Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1284/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili X9 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdeh İddiaçı qarşı “kompensasiyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qanunla nəzərdə tutulmuş kirayə haqqı 60 (altmış) ay müddətində, hər ay 350 (üç yüz əlli) manat olmaqla cəmi 21000 (iyirmi bir min) manat pul vəsaiti tutularaq onlara ödənilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdehlər İddiaçı, Bakı şəhəri 7 saylı Notariat Kontoruna və X2 qarşı “vərəqəslik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, reyedtr 2V-08 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanına dair İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı, Bakı şəhəri 7 saylı Notariat Kontoruna və X2 qarşı “vərəqəslik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsində yerləşən döngə 11, 1 saylı ev xüsusi mülkiyyətindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış onun adınadır. Cavabdeh1 onun qızıdır, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə onun övladlarıdır. Qızı Cavabdeh1 1989-cu ildə X15 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və Şahinin atasına məxsus olan Buzovna qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh həmin vaxtdan sonra bir gün də olsun ona məxsus olan evdə yaşamamışdır. Həmçinin onun övladları olan digər cavabdehlər də bir gün də olsun onun evində yaşamamışlar. 1992-ci il ildə isə Cavabdeh1 ailə üzvləri ilə birlikdə yeni inşa etdikləri Buzovna qəsəbəsində Ordubadi küçəsində yerləşən evə köçmüşlər və halhazıradək həmin evdə yaşayırlar. Digər cavabdehlər də ailə qurmuşlar və fərqli ünvanlarda yaşayırlar. Cavabdehlərin onun evində yaşamamaları qonşuların iştirakı ilə tərtib edilmiş və Xəzər RİHB-nın Buzovna qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmiş aktda da öz əksini tapır (akt ərizəyə əlavə edilir). Onların evində heç bir əmlakları yoxdur və evindəki pasport qeydiyatları tamamilə formal xarakter daşıyır. Lakin buna və, dəfələrlə müraciətinə baxmayaraq cavabdehlər evindən pasport qeydiyyatından çıxmırlar. Bununla da cavabdehlərin onun evində pasport qeydiyyatında qalmaları Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilən və dövlət tərəfındən qorunan mülkiyyət hüququnu pozur. Buna görə də ünvan 1 saylı ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında ona məxsus olduğu üçün cavabdehlərin istifadə hüququna xitam verilməsini istəyir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 hazırkı iş üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızıdır, o, mübahisəli evdə doğulmuş, orada böyüyüb boya başa çatmış, orada ailə həyatı qurmuş, orada övladları ilə birlikdə yaşayıb istifadə etmişlər. Digər cavabdehlər isə onun nəvələridir. Hal-hazırda X4 onun ögey anasıdır. Bütün işləri o edir və bu kimi iddia qaldıraraq onun və qızlarının istifadə hüququna xitam verilməsini istəyir, hətta iddia ərizəsini də özü etibarnamə əsasında imzalamışdır. İddiaçı atasıdır, digər cavabdehlər də onun nəvələridir. Daim olaraq valideynlərinin hörmətini saxlamış, onlara qarşı hər hansı kobud rəftar nümayiş etdirməmişdir. Hal-hazırda atası belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, o, hazırkı vəziyyətdən çox utanır, amma atasının belə bir addım atması onu və ailəsini son dərəcə məyus etmişdir. O, artıq əlaqələrin bu dərəcə kəsgin olduğunu nəzərə alaraq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir ki, o və övladları yuxarıda qeyd edilən evdə yaşamışlar və oradan daimi olaraq istifadə etmişlər, oranın təsərrüfat işlərinin aparılmasında iştirak etmişlər. Ona görə də hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq mübahisəli fərdi yaşayış evinə uyğun həmin ərazidə, həmin ölçülərdə və yaşamaq üçün şəraiti olan mənzillərin kirayə haqqı halhazırda 300-350 manat təşkil edir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona və ailə üzvlərinə qanunla nəzərdə tutulmuş qaydada 5 (beş) ilin hər ayına görə bazar qiymətlərini nəzərə almaqla kirayə haqqı 350 manat cəmi 21000 (iyirmi bir min) manat pul vəsaiti ödəməklə onlar mənzildən çıxacaqlar (60 ay x 350 manat = 21000 manat). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmiş, həmçinin qətnamədə qeyd edilmişdir ki, hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən ilkin iddia üzrə cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişlər, şikayətlərini onunla əsaslandırmışlar ki, iddiaçı Məmmədov İddiaçı Təranə Rəhir lağa qızının atasıdır, digər cavabdehlərin isə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 babasıdır. Cavabdeh1 mübahisəli evdə doğulmuş orada böyüyüb boya başa çatmış, orada ailə həyatı qurmuş, orada övladlarında birlikdə yaşayıb istifadə etmişlər. X3 Cavabdeh1 anasıdır. Bütün işləri o, edir və bu kimi iddia qaldıraraq onun və qızlarının istifadə hüququna xitam verilməsini istəyir, hətta iddia ərizəsinidə özü etibarnamə əsasında imzalamışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vüqar Hacıyev apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, cavabdehin özünə məxsus evi yoxdur. Buna görə də onların mübahisəli mənzilə ehtiyyacları var. Onlar mübahisəli mənzilə tez tez gedib-gəlirlər. Bundan başqa birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, əgər cavabdehlərin istifadə hüququ yaranmışdırsa onlara kompensasiya ödənilərək hüquqularına xitam verilə bilərdi. Əgər istifadə hüquqları yaranmamışdırsa da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən iş üzrə icraata xitam verilməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməlirinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə “Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi təmin edilməməli və “hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır.” hissəsində ləğv olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Məmmədova X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Buzovna qəsəbə nümayəndəsinin müavini X18, Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 6 ev 20-də yaşayan X10, Buzovna qəsəbəsi Natavan küçəsi dalan 1 ev 4-də yaşayan X5, Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 19da yaşayan X8 tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, Məmmədova X7 1989-cu ildən qeyd edilən ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Həmçinin Cavabdeh3, Cavabdeh4 Cavabdeh2, X19, X12, X16 ünvan 1 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, X6 “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2033/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən İddiaçı verilmiş xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyatı (414 saylı reyestr kitabının 38790 saylı vərəqində qeydə alınmış) və bu qeydiyyat əsasında xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, iddiaçıX6 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ilk iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 1989-cu ildə X15 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və qayınatasına məxsus olan Buzovna qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh1 övladları olan digər cavabdehlər iddiaçıya məxsus evə köçməmiş və orada yaşamamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2cimaddəsinəəsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının x xxxx 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Kollegiya birinci instanisya məhkəməsinin Cavabdeh1 münasibətdə gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 1989-cu ildən daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyi və 30 ildən artıq iddiaçıya məxsus evdə yaşamadığı üçün həmin evdən istifadə hüququnu itirmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə iddia tələbini digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibtədə təmin etməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh1 övladları olan digər cavabdehlər ilk iddiaçıya məxsus evə köçüb yaşamadıqlarından, bununla da onların bu evdən istifadə hüquqları əmələ gəlmədiyindən, onlara münasibətdə hazırkı tələb mövcud olmayan hüquq barədə olduğundan, ilk iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. ...Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. ...Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin istifadə hüququna malik olmadıqları halda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Bu pozuntunun aradan qaldırılması üçün isə mülkiyyətçi (qarşılıqlı iddia üzrə iddiaçı), cavabdehlərin onun mənzilindən qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq icra hakimiyyət(lər)inə müraciət etməli, daha sonra isə ehtiyac yaranarsa bu orqan(lar)ın hərəkət (hərəkətsizliyi) ilə bağlı məsələləri mübahisələndirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də bu istiqamətdə olmuş, “yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər” qənaətinə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni “Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində ləğv edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamə “Hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır.” hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1284/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1284/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver