürür. Cavabdeh həmin borcdan 5000 ABŞ dollarını İddiaçı geri qaytarmışdır. İddiaçı bildirir ki, borc verildikdən sonra cavabdeh tərəfindən öhdəlik tam icra edilməmiş, müqavilənin müddəti bitdikdən sonra borcu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, öhdəlik yerinə yetirilməmiş və hazırda cavabdehin 150000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə 6 ay müddətinə qaytarmaq şərti ilə 155000 ABŞ dolları məbləğində borc verməsi yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş müqavilə ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən icra müddəti (pulun qaytarılması tarixi) çatmış, lakin cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 150000 ABŞ dolları əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə 155000 ABŞ dolları məbləğində borc pul almış, 5000 ABŞ dollarını geri qaytarmış, lakin qalan 150000 ABŞ dolları məbləği xx xxxxxx 2018-ci il tarixədək qaytarmalı olduğu halda geri qaytarmamışdır. İddiaçı həmin tarixdən hazırki iddianın qaldırıldığı xx xxxxx 2019-cu il tarixə qədər olan 7 ay müddət üçün gecikdirmiş faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Həmin məbləğ isə 4375 ABŞ dolları (1 il üçün – 150000 x 5% = 7500; 1 ay üçün – 7500/12 = 625; 7 ay üçün – 625 x 7 = 4375) təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 4375 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin tələb tam təmin edilməlidir. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 37200 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 300 ABŞ dolları deyil, 5000 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində əvvəlcə borc müqaviləsinin bağlandığını və 155000 ABŞ dolları məbləğində pul vəsaitinin ona 6 ay müddətində qaytarmaq şərti ilə maliyyə yardımı kimi borc verildiyini bildirsə də, sonradan qeyd etmişdir ki, tərəflər arasında belə bir borc müqaviləsi olsa da, pul alınmamış və bu barədə hər hansı kassa məxaric qəbzi mövcud deyildir. Borc müqaviləsi tərəflər arasında olan digər əqddən əmələ gələcək öhdəliyi sığortalamaq məqsədilə bağlanıb. Göründüyü kimi cavabdehin dəlilləri özüözlüyündə ziddiyyətli olmaqla biri-digərini təkzib edir. Bundan başqa iş materiallarında olan xx.xx.2018-ci il tarixli 01 saylı ödəniş qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh həmin borcdan 5000 ABŞ dollarını İddiaçı geri qaytarmışdır (i/v 76). Göründüyü kimi cavabdehin bu hərəkəti ilə də təsdiq olunur ki, borc faktiki olaraq ona verilmişdir. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arvadı X3 arasında başqa bir mülki iş üzrə məhkəmə mübahisəsi mövcuddur. Belə ki, İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X3 və onunla birlikdə yaşayan digər şəxslərin çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X3 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, onunla İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. X1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə əri X5 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanan borc müqaviləsinin şərtlərinə görə, borc verən 155000 ABŞ dolları məbləğində pul vəsaitini borc alana 6 ay müddətinə - xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə maliyyə yardımı kimi borc vermiş, borc alan isə borcu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi həmin borc müqaviləsinin təminatı kimi bağlanmış, faktiki alqı-satqı olmamışdır. Göründüyü kimi həmin mülki iş üzrə cavabdehin arvadı borc müqaviləsi üzrə pul vəsaitinin faktiki olaraq verildiyini etiraf etmişdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində gedən məhkəmə proseslərindən məlumatlı olmuş və cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə ərizə göndərərək işə onun deyil, vəkilinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Cavabdeh vəkili də məhkəmə iclaslarında iştirak etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçınınapellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilməli və qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və dəbbə puluna adi hissədə dəyişdirilsin. Faiz borcuna aid hissədə iddia təmin edilsin. Cavabdeh 4375 ABŞ dolları məbləğində faiz pulu və 5000 ABŞ dolları məbləğində dəbbə pulu (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, İddiaçı ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-1283/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1283/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver