Məhkəmə qərarları › İş №2(103)-1287/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1287/2022

04.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1287/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nüsrəddin İsmayılovun, cavabdehin nümayəndələri Fərid Abdullayev və Nizami Əliyevin iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 5.000 manat tələb olunub. İddia onunla əsaslandırılıb ki, 17.07.2019-cu il tarixdə, saat 09 radələrində Göygöl rayonunun Toğana kəndində yerləşən otlaq sahəsindən keçən 6.000 voltluq elektrik xətti qırılarq yerə düşmüş, nəticədə iddiaçıya məxsus, qiyməti 5.000 manat olan “Holşteyn Friz” cinsli inək elektrik cəryanı vurmasından tələf olmuşdur. Cavabdeh zərərin əvəzini ödəməkdən imtina etmişdir. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 4.000 manat, dövlət rüsumunun əvəzi kimi 7 manat, cəmi 4.007 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı şağıdakıları qeyd edir. İddianın əsası kimi istinad olunan hal sübut olunur. Belə ki, 17.07.2019-cu il tarixli aktdan görünür ki, iddiaçıya məxsus, təqribən 5 yaşında, orta köklükdə olan “Holşteyn Friz” cinsli inəyin cəsədi həddindən artıq köpmüş vəziyyətdədir, yüksək gərginlikli elektrik xəttinin dayağı dəmir borudan ibarətdir, inək dəmir boruya bitişik vəziyyətdədir, inəyin sol ön ətrafında tüklərin zolaq şəkilli yandığı, həmin ərazidə təqribən 25 m uzunluğunda ot örtüyünün yandığı, inəyin yıxıldığı yerdə təqribən 3 m uzunluğunda aliminium məftilin olduğu müəyyən edilmişdir. Həmin akt baytarlıq, polis və icra orqanının, habelə kənd sakinlərinin iştirakı ilə tərtib edilib. Bundan başqa, 20.07.2019-cu il tarixdə kənd sakinləri tərəfindən oxşar məzmunlu akt tərtib olunub. Aktda qeyd olunub ki, yerə düşən yüksək gərginlikli elektrik xəttinin gec bərpa olunması nəticəsində iddiaçıya məxsus heyvan elektrik cəryanı vurmasından tələf olmuşdur. İş materiallarında olan fotoşəkillərdəki təsvir (qırılaraq yerə düşmüş elektrk naqili, yanmış ot örtüyü, onun yanında parçalanmış heyvan cəsədi) heyvanın elektrik cəryanı vurmasından tələf olduğunu təsdiq edir. O cümlədən birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri də bunu təsdiq edir. X1 tərəfindən məhkəməyə verilmiş 26.02.2020-ci il tarixli, 02/20 nömrəli arayışdan görünür ki, iddiaçıya məxsus olan 1 baş “Holşteyn Friz” cinsli, 5 yaşında olan və diri çəkisi 700-750 kq olan inəyin hal-hazırda orta bazar qiyməti 3500-4000 manat təşkil edir. Mülki Məcəllənin 1108.1-ci maddəsindən görünür ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin maddədən görünür ki, yüksək gərginlikli elektrik enerjisindən istifadə edilməsi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət hesab olunur. Hazırkı işdə zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi sübut olnmur. Ona görə də yüksək təhlükə mənbəyinin sahibi – cavabdeh zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, birinci instansiya məhkəməsi maddi zərərin əvəzi kimi 4.000 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilən hissəsi mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar