Məhkəmə qərarları › İş №2(103)-12843/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12843/2019

16.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12843/2019 16.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, xxxxxxxx katibliyi ilə, İddiaçının nümayəndəsi xxxxxxxx iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı «kredit məbləğinin qaytarılması tələbi»nə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-201/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı «kredit məbləğinin qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-201/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 70.000 manat, faiz borcu üzrə 28.561,99 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 98.591,99 manat məbləğində pulun alınaraq ləğv prosesində olan «xxxxxxxxx» ASC-yə verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kassa məxaric qəbzini və hesabdan çıxarışı təqdim etməmişdir. Halbuki bu sənədlər birbaşa olaraq iddiaçının istinad etdiyi halı sübut edən sənədlərdir. Digər tərəfdən cavabdeh ekspert rəyi ilə tanış edilməmiş, ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (onun nümayəndəsi və vəkili) məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçının nümayənədəsi hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Anar Nəcəf-zadə apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki qətnamə digər hissədə mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdi ki, «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 170/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 16 faiz olmaqla, 70 000 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam həcmdə icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 70 000 manat, kredit müqaviləsinin müddətinin sonuna olan faiz borcu üzrə 5662,22 manat, cəmi 75.662,22 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21794 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2015-ci il tarixə Cavabdeh «xxxxxxxxx» ASC-yə olan borcu əsas borc üzrə 70 000 manat, faiz borcu üzrə 28 561,99 manat məbləğində təşkil edir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri isə formal xarakter daşımaqla yanaşı, iş materialları ilə təkzib olunur. HəmçininCavabdeh Bankla bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə onun tərəfindən edilmiş ödənişlər nəticəsində Banka daha az borcunun yarandığı barədə hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-201/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar